Bir müddət əvvəl Sabunçu rayon Sabunçu qəsəbəsi "Mədən-4" ərazisində köhnə vaqonda acınacaqlı vəziyyətdə yaşayan ailə barəsində "DogruXeber.az" informasiya agentliyində məlumat dərc etmişdik. Eyni zamanda, ailənin xanımı Şairə Mürsəlova agentliyin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramı ilə bağlantı yaradaraq, problemlərini dilə gətirmişdi.
Xatırlatmaq üçün bildiririk ki, Şairə Mürsəlova həyat yoldaşı Rahim İsgəndərov və 3 azyaşlı övladları ilə yuxarıda qeyd etdiyimiz ərazidə xeyirxah bir insanın onlar üçün satın aldığı köhnə vaqonda yaşayırlar.
Qeyd edək ki, ailənin həmin köhnə vaqonda böyütdüyü ilk övladı hazırda hərbi xidmətdədir. Digər üç azyaşlı uşaqların isə talassemiya daşıyıcısı olduqlarını deyən ana Şairə Mürsəlova Gürcüstan vətəndaşıdır. O, Astara rayon sakini Rahim İsgəndərovla 20 ildir rəsmi nigahda olsa da hələ də Azərbaycan vətəndaşlığı ala bilməyib. Səbəb olaraq isə sənədlərinin arxasınca getməsi üçün maddi durumunun olduqca zəif olduğunu deyir. Eyni zamanda Şairə xanım dializ xəstədir, həyat yoldaşı Rahim İsgəndərov 7 yaşından sonra səhhətində yaranmış ciddi problemlərə görə ağır işlərdə işləyə bilmir.
Bütün bunlara baxmayaraq, ailədə onlardan heç biri pensiya, yaxud digər müavinətlərdən yararlanmırlar. Ailənin yeganə qazanc gətirən övladı hərbi xidmətdə olduğu üçün, ata küçələrdən plastik qablar toplayıb satmaqla gündəlik çörək pulunu qazanır.
Şairə Mürsəlova bildirir ki, Astara rayonunda həyat yoldaşının babasından qalma uzun illər əvvəl palçıq kərpicdən tikilmiş köhnə, uçuq, yaşamağa yararsız bir daxma var, vəssalam. Orada yaşamağa nə bir evləri, nə də bir manat gəlirləri olmadığı üçün Bakıya gəlib, Sabunçu qəsəbəsində uçuq bir dama sığınıb, plastik qablar toplayıb satmaq kimi işlərlə məşğul olmaq məcburiyyətində qalıblar.
Qeyd edək ki, Sabunçu rayon İcra Hakimiyyətinə ailəyə imkanları daxilində kömək etmələrini xahiş etmək üçün redaksiyamız adından rəsmi müraciət göndərdik. İcra Hakimiyyəti ailəyə kömək etmək üçün büdcəsində pul olmadığı cavabını verdi.
Halbuki, Sabunçu rayonunun "hər qarşından sərvət çıxdığı" barəsində dəfələrlə "DogruXeber.az"da məlumatlar dərc etmişdik. "Sərvət" deyərkən, rayonun ərazisində aparılan qanuni, qanunsuz aparılan bütün tikintilər nəzərdə tuturuq.
Qanuni tikintilər apardığımızda belə qapımıza düzülən aidiyyatı qurum nümayəndələrinin ən önündə icra hakimiyyəti işçiləri olduğu yəqin ki, hamımıza tanış səhnədir.
Qanunsuz tikintiyə gəldikdə isə Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə inşa olunan üç mərtəbəli iaşə obyektini, Elşən Mehdiyev küçəsində məişət tullantıları ilə doldurulmuş göl yerində, həmçinin Balaxanıda, Zabrat-1 qəsəbəsində "Yeni məhəllə" adlanan ərazilərdə inşa edilən yaşayış evlərini fotoşəkilləri ilə birlikdə yayımlamışdıq. icra hakimiyyəti Zabrat-1 ərazisindəki evlərin tikintisinin qanuni aparıldığını dedi, amma tikinti aparan yerli sakinlər redaksiyamıza, "burda onsuz da heç kimin sənədi yoxdur" deyə bildirmişdi. Elşən Mehdiyev küçəsi barəsində ümumiyyətlə susan rayon rəhbərliyi, Qambay Vəzirov küçəsindəki tikintinin qanunsuz aparıldığını təsdiq edərək, bu barədə Şəhərsalma və Arxitektura Komitəsinə məlumat verdiklərini demişdi. ARXKOM da sorğumuza cavabında tərəflərindən icra hakimiyyətinə yönləndirildiyini bildirmişdi.
