Məlum olduğu kimi, neçə müddətdir “RR Constructions” MTK tərəfindən Bakının “Kubinka” kimi tanınan hissəsində yeni yaşayış kompleksinin tikiləcəyi deyilir.
Plana görə, layihə 8 küçəni əhatə edən təxminən 6 hektarlıq ərazidə həyata keçiriləcək. Ərazidəki istismara yararsız evlərin yerində yeni “İmperial Residence” inşa olunacaq. 173 min kvadrat metr ərazini əhatə edəcək yeni yaşayış kompleksi 11 binadan ibarət olacaq.
Bunlar hamısı gözəldir... Amma gözəl olmayanı isə odur ki, belə bir planın icrası tapşırılan “RR Constructions” MTK-nın rəhbəri Rafael Abdullayev cənabları evləri plana düşən sakinləri razı salmaq əvəzinə, onlara qarşı az qala bir kampaniya da başladıb. Sakinlər DİA.AZ-a bildiriblər ki, “RR Constructions” MTK-nın rəhbəri Rafael Abdullayev şəxsən onların şikayətini işıqlandıran telekanalları da susdurduğundan bu gün haqq səslərini eşitdirə bilmirər.
Sakinlər DİA.AZ-a danışır: "Rafael Abdullayev bir zamanlar Nərimanov İcra hakimiyyətində işləyib. Onu oradan qovudblar. Sonradan Rusiyaya gedib və birdən-birə gəlib Azərbaycanda peyda olub. Bəxtimizə bir qara ləkə kimi düşüb.
Bu gün 81 ailə olaraq bizlər “RR Constructions” MTK-nın rəhbəri Rafael Abdullayevdən şikayətçidir. Onun hədələrindən yorulmuşuq".
Qeyd edək ki, DİA.AZ olaraq narazı vətəndaşların problemi ilə bağlı daha geniş reportajımızı təqdim edəcəyik. Bizi izləməyə davam edin.
Məsələ ilə bağlı qarşı tərərfin də mövqeyini işıqlandırmağa hazırıq...