Martın 8-də Böyük Britaniya məhkəməsi Londonda deputat Cavanşir Feyziyev və həyat yoldaşına məxsus 50 milyon dollar dəyərindəki mülkə həbs qoyulması ilə bağlı qərarı qüvvədə saxlayıb. Məhkəmə Feyziyev və həyat yoldaşının bu mülkləri çirkli pulların yuyulması yolu ilə əldə etdiyinə dair ciddi dəlillərin olduğunu iddia edir.
Feyziyev ailəsinin vəkili həbs qərarının ləğv edilməsi üçün vəsatət təqdim edib, lakin məhkəmə martın 8-də vəsatəti rədd edib. Bu mövzu artıq bir növ adiləşdiyindən məhkəmənin son qərarı mətbuatımızda elə də geniş yer almadı, müzakirə olunmadı...
Feyziyev kimi deputat, yaxud məmur, nazir biznesmenlərimizin sərvətlərinin, maliyyə ehtiyatlarının gerçək miqdarı barədə heç birimizin dolğun məlumatı yoxdur. Çünki bu pullar əksər hallarda “çirklidir” və maliyyə hesabatlarında, vergi sənədlərində və s. əks olunmur. Ona görə də 50 milyonun Feyziyevin sərvətinin “neçədə biri” olduğunu demək mümkün deyil.
Bəlkə də bu məbləğ onun üçün ciddi əhəmiyyət kəsb etmir və bunun ingilislər tərəfindən müsadirə olunması onun heç vecinə də deyil. Ancaq məsələ təkcə maliyyə, biznes məsələsi deyil. İşin mənəvi tərəfini bir yana qoyaq, zatən Azərbaycanda məmurların, deputatların əhəmiyyətli bir qismi utanc hissini çoxdan öz “mənəviyyat menyusu”ndan silib atıblar. Elə Feyziyevin də bu baş verənlərdən xəcalət hissi keçirdiyinə şahidlik edənlər yoxdur. Əksinə, bu adam yerli saytları, jurnalistləri açıq mətnlə təhqir edir, məhkəməyə verir və buna görə ona “gözün üstə qaşın var” deyən yoxdur...
Lakin məsələnin siyasi tərəfi də var axı. “Şöhrət” ordeni daşıyan bu adam Azərbaycan parlamentinin deputatıdır və bu qalmaqal təkcə onun öz şəxsi məsələsi hesab edilə bilməz. Bu gün erməni mətbuatı və Qərbdə Azərbaycana qənim kəsilmiş dairələr Britaniya məhkəməsinin qərarlarını əllərinə alaraq, “züy tutub” çalırlar. Lakin belə görünür ki, Azərbaycanın adı, hörməti çox az adamı maraqlandırır və sonda bütün bu məsələlər “islanmışın yağışdan nə qorxusu” misalına gedib çıxır...
Ümumiyyətlə, istənilən cəmiyyətin, xalqın, hətta dövlətçiliyin evi o vaxt yıxılır ki, ölkədəki məmur elitası ilə biznes elitası birləşir, eyniləşir və bütövləşir. Azərbaycanda uzun müddət “boz kardinal” qismində söz sahibi olmuş Ramiz Mehdiyevin dövründəki bu birlik özünü Ziya Məmmədovdan, Fazil Məmmədovdan, Elman Rüstəmovdan və digərlərindən tutmuş Mehdiyevin özünə qədər bir çox məmurların biznes imperiyalarında göstərdi. Bir çoxları “Mehdiyev dövrü”nün bitməsi ilə bu məmur-biznes oliqarxiyasının da bitəcəyini, ən azından xeyli zəifləyəcəyini gözləyirdi.
Doğrudan da müəyyən zaman kəsiyində Ziya Məmmədovun, Fazil Məmmədovun, Zakir Qaralovun, Eldar Mahmudovun və digərlərinin biznes imperiyaları ya çokdü, ya da “əl dəyişdi”. Yüksək vəzifələrə “qərb təhsilli” daha gənc kadrlar gətirildi. Bəs bununla da biznes mühiti dəyişdimi, şəffaflaşdımı, məmur-oliqarx müdaxiləsindən qurtuldumu?
Təəssüf ki, tam olaraq yox! Yenə də inhisarçılıq, ayrıseçkilik, məmur oliqarxiyasının at oynatması, dövlət qurumlarının yersiz müdaxilələri, süründürməçilik, korrupsiya, vergi və gömrükdəki həm qanunvericilikdən, həm də “qeyri-məmur biznesi”nə ögey münasibətdən qaynaqlanan problemlər, bank vəsaitlərinin əlçatmazlığı, məhkəmələr və s. məsələlər həll olunmamış qalır.
Hələ onu demirik ki, yeni “Qərb təhsilli” nazirlərin, məmurların, deputatların bir çoxunun “biznes həvəsi” əvvəlkilərdən bir o qədər də geri qalmır. Onların da arasında samballı biznesi olanlar az deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Mədəniyyət Nazirliyinə, Rabitə Nazirliyindən Səhiyyə Nazirliyinə qədər ayrı-ayrı nazirliklərin tenderlərinə və bu tenderləri “qazanan” şirkətlərə diqqət yetirmək kifayətdir ki, ümumi mənzərə barədə təsəvvür yaransın...
Ümumiyyətlə, Azərbaycanda 5-6 fağır və “təsadüfi” deputatı çıxsaq, irili-xırdalı öz biznesi olmayan məmur, deputat tapmaq çətindir. Hüquq-mühafizə orqanlarından tutmuş iqtisadi, sosial, hətta mədəniyyət və idman sektoruna qədər əksər dövlət quqrumlarının rəhbərliklərində iri biznesləri olanlar bu gün də var.
Elə Milli Məclisdə də həmin mənzərədir. Parlamentdə iri və əksər hallarda “çirkli” biznesi olan deputat təkcə Cavanşir Feyziyev deyil. Ağalar Vəliyev, Vasif Talıbov, Rüfət Quliyev, Mahir Aslanov, Azər Badamov, Sabir Hacıyev, Cavanşir Paşazadə və sair və ilaxır. Siyahı uzandıqca uzanır. Bu adamların Feyziyevdən yeganə fərqi ondadır ki, onlar daha tədbirli tərpəniblər, varidatlarını daha etibarlı şəkildə yerləşdiriblər və Feyziyev qədər “uzaqlara” getməyiblər. Bir də Feyziyev “dərman biznesi” adı altında bu xalqın cibindən çıxardığı milyonların bir hissəsini ingilislərə yedirtsə də, bunlar özləri yeyirlər. Ancaq millət üçün bunun heç bir fərqi yoxdur...
“AzPolitika.info”