Axtarış...

Biz təbiəti qorumalıydıq, təbiət özünü bizdən qorumağa çalışır - "Ayıb"ımızı sel yuyur, gün qurudur...


Bu dəfə "ayıb"ımızı sel yudu. Amma sözün həqiqi mənasında...
Göyçayın Qarabaqqal kəndindən paylaşılan videogörüntülərdə daşan sel suyu özü ilə birlikdə "zibil dağı" gətirib. İnsan baxdıqca, dəhşətə gəlir. Elimizin xarakterində pintilik, tənbəllik, sərgərdanlıq olan insanlara biçdiyi qəşəng bir ifadə var - "... quyusu". Bu dəfə o ifadəni üzümüzə özümüz kimi insanlar yox, təbiətin özü vurdu. Dedi ki, "alın bunu, yaxşıdırsa, özünüz yeyin".

...Təbiət, həm də insanın xarakter və mədəniyyətinin aynasıdır. 21-ci əsrdə yaşamağımıza rəğmən, biz hələ də zibili zibilqabına atmağa adət edə bilmirik. Məktəblərdə şagirdlərə təmizliyin, təbiəti qorumağın necə həyati əhəmiyyət daşıdığı nəzəri olaraq öyrədilir, amma o uşaqlar dərs bitib, məktəbdən çıxanda, elə çıxışın yanında içi boş, amma ətrafı zibillərlə dolu zibil konteynerləri ilə rastlaşırlar. Uşaqlar müşahidə olunanda böyüyür, inkişaf edir. Oxuduğumuzdan çox, gördüyümüzə çevrilirik. Buna meylliyik.

Görüntülər elə bil, ilahi mesaj idi; əməllərimizin göstərcisi, nəyə çevrildiyimizin aynası və təbiətə, ilahi nizama necə düşmən kəsildiyimizin əyani sübutu oldu o mənzərə. Təbiəti bilərək özü kimi murdarlayan "insancıq"ları sözün, ifadənin, hissiyyatın ən aşağı və alçaldıcı variantı ilə yad etməyi özümə, bəşəriyyətə və təbiətə borc bilirəm. Çünki hal-hazırda belə mənzərə qarşısında edə biləcəyim ən təsirli yol, bəlkə də budur.

Təbiətə yox, əksinə, özümüzə düşmən kəsilmişik. İllərlə yığılan zibillər yağan bir günlük yağışın yaratdığı sellə düz qapımızın ağzına kimi gəlirsə, bu barədə heç olmasa, 15 dəqiqə oturub düşünməliyik. Bu dilsiz-ağılsız zənn etdiyimiz təbiət özünü yuyub, belə təmizləyirsə, biz niyə üfunətin, çirkin fiziki və mənəvi murdarlığın içində 60-70 il özümüzü təmizləyə bilmirik?! Təbiət təbiət ola bilir, bəs biz niyə "insan" ola bilmirik? Görünür, düzələn deyilik. Ayıbımızı da sadəcə sel yuyub, gün qurudacaqsa...

Mətin Şükürlü, Bizimyol.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz