Şəhid övladı olan Əliyeva Sevil Gülalı qızının avtomobilinə dəymiş zərəri "Atəşkəs sığorta" şirkəti qarşılamaqdan boyun qaçırır. Bu barədə Anaxeber.info-ya edilən müraciətdə bildirilib ki, S.Əliyeva İsmayıllı-Lahıc yolunda avtomobili kənarda saxlayıb, şəkillər çəkərkən maşının damına daş düşüb, nəticədə avtomobilə ziyan dəyib. Bununla əlaqədar 102 xidmətinə müraciət olunub və çox keçməmiş məsələ İsmayıllı Dövlət Yol Polisinə yönləndirilib. İsmayıllı DYP-yə dəvət olunan sürücü alkotestdən keçib, müraciəti dinlənilib. Sürücü bildirib ki, maşının damına daş düşüb və zərər dəyib. Vətəndaş ərizə yazdıqdan sonra iş sığorta şirkətinə yönəldilib. Lakin "Atəşkəs sığorta" indiyə qədər nə dəymiş zərəri ödəyir, nə təmir etdirir. Vətəndaş bildirir ki, hər il sığorta üçün ödəniş olunur, amma dəymiş zərəri qarşılamağa gələndə şirkət müxtəlif bəhanələrlə yayınır. Qeyd edək ki, şəhid qızı olan vətəndaşın bu şəkildə süründülməsi sığorta firmasının özbaşınalığından xəbər verir. Şirkət dəymiş zərəri qısa zamanda hesablamalı və ödəniş etməliydi.