Abşeron rayonu, Masazır qəsəbəsi, S.Rüstəm küçəsi, ev 36-da yaşayan Ağayev Əfrazi Sabir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, “Günay Sığorta” ona dəymiş ziyanı ödəmir:
“Yazaraq bildirirəm ki, 2011-ci ildə Dövlət İpoteka Fondu vasitəsi ilə Abşeron rayonu, Masazır qəsəbəsi, S.Rüstəm küçəsi, ev 36 ünvanında ev almışam və bu illər ərzində sığorta haqqı ödəmişəm.
2023-cü ildə ölkə ərazisində baş vermiş zəlzələdən sonra evimin istinad divarlarında çatlar əmələ gəlmiş və qəzalı vəziyyətə düşmüşdür. Mən bu barədə 2023-cü ilin iyul ayında “Günay Sığorta” şirkətinə müraciət etmişəm. Sığorta şirkəti tərəfindən göndərilən nümayəndə evimin qəzalı olmasını təsdiq etsə də, şirkət bütün qaydaları pozaraq müqaviləyə zidd şəkildə ödənişdən imtina etmişdir.
Mən əlavə olaraq bu barədə işin yenidən araşdırılması üçün Mərkəzi Banka onlayn qaydada müraciət etdim. Müvafiq orqandan söylədilər ki, Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin rəyi alınandan sonra, bu haqda tədbir görüləcək.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyi tərəfindən araşdırılma aparılmış və müəyyən olunmuşdur ki, torpaq çökməsi nəticəsində tikilinin istinad divarlarında və hasar hissəsində müxtəlif istiqamətlərdə çatlar əmələ gəlmiş və deformasiya qeydə alınmış, nəticədə ev qəzalı vəziyyətə düşmüşdür.
“Günay Sığorta” şirkəti ilə bağlanmış Pİ0285/20 saylı müqavilənin bəndində aşkar şəkildə göstərilən “torpaq sürüşməsi və digər hallar” sözü qeyd olunmuşdur. Ancaq, nədənsə, şirkət rəhbərliyi əsassız olaraq yenədə ödənişdən imtina edir. Ləğvetmə Komissiyasının sədri Əkrəm Həsənov nə üçün anlamaq istəmir ki, torpaq sürüşməsə, ev çökə bilməz. Nəyə görə hansısa, kimə məxsus olduğu bilinməyən və bəlkə də özlərinə məxsus olduğu “Artcoon” MMC-nin rəyi əsas götürülür?! Ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi rəyi heçə sayırlar. “Günay Sığorta” rəhbərliyinin məqsədi nədir, anlamıram.
Halbuki, “Artcoon” MMC-nin verdiyi rəy də ehtimallara əsaslanır, heç bir dəqiq sübut göstərmir. Bununla da verdiyi rəyin heç bir hüquqi təsiri olmadığını özü sübut edir.
Maraqlıdır ki, Mərkəzi Banka müraciət etməyimə baxmayaraq, onlar belə, bu haqsızlığa son qoya bilmədilər. Halbuki sığorta şirkətlərin hamısı Mərkəzi Bank tərəfindən idarə və nəzarət olunur.
Mən Qarabağ müharibəsi iştirakçısıyam, 20 il vətənimizə və dövlətimizə qulluq etmişəm. Hazırda təqaüdçüyəm. Həyat yoldaşım 2-ci qrup xərçəng xəstəsidir, 2 övladım isə tələbədir. Çökmə nəticəsində evimiz qəzalı vəziyyətə düşüb və yaşayış üçün risklidir. Mən hal-hazırda ailəmlə İpoteka Fonduna pul ödəyərək, qəzalı evdə yaşayıram.
Mənə maraqlıdır, “Günay sığorta” şirkətinin rəhbərliyi kimə və nəyə güvənərək Azərbaycan Respublikasının qanunların kobud sürətdə pozur? Biz vətəndaşlardan yığılan pullar hesabına özləri cah-cəlal içərisində yaşasalar da, vətəndaşlara hər hansı ziyan dəyəndə onların zərərini qarşılamaq istəmirlər. Halbuki həmin pullar mənim kimi vətəndaşlardan yığılır.
Xahiş edirəm ki, “Günay Sığorta” şirkətinin etdiyi bu haqsızlığı və özbaşınalığı ictimaiyyətə çatdırasınız, bəlkə insafa gəlib, ödəniş edələr”.
Məsələ ilə bağlı “Günay Sığorta” ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.