Axtarış...

"Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi..." - TƏHLÜKƏ YENƏ DƏ QALIR, AMMA...

"Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi..." - TƏHLÜKƏ YENƏ DƏ QALIR, AMMA...

Dənizdə çalışan neftçilər illərdir nəqliyyat probleminin həll edilməməsindən şikayətçidirlər. Neftçilər deyirlər ki, küləkli, fırtınalı, yağışlı günlərdə növbə dəyişə bilmirlər.

İşdən çıxarılma təhlükəsindən adının açıqlanmasını istəməyən neftçilərdən biri Meydan TV-yə danışıb ki, mayın 19-da helikopter bloklararası uçuş edərkən qəzadan son anda yayına biliblər.

“Neftçilərin həyatı nəzərə alınmır, ya helikopter, ya da gəmi nasaz olur. Allahın ümidinə qalmışıq, hər növbə dəyişəndə stress və narahatlığa ürəyimiz dayanmır. Tək çarəmiz bunları bizə yaşadanların eyni hisslər keçirməsinə ümid etməkdir. Bəlkə onda çəkdiklərimizi başa düşərlər”,- neftçi deyib.

Başqa bir neftçi isə bildirib ki, helikopterin nasazlığı səbəbindən təhlükəli vəziyyətin yaranması yeni deyil, bu hal bir neçə dəfə təkrarlanıb.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib ki, bununla bağlı onun rəhbərlik etdiyi təşkilata müraciətlər daxil olub.

“Neftçilər bildiriblər ki, AZE 72 saylı helikopter bloklararası uçuş keçirərkən böyük qəzadan qurtarıb. Saat 11-də 8 saylı özülə eniş-qalxış edib, təxminən 11:10 da 7-ci blokda dayana bilməyib. Mexanik onlara tərpənməməyi, əzilməmək üçün bir yerdən tutmağı məsləhət görüb. Helikopter Pirallahıya gəlib və orada məcburi qəza enişi edib”,- hüquq müdafiəçisi deyib.

Mirvari Qəhrəmanlı deyir ki, neftçilər AZE 72-nin nasaz olduğunu qeyd ediblər:

“Helikopterin neçə dəfə nasaz olduğunu araşdıra bilərlər. Neftçilər deyirlər ki, ötən ilin mayında 5 dəfə helikopterdə nasazlıq baş verib. İyunda da olub. Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi. Faciə baş vermədən tədbir görülməlidir”.

Təşkilat rəhbəri deyib ki, şirkətə şikayət ünvanlayıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz