Turantv.az:- Fevralın 15-də yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin 155 ili tamam oldu. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı tarixində jurnalist və publisist olmaqla bərabər, həm də böyük bir dramaturq və nasir kimi tanınır. Cəlil Məmmədquluzadə realist hekayələri (“Poçt qutusu”, “Qurbanəli bəy”), povest (“Danabaş kəndinin əhvalatları”) və dram əsərləri (“Ölülər”, “Dəli yığıncağı”, “Anamın kitabı”) ilə milli ədəbiyyata misilsiz töhfələr verib. “Molla Nəsrəddin” jurnalı (1906) ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
Cəlilabad rayonu 8 avqust 1930-cu ildə Astraxanbazar adı ilə təşkil edilmişdir. 2 iyul 1967-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmışdır.
Tanıtımı: Məmmədquluzadə Cəlil Məmmədqulu oğlu 1866-cı ildə fevralın 22-də Naxçıvan şəhərində doğulmuşdur. İlk təhsilini mollaxanada almışdır. 1882-1887-ci illərdə Qori Müəllimlər Seminariyasında oxumuşdur. Orada A.O.Çernyayevski, D.D.Semyonov, N.N.Novospasski, O.Lomouri, Mirzə Əbdülsəlam Axundzadə, Səfər bəy Vəlibəyov kimi pedaqoqlardan dərs almışdır. Seminariyada oxuduğu müddətdə aktyor kimi də çıxış etmişdir. Uluxanlı, Baş Noraşen və Nehrəm kəndlərində dərs demişdir. İlk qələm təcrübəsi olan «Çay dəstgahı» mənzum dramını Baş Noraşendə işləyərkən qələmə almışdır. Nehrəm kəndində işləyərkən qızları məktəbə cəlb etmiş, diyarşünaslıq muzeyi yaratmışdır.
Nehrəm kəndində yaşayarkən «Kişmiş oyunu» (1892) pyesini, «Danabaş kəndinin əhvalatları» (1894), «Danabaş kəndinin məktəbi» (1896) povestlərini tamamlamışdır. 1895-ci ildə Moskvaya və Peterburqa səfər etmiş, latın əlifbasına keçmək barədə danışıqlar aparmışdır. Nehrəmdə müəllim ikən Həlimə xanım Nağı qızı ilə evlənmiş(1896), ilk övladı Münəvvər xanım dünyaya gəlmişdir.
1897-1903-cü illərdə İrəvanda və Naxçıvanda hüquq orqanlarında işləmişdir. 1903-cü ildə «Poçt qutusu» hekayəsini yazmışdır. 1903-cü ildən Tiflis şəhərində yaşayıb-işləmişdir. Burada «Şərqi-Rus» qəzeti ilə əməkdaşlıq etməklə mətbuata qədəm qoymuşdur. Sonra Ö.F.Nemanzadə ilə birlikdə «Şərqi-Rus» qəzetinin mətbəəsini almış, onu «Qeyrət» mətbəəsi adlandırmışlar. Elə «Poçt qutusu» hekayəsini də 1905-ci ildə «Qeyrət» mətbəəsində kitab şəklində çap etdirmişdir. 1906-cı il 7 (20) apreldə redaktoru olduğu «Molla Nəsrəddin» jurnalını nəşr etdirmişdir. 1907-ci ildə Qarabağ xanlarından tarixçi Əhməd bəy Cavanşirin qızı ziyalı Həmidə xanımla evlənmişdir. Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşir (Məmmədquluzadə) Azərbaycanın ilk maarifçi qadınlarından biri idi. Həmidə xanım xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının (indiki AYB-nin) üzvü olmuşdur.
1920-ci ilin sentyabrından 1921-ci ilin may ayına qədər Təbrizdə yaşamış, «Molla Nəsrəddin» jurnalının 8 sayını burada nəşr etdirmişdir. Onun «Ölülər» əsəri 1921-ci il mayın birində Təbrizdə tamaşaya qoyulmuşdur. 1921-1927-ci illərdə redaktoru olduğu «Yeni yol» qəzeti vasitəsi ilə latın qrafikasının tətbiq olunmasına çalışmışdır. 1926-cı ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyə qəbul olunmuşdur.
1928-ci ildən sovet cəmiyyətinin sərt ideoloji terroruna məruz qalmışdır. Belə ki, 9 aprel 1929-cu il tarixli plenumunda «din əleyhinə oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təşkil etmək» adı altında «Molla Nəsrəddin» jurnalını Mübariz Allahsızlar İttifaqının orqanına çevirmək haqqında qəbul edilmiş qərar baş redaktoru dərindən sarsıtmışdır. O, «milli xırda burjua ədəbiyyatı nümayəndəsi», «cığırdaş», «Azərbaycan dilini korlayan yazıçı» kimi damğalanmışdır. Siyasi təzyiqlərə məruz qalan C.Məmmədquluzadə 1931-ci ildə «Molla Nəsrəddin» jurnalının baş redaktoru vəzifəsindən imtina etmişdir. Ömrünün sonlarında əlyazmalarını sobaya atıb yandırması quruluşa etiraz ifadəsi idi. 1932-ci ildə yanvarın 4-də vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Cəlilabad rayonunda ADPU-nun filialı, peşə liseyi, peşə məktəbi, məktəbəqədər müəssisələr, məktəbdənkənar tərbiyə müəssisələri, orta ümumtəhsil məktəblərii, Təhsil İşçiləri Evi, kitabxanalar, mədəniyyət evləri, klublar, uşaq incəsənət və musiqi məktəbi, Heydər Əliyev mərkəzi, tarix-diyarşünaslıq muzeyi, şəkil qalereyası, mədəniyyət və istirahət parkı fəaliyyət göstərir.
