“Abşeron Rayon Məhkəməsində bir işim var. Mən iddiaçı tərəfəm. İş 01 mart 2023-cü il tarixində məhkəməyə daxil olub. Lakin işə sədrlik edən hakim 9 hazırlıq iclası keçirib, amma hələ də işi baxışa təyin edə bilmir.”
Millitv.az bildiir ki, bunu Gununsesi.info-ya açıqlamasında vəkil Abbas Quliyev deyib.
Onun sözlərinə görə, 5-ci ya da 6-cı hazırlıq iclasında cavabdehin yadına düşüb ki, bu işə aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsində baxılmalıdır: “Məhkəmə aidiyyət barədə vəsatəti rədd etdi. Amma qərardadı 1 aya yazdı. (Bu müddətdə boş-boşuna hazırlıq iclasları təyin edildi)
Sonra cavabdeh qərardaddan şikayət verdi, amma bu dəfə də tərəf e-poçt adresini və telefon nömrəsini şikayətdə qeyd etmədiyi üçün məhkəmə şikayəti geri qaytardı. Cavabdeh geri qaytarma barədə qərardaddan da şikayət verdi. Məhkəmə şikayəti qismən təmin edib, hər iki şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərdi. Apellyasiyada şikayətə baxıldı, cavabdehin şikayəti qismən təmin edildi və cavabdehin vəsatətinə təkrar baxılması üçün məhkəməyə qaytarıldı.
Məsələ burasındadır ki, cavabdehin vəsatəti əsaslı olduğu üçün şikayət təmin edilməyib. Birinci instansiya məhkəməsinin peşəkarlıqdan uzaq yanaşmasına görə qərardadlar ləğv edilib. İki səhifəlik protokolu düz yaza bilmirsiniz deyə vətəndaş niyə məndən narazı olmalıdır. Niyə deməlidir bizim işimiz uzanır. Apellyasiya Məhkəməsinin qəbul etdiyi aktın əsaslandırma hissəsini olduğu kimi yazıram:
Şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21iyun 2023-cü il tarixli və 25 avqust 2023-cü il tarixli qərardadları ləğv edilməli, cavabdehin aidiyyət üzrə göndərilmə barədə ərizəsi aşağıdakı əsaslara görə yenidən müzakirə olunması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 271.1. maddəsinə əsasən məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Mülki Prosessual Məcəllənin 270 və 271-ci maddələrinin mənasına görə protokolda işin mahiyyəti üzrə həll edilməsi üçün əsas olan sübutlar və onların tədqiqi üsulları haqqında bütün məlumatlar öz əksini tapır.
Sədrlik edənin bütün prosessual hərəkətləri, məhkəmə baxışı başlayandan məhkəmə aktı çıxarılana qədər həyata keçirildiyi ardıcıllıqla protokola qeyd edilməlidir. Çünki məhkəmə işlə bağlı çıxardığı qərarlar yalnız protokolda yazılmış bilgilərə söykənir. Protokolda prosessual hərəkətlərin gedişində atılan bütün addımlar, çıxarılan və gerçəkləşdirilən bütün qərarlar tam, dəqiq, prosesin keçdiyi ardıcıllıqla göstərilməlidir.
İşdən görünür ki, birinci instansiya məhkəməsinin 21 iyun 2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınsa da, həmin tarixli məhkəmə iclas protokolunda vəsatətin təmin edilməsi qənaətinə gəldiyi öz əksini tapmışdır. Lakin mövcud işdə birinci instansiya məhkəməsinin qərardadında göstərilən nəticə məhkəmə iclas protokolundakı nəticə ilə uzlaşmır.
Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli və 25 avqust 2023-cü il tarixli qərardadları ləğv edilməli və cavabdehin ərizəsi yenidən müzakirə olunması üçün mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Beləliklə, çox sadə bir iş birinci instansiya məhkəməsinin “peşəkar” hakimi tərəfindən baxıla bilmir deyə uzandıqca uzanır”.