İmişli rayonu, Aranlı kənd sakini Balakişiyev Ceyhun Vaqif oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, "YKT" MMC onun əmək haqqını mənimsəyib:
“Mən, Balakişiyev Ceyhun Vaqif oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Ailəliyəm, 6 yaşında övladım var. 2023-cü il, yanvar ayının 24-də "AGE "MMC şirkətində işə qəbul olundum. Şirkətdə kanalların betonlanması lahiyəsini işləyirdim. Aylıq əmək haqqım 500 manat idi.
2024-cü il, yanvar ayından 2 aylıq əmək haqqım verilmədi. Mən buna etiraz edib, işə çıxmadım. Bildirdim ki, əmrimi verib, işdən çıxarsınlar. Mənə dedilər ki, gəl ərizə yaz, işinə son verək.
Ərizə yazmaq üçün ofisə yaxınlaşdım. Qarşıma boş, yazısız bir kağız qoyub imzalamağımı istədilər. Narazılığımı bildirərək imza atmadım.
Bu hadisənin üstündən hardasa 10 gün keçdikdən sonra, hesabatçıya zəng vurub dedim ki, mənim əmək haqqımı ödəyin, işimədə xitam verin, gedim başqa yerdə işləyim. Bu həftə, gələn həftə - deyə-deyə əmək haqqımı vermədilər.
Hazırda "AGE "MMC-nin adını dəyişərək "YKT" MMC adı ilə fəaliyyət göstərirlər. Salyanda kanalizasiya işi götürüb işləyirlər. Getdim ki, əmək haqqımı verin və yaxud da məni yenidən işə götürün. Dedilər ki, sən bizdən şikayət etmisən, işə götürə bilmərik. Bildirdim ki, 2 aylıq əmək haqqımı verməmisiniz, mən də şikayət etmişəm.
Şirkətin rəhbəri Budaqov İlqar və Qürbətli Fariz adlı şəxslərdir. Mart ayının 12-də Dövlət Müfəttişliyinə də ərizə ilə müraciət etmişəm. Lakin oradanda heç bir xəbər yoxdur. Çarəsiz vəziyyətdə qalmışıq. Yoldaşımın qızıllarını banka qoyduq, ödəniş edə bilmədik, hamısı batdı.
Haqsızlıq baş alıb gedir. Şirkət rəhbərləri istədiklərimi kimi at oynadırlar”.
Məsələ ilə bağlı "YKT" MMC ilə əlaqə saxlaya bilmədik.