Bir sözlə - neft şirkəti, ARXKOM, Əmlak Məsələləri Dövlət Xidməti, Fövqəladə Hallar Nazirliyi və Sabunçu rayon icra hakimiyyəti Qambay Vəzirov küçəsindəki qanunsuz tikinti barəsində qanuni tədbir görülməsi məsələsini "pas-pas topu" kimi bir-birinə ötürməklə, tikintinin başa çatdırılmasına vaxt qazandırırlar. Deyəsən, bu aidiyyatı qurumların heç biri sözügedən tikintini aparan və insanlar arasında "mən işimi yuxarılarla görürəm" deyə öyündüyü deyilən bu sahibkarla "münasibətini korlamaq" istəmir.
Qeyd edək ki, Şairə Mürsəlova "Kanal14"də canlı yayımda problemini səsləndirdikə agentliyin rəhbəri, eyni zamanda proqramın aparıcısı Kəmal Əsgərov ona Sabunçu rayon İcra Hakimiyyətinə gedib yenidən müraciət etməsini tövsiyyə etdi. Şairə xanım icra hakimiyyətindən zəng edərək, onları qəbul etmədiklərini bildirdikdə, Kamal Əsgərov özü İcra Hakimiyyətində İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurovla telefon əlaqəsi saxlayıb, ailəni qəbul etmələrini və onların problemlərinə dair müvafiq köməklik göstərmələrini xahiş etdi.
Ədalət Teymurov gah elə dinləmədən əvvəl mənə aid deyil, bu başqa şöbəyə aid məsələdir, deyib, tələsik yayınmağa, gah da özünü "şirindil" göstərib, xoşluqla yola verməyə çalışdı. Bunların işə yaramadığını görüncə isə ona aid olmadığını deyib, telefonu söndürdü.
Təəssüflər olsun ki, nəticə etibarilə icra hakimiyyətində vətəndaşa köməklik göstərməkdən imtina etdilər. Gətirdikləri səbəb isə ailə başçısının Astara rayon sakini olmasıdır.
Xanımın sözlərinə görə o, Astara rayon İcra Hakimiyyətinə də müraciət edib və icra başçısı Qəzənfər Ağayev ona yalnız qazi, yaxud şəhid ailələrinə kömək etdiklərini, onlara heç bir kömək edə bilməyəcəklərini deyib.
Astara rayon Ərçivan qəsəbə sakini olduğunu deyən və "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Zeynəb Tağıyeva isə qazi İlkin Tağıyevin anası olduğunu, buvaxta qədər icra hakimiyyətinin onlarla ümumiyyətlə maraqlanmadığını, hətta qəsəbədəki evlərinin yaşamağa yararsız vəziyyətdə olduğunu bildirib. O, İcra Hakimiyyətinə dəfələrlə müraciət etdiyini, başçının müavini İlqar Mayılova evin görüntülərini şəxsən göndərdiyini, lakin bu günə qədər nəinki köməklik göstərilməsi, ümumiyyətlə ona cavab verilmədiyini deyir.
Görünür Qəzənfər Ağayev vətəndaşa, "yalnız, şəhid ailələrinə, qazi və veteranlara köməklik göstərdiklərini" deməklə, əksər məmurların sui-istifadə etdiyi o, "məşhur pafoslu bəhanə"dən vətəndaşı "yola vermək" üçün istifadə edib.
Beləcə, adı çəkilən məmurlar ölkə başçısının tapşırıqlarına zidd olaraq xalqa xidmət etmək yerinə, xalqla dilənçi kimi rəftar edir, onları sözün əsl mənasında "başlarından eləmək" üçün bir-birinə ötürürlər. Nəticədə kiçik problemlər belə vətəndaşları dövlətdən, hakimiyyətdən incik salana qədər böyüyür.
Kim bilir, bəlkə elə onların məqsədi də məhz budur?!...
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az