“Əgər bu gün məmurlar və onların himayədarlıq etikləri “Ana Kür” MTK-nın rəhbərləri kimiləri ilk öncə Azərbaycan Respublikasının qanunlarına, daha sonra Prezident Administrasıyasının, Birinci vitse-prezidentin katibliyinin nəzarət məktublarına məhəl qoymurlarsa, yumşaq desək veclərinə almırlarsa, biz kiçik sahibkarlar kimik?!”
Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami küçəsi 53, mənzil 41-də yaşayan Abdullayev Böyükağa Abdulla oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçinin problemi ilə bağlı dəyərli oxucularımızın yetərincə məlumatı var. Öz haqqı uğrunda uzun zamandır ardıcıl mübarizə aparan B.Abdullayev inanır ki, tezliklə onun əmlakını ələ keçirən şəxslər və onları himayə edən məmurlar hüquq qarşısında cavab verəcəklər.
Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Bildirirəm ki, neçə illər bundan öncə aidiyyəti qurumların rəsmi icazəsi əsasında dişimiz-dırnağımızla tikib başa çatdırdığımız əmlakımız - mağazamız, günün-gündüz çağında “Ana Kür” MTK-nin rəhbərliyi və MTK-nın pərdəarxası himayədarları tərəfindən zəbt edilmiş və əmlakımızı məhv edib, yerində bina tikməyə başlamışlar.
Bir sözlə, Prezidentimizin bütün fəaliyyəti müddətində kiçik sahibkarların inkişafı ilə bağlı mütəmadi tapşırıqlar və tövsiyələr verməsinə baxmayaraq, vəzifəsindən sui-istifadə edən məmurların, icra başçılarının, himayədarlıqla məşğul olan harınlaşmış məmurların korrupsiya faktları ilə bağlı həbslərə atılmasına məhəl qoymayan məmurlar tərəfindən əmlakımız əlimizdən alınmışdır. Hələ də bəzi-bəzi məmurlar dolayısı ilə yaratdıqları və arxalarında durduqları qanunsuz fəaliyyətlə məşğul olan, qanuna zidd hərəkətlər edən MTK-lar vəsitəsilə korrupsiya fəaliyyəti ilə məşğul olurlar.
Həmin məmurlara elə gəlir ki, tutduqları çirkin əməllərindən özlərindən başqa heç kimin xəbəri yoxdur. Fikirləşmirlər ki, “başlarını kola soxublar, arxalarından xalqın xəbəri vardır”. Şübhəsiz, xalqın xəbəri olan və məmurların xalqa qarşı törədilən hər bir qanunsuz hərəkətlərindən isə Prezidentin geci-tezi xəbəri olmuşdur və olacaqdır.
Bu gün mənə və mənim kimi on minlərlə kiçik sahibkara zülm edib, əmlakını zəbt edən, öldürtdürəcəyi və həbslərə atdıracaqları ilə hədələyən, vətəndaşları əmlak hüquqlarından məhrum edən, küçələrə salan, respublikada hər vəchlə iğtişaş yaradan, insalları dövlətdən, prezidentdən narazı salan MTK-ların arxasında kimlərin durduğu isə heç də sirr deyil. Lakin çox təəssüf ki, hazırda prezidentin portretini başının üstündən, sağdan və soldan asıb, üzdə yaltaqlanan, arxada “bu gün varam, sabah yoxam” deyərək bir ayağını qaçaq tutan, tutduğu-törətdikləri əməllərin üstünün açılmaması üçün dövlətdə tezliklə aranın qatışmasını istəyən qüvvələrin ölkə başçısı tərəfindən zaman-zaman cəzalandırılmasına və millətin gözü qabağında ifşa edilməsinə baxmayaraq, həmin məmurlar və arxalarında durduqları MTK-lar bu gün də vardır.
Həmin MTK-lardan biri də hələ fəaliyyətdə olan və qanunazidd işlərlə məşğul ola “Ana Kür” MTK-dır. Hansı ki, həmin MTK-nın mənim əmlakımı qanunsuz olaraq zəbt etməsi, uçurub yerində bina tikməsi barədə butün dövlət strukturları məlumatlıdır. Müəyyən qurumların verdikləri cavab məktubundan da görsənir ki, 21 ildən sonra mənim kimi kiçik sahibkarın əmlakını zorla zəbt edib, hədə-qorxu gələrək əlindən almış MTK-nın rəhbərliyinin və onlara himayədarlıq edənlən məmurların insanlıqları ən aşağı həddidir.
Çox təəssüflər olsun ki, həmin qurumlar köməklik göstərmək səlahiyyətlərinin olmadığını və Prezidentə də məlumat verə bilmədiklərini üstüörtülü bildirirlər: “Açaram cinayətinin üstünü, açarlar cinayətimin üstünü tendesiyası ilə işləyirlər”.
Dövlət qurumları bu məsələni bu günə kimi bir-birlərinin üstünə atmalarına, Prezident Administrasiyasının 14.06.2021 – ci il tarixli 22/A-3247/4-130 nömrəli nəzarət məktubuna məhəl qoymamalarına, cavab xatirinə cavab vermələrinə, məsələnin ədalətli həll edilməsi ilə bağlı təşəbbüs göstərməmələrinə, qanunların aliliyinə məhəl qoymamalarına baxmayaraq, Birinci vitse-prezidentin katibliyi tərəfindən bu məsələ bir daha nəzarətə götürülmüşdür.
Belə ki, Birinci vitse-prezidentin katibliyinin 4/I- 1268 saylı, 17.08.2021-ci il tarixli nəzarət məktubu, 19.08.2021-ci il tarixdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qəbul edilərək, 20.08.2021-ci il tarixli, VM-01-AP/Kol—103 / 4-2021-1324 saylı məktubla tabeçiliyində olan Memarlıq və Şəhərsalma baş idarəsinə göndərilmişdir. Memarlıq və Şəhərsalma Baş İdarəsinin sözçüsünün dediyinə görə, mağazanın “Ana Kür” MTK tərəfindən qanunsuz olaraq zəbt edilməsi məsələsinə komitə sədri Anar Quliyevin və rəis Rüfət Mahmudun şəxsən rəhbərliyi altında baxılmaqdadır. “Ana Kür” MTK-nın arxasında duran məmurların dövlət Şəhərsalma və Arxtektura Komitəsinin sədri Anar Quliyevi və Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rüfət Mahmudovu yerində susdurulacağı və Birinci vitse-prezidentin nəzarət məktubuna güc gəlib arxivə göndərəcəkləri məsələsini qabaqcadan demək və bu barədə yazmaq hələlik tezdir.
Əgər bu gün məmurlar və onların himayədarlıq etikləri “Ana Kür” MTK-nın rəhbərləri kimiləri ilk öncə Azərbaycan Respublikasının qanunlarına, daha sonra Prezident Administrasıyasının, Birinci vitse-prezidentin katibliyinin nəzarət məktublarına məhəl qoymurlarsa, yumşaq desək veclərinə almırlarsa, biz kiçik sahibkarlar kimik?!
Bizə ancaq ədalətin nə vaxt bərqərar ediləcəyini gozləmək qalıb.
Bütün bunlara baxmayaraq, ailəmiz adından və öz adımdan Prezident Administrasiyasının rəhbərliyinə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və onun katibliyinə öz minnətdarlığımızı bildiririk”.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//