Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi liseyin sabiq rəisi, general-mayor Elman Orucov oğlunun toyunda “bomba həyacanı” yaşanması barədə Gununsesi.info-nun məlumatına reaksiya verib.
Qeyd edək ki, həmin materialda generaldan qisas almaq istəyən gənc leytenantın onun oğlunun toyunda sarayda bomba qoyulması barədə bilə-bilə 101-yə yalan məlumat verməsindən və toyda axtarış aparılmasından bəhs olunur.
Saytımızla əlaqə saxlayan general-mayor Elman Orucov olay haqqında danışıb.
Uzun illər Azərbaycan ordusunda xidmət etdiyini vurğulayan Elman Orucov bildirib ki, adının mediada belə xoşagəlməz hadisədə hallandırılmasından məyus olub:
“Mən həyatımın böyük hissəsini hərbi xidmətə həsr etmişəm. Saysız -hesabsız xidmətlərim var. Bunlar ola-ola istəməzdim ki, toyda yaşanan bir xoşagəlməz olayı yazasınız. Yazdıqlarınızda narazı qaldığım bir məqam var. İddia edirsiniz ki, guya toyda əməlli-başlı həyacan olub, masaların altına baxılıb, hamı qorxu içində olub və sair. Yoxlamaya gələnlər mülki geyimli polislər olub. Sərbəst və müasir texniki avadanlıqlarla baxış edib, sakitcə gediblər. Ötən il də məhkəmə oldu və bitdi. Prosesdə zərərçəkən olmuşam və şikayətçi olmadığım üçün həmin zabitə şərti cəza verdilər. Mən şikayətçi olsaydım, indi 10 illik cəzasını çəkirdi. Nəzərə aldım ki, gənc leytenantdır, həyatı yaxşı başa düşmür. Ona görə də tutulmasının tərəfdarı olmadım. Bu gün o, zabit qismində xidmət edir”.
Gənc leytenantın ondan qisas almasının səbəbinə gəlincə, Elmar Orucov belə deyir:
“Mən 6 il rəis olduğum dövrdə 1200 nəfər kursant buraxılıb. Bunların arasından 1 narazı qalan olması təbiidir. Mən onun gözündə problem olduğunu nəzərə alaraq belə qərar vermişdim. Tağım komandiri olsaydı, ön xəttə düşmənlə üz-üzə qalmalı idi. Eynəyi – 3 idi. Dedim ki, get, tərbiyəvi işlə məşğul ol. O da razılaşdı. 4 ildən sonra bunu ürəyində saxlayıb. Narazılığını da bildirmədi. Birdən-birə qisas alması mənə ağır və şübhəli gəldi.
Mən onunla söhbət etdim. Dedim ki, niyə bu narazılığını mənə demirdin. Axı, nə qədər uşağa kömək eləmişəm. Bu, istər işində, istərsə də xaricdə təhsil məsələsində olub”.