Axtarış...

Kərəm Həsənovun adı hallanan daha bir QALMAQAL - Prezidentə müraciət olundu


Bakı şəhəri, Nizami küçəsi, ev 53, mənzil 41-də yaşayan Amanova Kəmalə Balaş qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Birinci vitse-prezidentin katibliyinin rəisi Altay Məmmədova, İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edən şikayətçi 2015-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi tərəfindən törədilmiş cinayət hadisəsi barədə məlumat verir:

“Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Bildirirəm ki, 1988-ci ildə Bakı şəhəri, Hövsan qəsəbəsi, “İnturist” Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid olan ərazidə tikilmiş 3/1294 nömrəli bağ evini almışam. Bağ evi 1993-cü ildən istifadəmdədir. 2005-ci ildən isə evi özəlləşdirmişəm.

Sözügedən Bağ evinə Bakı şəhəri İcra Hakimiyyətinin Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən BM seriyalı, 002771 №li QEYDİYYAT VƏSİQƏSİ (kupça) verilmişdir.

Xüsusi mülkiyyətimdə olan bağ evinə dair bütün hüquqverici və təsdiqedici sənədlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində saxlanılır(Kupçanı və bütün hüquqverici və təsdiqedici sənədləri əlavə edirəm).

Yaxın keçmişdə məlum olmuşdur ki, istifadəmdə və xüsusi mülkiyyətimdə olan sözügedən bağ evimin altındaki torpaq sahəsi 2015-ci ildə qanunsuz olaraq, başqa bir şəxsin adına özgəninkiləşdirilmişdir. O dövrdə Əmlak Məsələri Dövlət Komitəsinin sədri Kərəm Həsənov olmuşdur. Bu cinayət həmin vaxt ƏMDK-nin rəhbərliyndə yer alan və hal-hazırda da ƏMDX-nin sədr müavini vəzifəsində işləyən Rüstəm Şahbazov tərəfindən törədilmişdir.

Xüsusilə vurğulamaq istəyirəm ki, Rüstəm Şahbazov bir qrup qanunsuz quruplaşmalarla qabaqcadan əlbir olaraq, törədilmiş və başa çatdırılmış bu cinayətin üstünü ört-basdır etmək və izi itirmək məqsədilə, sonradan həmin torpağa dair bir neçə dəfə özgəninkiləşdirmə əməliyyatı aparmışdır.

Bir daha qeyd edirəm ki, bu cinayət o dövrdə Əmlak Məsələləri Dövlət Komitəsində sədr müavini vəzifəsində işləyən Rüstəm Şahbazovun rəhbərliyi və təşkilatçılığı altında törədilmişdir. Dəhşətlisi odur ki, Rüstəm Şahbazov hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin sədr müavini vəzifəsində işlədiyi üçün, bu cinayətin üstünün açılmasına imkan vermir.

Torpaq İslahatı Haqqında Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin tələblərində bildirilir:

Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi zamanı vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

Qanunvericiliklə müəyyən olunmuş qaydada bağ evimin altında olan torpaq əvvəzsiz olaraq mənim mülkiyyətimə verilməli olduğu halda, o dövrdəki Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi - sədr müavini Rüstəm Şahbazov vəzifəsindən sui-istifadə edərək və vəzifə səlahiyyətlərinin hüdudlarından kənara çıxaraq, bir qrup qanunsuz qruplaşmalarla əlbir olub, mənim bağ evimin altındakı törpağı özgəninkiləşdirmiş və törətdikləri cinayətin üstünün gələcəkdə açılmaması üçün tez-tez digər şəxslərin adına özgəninkiləşdirmə əməliyyatı həyata keçirmişdir.

Bu faktları İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sədr müavini Rüstəm Şahbazovun, Azərbaycan Respublikasının Nazirlər Kobinetinin 22.11.2023-cü il tarixli, 3-21/1-A-7443-8/2023 saylı və 04.12.2023-cı il tarixli 3-21/2-A-7443/2-8/2023 saylı nömrələrlə İqtisadiyyat Nazirliyində qeydiyyata alınmış məktublarına verdiyi, 09 fevral 2024-cü il tarixli 3-21-3/2-A-1340/02-8/2023 nömrəli cavab məktub ilə təsdiq etmişdir. Belə ki, bağ evinin altında olan torpaq sahəsinin başqa-başqa şəxslərin adına özgəninkiləşdirildiyini bildirmişdir(Subut üçün məktubun ksersurətini əlavə edirəm).

Məlum məsələdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin sədr müavini Rüstəm Şahbazov 30 ildən artıq mənim istifadəmdə və xüsusi mülkiyyətimdə olan bağ evinin altındakı torpağı ancaq maddi maraqları naminə, aldığı külli miqdarda rüşvətin müqabilində özgəninkiləşdirmişdir.

Yuxarıda qeyd etdiklərimi nəzərə alıb, mənə məxsus, xüsusi mülkiyyətimdə olan bağ evinin altındakı törpağın satılması faktı ilə bağlı, vəzifəsindən sui-istifadə edərək, vəzifə səlahiyyətlərinin hüdudlarından kənara çıxaraq, maddi maraqlarının təmin olunması müqabilində, bir qrup qanunsuz qruplaşmalarla əlbir olub, bu cinayəti törətmiş Rüstəm Şahbazovun və diğərlərinin qanun qarşısında cəzalandırılmaları üçün aidiyyəti qurumlara göstəriş verməyinizi və bu işi sona qədər nəzarətinizdə saxlamağınızi Sizlərdən xahiş edirəm.

Onu da qeyd edim ki, bu günə kimi sözügedən məsələ ilə əlaqədar bütün aidiyyəti dövlət qurumlarına müraciət etsəm də, heç bir tədbir görülməmişdir.

Qabaqcadan öz minnətdarlığımızı bildirirəm”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz