Axtarış...

'Bizim Ev' Yasamalda KİMİN EVİNİ YIXIR? - İTTİHAM VAR

'Bizim Ev' Yasamalda KİMİN EVİNİ YIXIR? - İTTİHAM VAR

İmişli Mürşüdün “Bizim Ev” MTK-sı Yasamaldakı “Məhsul” stadionunu zəbt edərək 12 mərtəbəli bina tikir... “Bizim Ev” MTK yaşıllıqları məhv edir, sakinlərin başına toz-torpaq uçurdur...
Əsas mövzuya keçməzdən öncə qeyd edək ki, İDMAN artıq dünyada böyük siyasətə çevrilib. Həm də nəzərə almaq lazımdır ki, idman həm də ölkənin, dövlətin tanıdılması, təbliği üçün böyük vasitədir. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan gənc dövlətdir və tanınmağa, təbliğata daha ciddi ehtiyacı var. Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin ( MOK ) prezidenti olarkən, sonra dövlət başçısı kimi Azərbaycan idmanının inkişafı üçün gecə-gündüz çalışır. Və son illər Azərbaycan bayrağını beynəlxalq yarışlarda ucaldan gənclərimizin sayı durmadan artır. Təəssüf ki, bəzi məmurlar isə idman stadionlarını iş adamlarlna, sahibkarlara sataraq milyonlar qazanırlar. İki gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovun məhkəmə prosesi davam etdirilib. Bu işdə zərərçəkənlər Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin məhkəmədə dindirilməsini istəyiblər. Zərəçəkənlərdən biri proses zamanı bildirib ki, Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə külli miqdarda rüşvət veriblər.
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq zamanı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən stadion ərazisininin həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata satılmaq məsələsi müzakirə olunub.
İndi gördünüzmü, cənab Prezident idmanın inkişafı üçün gecə-gündüz çalışır, bəzi məmurlar, deputatlar isə idman stadionlarını iş adamlarına, Mənzil Tikinti Kooperativlərinə ( MTK ) sataraq milyonlar qazanmağa, eyni zamanda vətəndaşların hüquqlarının pozulmasına yol verirlər. Belə tikinti şirkətlərindən biri də İmişlidən olan Mürşüdə məxsus “Bizim Ev” MTK-dır. “Bizim Ev” MTK-nın Yasamal rayonu, 3155-ci məhəllə, Həsənbəy Zərdabi küçəsi, 69b ünvanında tikdiyi bina əslində “Məhsul” stadionunun ərazisini ələ keçirməklə baş tutub, şirkət hətta stadionun soyunub-geyinmə otağını da zəbt edib.
Bütün bunlar azmış kimi “Bizm Ev” MTK, gecə-gündüz, həftənin bütün günləri sakinlərin başına toz-torpaq, sement tozu, palçıq ələyir. İmişli Mürşüdün tikdiyi binanın balkonlarından sakinlərin evlərinin içi, az qala hamamı görünür. Bu rüsvayçılıqdır. Tikintidəki səs-küydən sakinlər gecə-gündüz stress keçirir, nevroz vəziyyətinə düşürlər...
Sakinlərə işgəncə verməyi bir kənara, şirkətin apardığı tikinti prosesində heç bir təhükəsizlik qaydalarına əməl olunmur... Hələ üstəlik şirkət ətrafdakı yaşıllıqları məhv edir. Biz dəfələrlə rəsmi sənədlər əsasında yazmışdıq ki, məhəllə daxilində yüksək mərtəbəli binalar tikilə bilməz. Amma Mürşüd tikir. Bəs görəsən, bu Arxitektura Komitəsi, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət edən qurumu, Şəhər rəhbərliyi hara baxır..?
Ümid edirik ki, idman stadionlarını satanlar, həmin stadionların yerində qanunsuz bina tikənlər həbs olunacaqlar.
Buyurun bu da sakinlərə işgəncə verən obyektin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, 3155-ci məhəllə, Həsənbəy Zərdabi küçəsi, 69b ünvanında 2 girişli çoxmərtəbəli yaşayış binası. Sifarişçi: “Bizim Ev” MTK Dövlət ekspertizasının rəyi: 25693, 17.07.2018 Layihəçi: KARKAS-S MMC lisenziya İNİL-523/2017.05.06.2017 Podratçı: “Bizim Ev” MTK lisenziya EL-118/21.05.2018 Başlanma tarixi: 10.03.2022 Bitmə tarixi: 10.09.2024.
P.S. Növbəti sayımızda oxuyacaqsınız. "Bizim Ev" MTK-nın əsl sahibi kimdir? Bu şirkətlə, Əsabil Qasımovun hansı yaxınlığı var? Elvin Qasımov kimdir? Şirkət nə üçün binadakı mənzilləri çıxarış olmadan satır? "Bizim Ev" MTK-nın sahibi hansı nazirin adını hallandırır?
Gündəlik Bakı
Text-to-Speech

DİNLƏ






Şərh yaz