Məhbubə Musayeva həyat yoldaşı vəfat etdikdən sonra iki qızı ilə tək qalıb və evləri olmadığı üçün bir müddət çadırda yaşamalı olsa da, sonradan Sabunçu Rayonunda məcburi köçkünlər üçün nəzərdə tutulan yataqxanaya sığına bilib.
M.Musayeva əvvəllər aşıq kimi toylara getdiyini, ancaq ehtiyac üzündən sazını satmalı olduğunu deyir.
Əsasən yaşadığı yataqxana otağının şəraitindən gileylənən şikayətçi yeni evlə təmin edilməsini tələb edir.
Bəs görəsən, tənha anaların evlə təmin edilməsilə məşğul olan qurum varmı?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyir ki, komitəyə evlə bağlı müraciətlər çox olur. Onlar isə sözügedən müraciətləri aidiyyatı üzrə icra hakimiyyətlərinə və ya Sosial Müdafiə Nazirliyinə yönləndirirlər.
Yeni ev almaq üçün prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazdığını deyən M.Musayeva şikayətinin Sabunçu Rayon İcra Hakimiyyətinə yönləndirildiyini qeyd edir. Onun sözlərinə görə Sabunçu İH-dən onu evlə təmin etmək üçün maddi imkanlarının olmadığı deyilib.
Sosial işçi Sənubər Məmmədova isə Toplum TV-ə deyir ki, Sosial Xidmətlər Agentliyində bu cür problemlərlə bağlı vətəndaşlarla işləyən komanda var. Bu komanda əsasən müharibə zonasında yaşayan vətəndaşlarla məşğul olur.
55 yaşlı qadın özünü çox çarəsiz hiss etdiyini deyir
Toplum TV