Cəlilabad rayonu Cəlil Məmmədquluzadənin adını daşıdığı müddətdə burada idman qurğuları, Olimpiya İdman Kompleksinin tikilmişdir. Rayonda stadion, şahmat məktəbi yaradılmışdır. Cəlilabad rayonunda 50 tarixi-arxeoloji abidə mövcuddur. Onlardan eneolit dövrünə aid Əlikömtəpə və Mişarçay yaşayış yerləri, eramızdan əvvəl IV minilliyə aid Qurudərə yaşayış yeri, tunc dövrünə aid Yedditəpə kurqanları, eramızdan əvvəl III minilliyə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələr vardır. Əhaliyə şəhər və kənd sahə xəstəxanaları, həkim və tibb məntəqələri, Təcili Tibbi Yardım Stansiyası, Müalicə-diaqnostika mərkəzi tibbi xidmət göstərir.
Yazıçının Cəlilabad rayonunda heykəli ucaldılmışdır. Bu heykəl əvvəllər Cəlilabad şəhərinin girəcəyində qoyulmuşdu. Sonra onu mərkəzə köçürdülər. Daha sonra gətirib rayondakı Ziyalılar Evi deyilən binanın qarşısında qoydular. Cəlil Məmmədquluzadənin yeriyən heykəli hələlik Ziyalılar Evinin qarşısında qərar tutub.
Onu da deyək ki, rayona Cəlil Məmmədquluazdənini adı verildiyi gündən bu yana burada böyük satirikin şərəfinə bircə tədbir keçirilməyib. Belə bir tədbirin keçirilməsinə rayyonun ziyalıları, sayı yüzü ötmüş cəlilabadlı AYB üzvləri səy göstərməli, rayon rəhbərliyi qarşısında bununla bağlı məsələ qaldırmalıdırlar.
Ən acınacaqlı hal ondadır ki, böyük satirik yazıçının adını daşıyan rayonda ADPU-nun filial fəaliyyət göstərdiyi halda burada Cəlil Məmmədquluzadə ilə bağlı bircə tədbir keçirilməyib.
ADPU-nun Şamaxı, Quba, Şəki filialları müntəzəm olaraq müxtəlif elmi konfranslar və seminarlar təşkil edir. Cəlilabad filial isə orta məktəb səviyyəsində belə, bir yığıncaq, tədbir keçirmir və bunu olanlaşdırmır. ADPU rəhbərliyi isə Cəlilabad filialının ali təhsil müəssisəsi kimi deyil, orta məktəb səviyyəsindən də aşağı kriteriyalarla fəaliyyət göstərməsinə göz yumur. Oxşar passivliyi Cəlilabaddda fəaliyyət göstərən tibb kolleci də göstərir. Kollecdə tələbələri məlumatlandıran ədəbi və ictimai tədbirlərin səviyyəsi çox aşağıdır.
ADPU Cəlilabad filial, ironic şəkildə desək, 15 fevralda Cəlil Məmmədquluzadənin 155 illik yubileyini qeyd etməyi qaçırdı.
Bu il iyul ayında rayona Cəlil Məmmədquluzadənin adının verilməsinin 57 ili tamam olur. Bu yubiley tədbirinə hazırlaşan varmı? Ümumiyyətlə, bununla bağlı hər hansı bir tədbir olacaqmı?
Bu möhtəşəm tədbirlərin keçirilməməsinin ilkin səbəbi ADPU Cəlilabad filialında elmi səviyyənin çatışmamasıdır. Filialda cəmi bir neçə elmi dərəcəsi olan şəxs vardır ki, onlar da 0,5 stavka ilə işə cəlb edilmişdir, aparıcı vəzifələri, bölmə, şöbə, seksiya rəhbəri vəzifələrini, hətta dekan vəzifəsini elmi dərəcəsi olmayan bakalavr və magistr səviyyəli təhsili olan kadrlar tutur. Filiala rəhbərlik edən Xudayar Sultanlı isə aqonomdur və elmi işi də aqronomluqla bağlıdır.
Elmi dərəcəsi olan kadrlar yavaş-yavaş ADPU Cəlilabad filialın tərk edirlər, onların yerinə bakalavr səviyyəli qızlar gətirilir. Bu yaxınlarda filologiya üzrə fəlsəfə doktoru Reyhan Dadaşzadə filialdakı dözülməz vəziyyətdən və özbaşınalıqdan baş götürüb getdi. Eşitdiyimizə görə, filialda elmi dərəcəsi olanlara rəhbərlik qısqanclıqla yanaşır və onların haçansa daha yüksək vəzifə tutmaq fikrinə düşmələrindən ehtiyat edirlər.
ADPU rəhbərliyinin bu vəziyyətə göz yumması başadüşülən deyil. Rəhbərliyi maraqlandırmır ki, ADRU-nun özündə və digər filiallarında keçirilən elmi konfranslardan Cəlilabad filialında niyə təşkil olunmur. Ən azından, Cəlil Məmmədquluzadənin adını daşıdıyan rayonda filial bu yubilyarın şərəfinə elmi konfrans keçirməliydi.
Yada saldıq ki, yaddaşınızı silkələyək.
Turantv.az