Axtarış...

Təzə də bəhanə tapılıb: evlər qəzalıymış... - ÖZBAŞINALIQ!

Təzə də bəhanə tapılıb: evlər qəzalıymış... - ÖZBAŞINALIQ!

Paytaxtın Yasamal rayonunun “Kubinka” kimi tanınan ərazisində bir ildən çoxdur ciddi söküntü işləri aparılır. Söküntü işləri başa çatandan sonra burada çox mərtəbəli yaşayış binaları tikiləcək. Bundan başqa, ərazidə məktəb, park və stadion salınması da planlaşdırılır. Prosesdə bir neçə şirkətin adı hallanır. İşlər heç də qaydasında getmir. Sakinlər çox pis şərtlərlə üz-üzə qaldıqlarını deyirlər.
Dia-az.info xəbər verir ki, Əlibaba Abdullayev küçəsində evləri hasara alıblar. Söküntünü “RR Construction” şirkəti həyata keçirir. Sökülən evlərin yerində “İmperial Rezidence” salınacaq. Sakinlər şərtlərlə razı deyil. Evlərini tərk etməyənlər söküntü işlərini aparanların yaşayış yerlərini bilərəkdən zədələdiyini dilə gətirir.

Sakinlərdən Sevinc Rəhimova deyir ki, işıq tez-tez kəsilir, qaz boruları sıradan çıxarılıb. Arif Əliyev söküntü həyata keçirən şirkətin ərazidə qəzalı evlərin çox olmasını bəhanə gətirdiyini bildirir: “Qəzalı ev varsa da, çox azdır. Həmin evlərin sakinləri hamıdan əvvəl gediblər. Amma qalan evləri belə zədələmək olmaz axı”.

Təzəgül Həsənovanın yaşadığı evi məhz söküntü aparanlar zədələyiblər. Damda yaranan boşluqdan səmanı görmək olur.

“RR Construction”un şərtləri belədir ki, sakinlər evlərini tərk etsin, kirayə mənzillərdə yerləşsinlər. Bina hazır olandan sonra yeni mənzillərə köçə bilərlər. Sakinlər şirkətin vədlərinə inanmır. Deyirlər ki, şirkətin əməkdaşlarından biri rəhbərliyin vədlərinə inanmamağı tövsiyə edib. Buna görə də ümumi etimadsızlıq yaranıb. Sakinlər hesab edir ki, evlərini tərk edib kirayəyə üz tutmaq böyük riskdir. Yəni sonradan yeni mənzillərə qovuşmaya bilərlər.

“RR Construction”un rəhbəri Rafael Abdullayev deyir ki, sakinlərə bazar qiymətinə uyğun təklif verilib. Söhbət hər kvadratmetrə 2 min manat təklif olunmasından gedir. Rafael Abdullayev iddia edir ki, heç kimin evi zədələnməyib.

Əlibəy Hüseynzadə küçəsində də bənzər situasiyadır. Söküntü işləri səliqəsiz aparılır. Evlərini tərk etməyənlər bundan zərər görür. Təklif olunan məbləğ çox aşağıdır. Söküntü işləri aparan şirkət evin hər kvadratmetrinə görə 1900 manat verə biləcəyini deyir.

“Kubinka” ərazisi şəhərin mərkəz yerlərindən sayılır. Şirkətlər sakinlərə qəpik-quruş təklif edir. “Kubinka”nın Qış parkına uzanan küçələrində yeni binalar salınıb, təmirsiz mənzillərin kvadratmetri 2700 manatdan aşağı satılmır. İnsanlar illərlə şəhərin mərkəzində yaşayıblar. İndi onları isti ocaqlarından çıxarıb qeyri-müəyyən vəziyyətə salırlar.

Kvadratmetrə görə ödənilən 1900-2000 manata harada mənzil almaq olar?
Hansı bazar qiymətindən söhbət gedir?
İnsanların mülkiyyət hüququna bu qədər hörmətsizlik etmək olmaz.

Təzə bəhanə də tapılıb: evlər qəzalıymış. Sakinlərin evlərini dəyərsiz etmək cəhdindən başqa bir şey deyil.

Birincisi, insanları narazı salmadan, evlərini zədələmədən köçürmək lazımdır. İkincisi, həm də ən vacibi onları maddi müstəvidə razı salmaqdır. Təkliflər çox aşağıdır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz