Qobustan rayonu, Mərəzə qəsəbəsinin sakini Əliverdiyev Samir İnşallah oğlu tərəfindən Hurriyyət.az saytının redaksiyasına şikayət məktubu gəlib. Şikayətçi iddia edir ki, Qobustan “DOST” İş Mərkəzi heç bir səbəb göstərmədən onu işdən azad edib. Üstəlik, o, işdən çıxarılanda təzminat ödənilmədiyini, məzuniyyət haqqı üçün hesablanan ödənişin ona verilmədiyini bildirir. Vətəndaşın sözlərinə görə, hər il işəgötürənlə onun arasında müqavilə bağlanılıb.
Qeyd edək ki, Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə xitam verilməsi üçün əsaslar var. Tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar, iradəsindən asılı olmayan və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda bu proses həyata keçirilə bilər.
“Nəzərinizə çatdırmaq istəyirəm ki, 2016-cı ildən bəri Qobustan “DOST” İş Mərkəzinin qaz ixracı sektorunda sosial işçi olaraq fəaliyyət göstərirdim. Təmizlik, abadlaşdırma və yaşıllaşdırma işlərinə baxırdım. Aylıq məvacibim 326 manat idi”, - deyən şikayətçinin sözlərinə görə, bu ilin iyun ayında işdən azad etdilər:
“Səbəbini soruşanda heç nə demədilər. Mənimlə yanaşı, 4 nəfəri də işdən çıxardılar. Heç nə anlamıram, niyə belə addım atıblar? Zəhmət çəkib izahını da eləmədilər. Nə “Raşot” pulumu verdilər, nə də “opuska” pulumu. Dedilər, bizdə elə hesab yoxdur.
Üç uşaq atasıyam, səbəb olmadan işdən azad etdilər. Çox çıxılmaz vəziyyətdəyəm. Heç bir gəlir yerim yoxdur. Xahiş edirəm, problemimi işıqlandırıb, mənə kömək edin”.