"Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevin adı gələndə, Axundovun "Hekayəti-xırs quldurbasan” komediyası yada düşür. Amma əsərdə Tarverdi sevgiyə görə oğurluğa göndərilir. Ramin Abdullayev isə dövlət büdcəsini çırpışdırmaqdadır", - mərkəz sədrindən şikayət edən gəncəlilər belə deyirlər.
Onlar deyirlər ki, 200 il üstündən keçsə də, görünür, Axundovun obrazları indi ayrı-ayrı kabinetlərdə, kreslolarda peyda olmaqdadır.
"Adı ictimaiyyətə o qədər də tanış olmayan Ərazi Tikinti Planlaşdırma Mərkəzini kimdən soruşsan, bilməyəcək. Sədri Ramin Abdullayevi də çətin ki tanısınlar. Lakin bu qurum və onun padşah kimi özünü aparan sədri dövlətin pulunu dədə malı kimi xımır-xımır mənimsəməkdədir", - deyə məlumatda qeyd olunur.
Qurum rəhbərindən şikayət edən vətəndaşların video-müraciətindəki faktlar bunu aydın göstərir:
"Deyə bilərsiniz ki, bəs bunu necə bacarır? Faktlar bizdən, dinləmək sizdən. Əvvəla, Ramin Abdullayev gözəgörünməz bir qüvvə kimi ortalıqda dolaşmaqdadır. Onların sözlərinə görə, mərkəz sədri işini elə qurub ki, çox da diqqət cəlb etməsin. Əslində isə vətən müharibəsində zərər çəkmiş ev və obyektlərin bərpasını dövlət üzərinə götürmüş və bu işlərə xərclənməsinə görə milyonlarla maliyyə vəsaiti ayrılıb. Bu işlər də Arxitektura və Şəhərsalma Komitəsinin nəzdində mövcud olan Ərazi Tikinti Planlaşdırma Mərkəzinə tapşırıb.
Amma 4 il keçməsinə baxmayaraq ayrılan milyonların hara getdiyi məlum deyil. Əsas da Gəncə şəhərindəki 700-dən çox zərər görmüş, ya da məhv olmuş tikili hələ də öz aqibətini gözləyir.
Ramin Abdullayev bu işlərə heç bir reaksiya vermir. Bu işlər Ramin Abdullayevin keçirdiyi şifahi tenderlər yolu ilə özünə yaxın olan "Konqo” və "Parlaq” şirkətlərinə həvalə olunub.
Hər iki şirkət üç il ərzində dövlət büdcəsini talan emtəkdən başqa iş görməyib. Bu korrupsiyanın başında Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevin dayandığı bildirilir.
Eyni zamanda, Qarabağda gedən tikinti işlərinin böyük hissəsi Şəhərsalma Arxitektura Komitəsinin nəzdindəki Ərazi Tikinti Planlaşdırma Mərkəzinə həvalə olunub.
Qanuni tender keçirməyən Ramin Abdullayev aparılan bərpa və tikinti işlərini öz havadarlıq etdikləri, ya da qeyri-rəsmi ortağı olduqları şirkətlərə həvalə etməkdən çəkinməyib.
Bütün bunlar göstərir ki, Axundovun qəhrəmanı Ramin Abdullayevdən daha səmimi olub. Əksinə, Mərkəz sədri daha çox Səlim Müslümova, Vilyam Hacıyevə oxşayır. Yəni Mərkəz sədri bu personajların yanına da gedə bilər. Sadəcə, bir araşdırma, bir yoxlama yetər..."(Arqument)