Mülki iş üzrə iddiaçı Aslanov Anar Yurik oğlunun nümayəndəsi və vəkili Yusif Allahverdiyev Sabunçu rayon məhkəməsinin hakimi Nilufər Cəfərlidın şikayətçidir.
Gununsesi.info-nun xəbərinə görə, Məhkəmə Hüquq Şurasına müraciət edən vəkil bildirib ki, iddiaçı Aslanov Anar Yurik oğlu cavabdeh Oqneva Raisa Nikolayevnaya qarşı “payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib.
Müraciətində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, ev 19, mənzil 15 ünvanında yerləşən mənzilin natura ilə bölünməsi və iddiaçı Aslanov Anar Yurik oğlunun ½ hissədə payının naturada təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
Vəkil bildirib ki, işə baxan məhkəmə tərkibi tərəfindən qərəzli olaraq mübahisənin uzadılması məqsədi ilə mülki prosessual qanunvericiliyinin tələblərini pozulması ilə müşahidə olunan silsilə pozuntulara yol verilib, məhkəmə iclaslarında diqqətinə çatdırılmasına baxmayaraq izah olunan xüsuslar nəzərə alınmamış və nəticədə iddia ərizəsinin məhkəməyə daxil olduğu 08.06.2022-ci il tarixindən etibarən hələ də iş üzrə yekun məhkəmə aktı qəbul edilməyib.
Belə ki, ilkin olaraq məhkəmənin 16.09.2022-ci il tarixli, e-2(008)-4506/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, qərardadın iş materialları ilə birlikdə ekspertizanı həyata keçirən orqana göndərilməsi ancaq 22.12.2022-ci il tarixində mümkün olub.
Vəkil şikayətində qeyd edib ki, bundan sonra isə ekspertizanı həyata keçirən qurum tərəfindən 06.01.2023-cü il tarixində məhkəməyə vəsatət təqdim olunaraq tədqiqat obyektinə baxış keçirilməsinin vaxtının 10.02.2023-cü il tarixinə təyin edilməsi xahiş olunb, bu vəsatət məhkəməyə 23.01.2023-cü il tarixində daxil olunub.
“Lakin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.2-ci maddəsində ekspertizanın aparılmasının bu Məcəllənin 101.1-ci maddəsində göstərilən müddətlərdə təmin etmək mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən əsaslandırılmış səbəblər göstərilməklə bu barədə məhkəməyə dərhal məlumat verilməsi qaydası müəyyən edilsə də, bu qaydaya riayət olunmamış, məhkəmə tərəfindən də bu pozuntu ilə bağlı heç bir münasibət bildirilməmişdir. Bundan sonra isə ekspert rəyi yalnız 14.03.2023-cü il tarixində çıxarılmış və beləliklə, yol verilmiş pozuntulara görə ekseprtizanın həyata keçirilməsi 6 aya yaxın vaxt almışdır”.
Vəkilin sözlərinə görə, bundan sonra məhkəmə icraatı yenilənib və məhkəmənin 25.04.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin olunub. “Bu dəfə isə ekspertizanın təyin olunması barədə qərardad və iş materialları ekspertizanı həyata keçirən orqana 02.06.2023-cü ildə göndərilmiş, iş üzrə ekspert rəyi isə 24.11.2023-cü il tarixində çıxarılmış və məhkəmənin 08.12.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə icraatı təzələnmişdir. Beləliklə təkrar ekspertizanın keçirilməsi 7 aya yaxın vaxt almışdır. İşin gedişində 16.01.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclası işə əhəmiyyəti olan halları əlavə olaraq aydınlaşdırmağın zəruri olduğu əsası ilə məhkəmə icraatı yenidən təzələnmiş və 08.02.2024-cü il tarixinə yeni məhkəmə iclası təyin olunmuş, bu sonuncu iclasda isə bunun üçün əsaslarının mövcud olmaması, əvvəl təyin edilmiş ekspertizaların nəticələrinin eyniliyi izah olunaraq bunun süni surətdə uzadılan məhkəmə prosesinin daha da uzadılmasına səbəb olacağı bildirilsə də, yenə də məhkəmə tərəfindən eyni yarıtmaz mövqe nümayiş olunmuş və komisyon ekspertiza təyin edilmişdir”.
O qeyd edib ki, məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 172-ci maddəsində işə baxılması və qətnamə çıxarılması üçün göstərilmiş müddətlərə riayət edilməyib: “İddia ərizəsi daxil olduğu müddətdən 1 il 6 ay keçməsinə baxmayaraq hələ də yekun məhkəmə aktı çıxarılmamış, iş üzrə artıq 4-cü məhkəmə baxışı təyin edilmiş və məhkəmənin yekun qərarı elan edilməmiş, həmçinin ekspertizanın həyata keçirilməsi ilə bağlı yuxarıda qeyd olunmuş pozuntulara yol verilmişdir.
Mülki işə baxılması yolverilməz olan bu pozuntular məhkəmənin qərəzli mövqeyini ortaya qoymaqla, onun tərəfindən qanunvericiliyin müddəalarının tətbiqi və onlara riayət edilməsi ilə bağlı lazımi keyfiyyətlərin mövcud olmadığını nümayiş etdirməklə, işə baxan hakim barəsində qanunla nəzərdə tutulan tədbirlərin görülməsi üçün müvafiq göstərişlərin verilməsinin vacibliyini göstərir”.
Məhkəmə Hüquq Şurasına müraciət edən vəkil yuxarıda göstərilənləri nəzərə alıb, qeyd olunan məsələyə münasibət bildirilməsi və işin nəzarətə götürülməsini xahiş edib.
Gununsesi.info müraciətdə adı çəkilən qurum və şəxslərin mövqelərini dərc etməyə hazır olduğunu bildirir.