Azərbaycanda dövlət qurumlarının “maraqlı” xərclərindən biri də icarəyə götürdükləri tikililərin icarə haqlarıdır. Belə ki, bu binaların sahiblərinin kimliyi bir çox hallarda maraq doğurur. Çünki çox zaman həmin bina sahiblərinin gerçək kimliyi ayrı-ayrı iri məmurlara və onalrın çevrələrinə gedib çıxır.
Belə obyektlərin tikilib dövlət qurumlarına olduqca baha qiymətə icarəyə verilməsi Azərbaycanda çoxdan bəri məmur-biznesmenlərin qazanc yerinə çevrilib. Bu zaman əlbəttə ki, onların şəxsi əlaqələri və imkanları, eləcə də “əl əli yuyar, əl də üzü” prinsipi əhəmiyyətli rol oyanyır...
“AzPolitika.info” xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Qeyri-yaşayış sahəsinin icarəsi” tenderinin nəticələrini elan edib.
Tenderin qalibi Emil Vidadi Oğlu Orucov adlı fiziki şəxsdir. Müqaviləyə əsasən dövlət qurumu bu şəxsin cəmi 2.000 kvadrat metrlik qeyri-yaşayış sahəsini 320 min manata icarəyə götürüb. Müqavilə həmin sahənin 12 aylıq icarəsini nəzərdə tutur. Söhbətin konkret olaraq, hansı ünvandan getdiyi göstərilmir. Ancaq məlum olan odur ki, sözügedən qurumun şöbələrinin heç biri şəhərin mərkəzində yerləşmir. Bu baxımdan 2.000 kvadrata 320 min icarə haqqı ödənilməsi kifayət qədər baha olmaqla “təəccüblü” görünür...
Sözügedən binanı icarəyə verən E.Orucovun ad və soyadı, necə deyərlər, “heç nə demir”. Ancaq Azərbaycanda hökm sürən “tender siyasəti” və bu icarə haqqının məbləği müəyyən nəticələr çıxarmağa əsas verə bilər...
Xatırladaq ki, el arasında “VTEK” kimi tanınan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərir. Agentliyin rəhbəri 2021-ci ildən başlayaraq, Anar Bayramovdur. O, bundan əvvəl nazir Sahil Babayevin müşaviri olub. Ümumilikdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünün aldığı elektron xidmətlər də daxil olmaqla, “mükəmməl” tenderləri ilə həmişə xüsusi seçilib...