Elə vəzifə sahibləri var ki, kreslonu itirməklə heç cür barışa bilmirlər. Belələrinə təcili “tibbi yardım” etmək lazımdır. Çünki acı bağırsaq kimi uzatdıqca uzadır, vəzifədən gedişini həzm edə bilmir və sağa-sola “təcili yardıma ehtiyacı” olan biri kimi kin-küdurət qusur. O adamları gərək imalə edəsən ki, bəlkə sağala...
Həmin xarakteristikaya malik olan adamlardan biri də özü ilə bir yerdə dəyişmiş Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyevdir. Rauf Nağıyev işdən uğursuz fəaliyyətinə görə uzaqlaşdırılıb, üstəlik, vaxtilə rəhbərlik etdiyi müəssisənin adı da dəyişib. Hazırda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi fəaliyyət göstərir. Amma Nağıyev əl çəkmək istəmir, deyir ki, məni də, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasını da qaytarın.
Bütün fəaliyyəti təcilsiz, təxirəsalınmış olan Rauf Nağıyev niyə geri qaytarılmalıdır axı?! Gül kimi, ötən ildən etibarən artıq Azərbaycanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradılıb.
TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilib. Bu Mərkəz var gücü, resursları, potensialı ilə işlədiyi halda, Rauf Nağıyevin vaxtında halı pisləşənlərin hayına çatmayan, əksər hallarda gecikən, ölkənin təcili tibbi yardım sektoruna insanlarda etimadı, ümidi məhv etmiş o dövr niyə qayıtmalıdır?
İndisə Rauf Nağıyev ayrı-ayrı media səhifələrinə çıxıb palaz-palaz müsahibələr verir, məhkəmələrdə ədalət axtarır ki, məni işimdən haqsız yerə azad ediblər. Amma öz gözündəki tiri görmür, TƏBİB rəhbərliyində tük axtarışındadır. Öz gözündəki tiri görmək üçün Rauf Nağıyev öz fəaliyyəti dönəminə bir nəzər salsın: ölkənin səhiyyə sisteminə inamsızlıq formalaşdırır, gələn çağırış və zənglərə ambulanslar zamanında çatmır, həyatını itirənlər olur, təcili tibbi yardım maşınları ünvanları doğru-dürüst tapmır, şikayətlər kütləviləşir, mənzillərə gedəndə vətəndaşlar narazılıq edirlər, bəzi iynə-dərmanlar tapılmır... Bunun davasını aparır Rauf Nağıyev? Halbuki onun qurduğu sistemin təcili yardıma ehtiyacı varıydı. Amma TƏBİB rəhbərliyi gördü ki, müalicə belə bu sahəni sağaltmır, Rauf Nağıyevin yaratdığı idarəetmə qanqrena verib, islahatla düzələn deyil. Ona görə rəhbərlik də dəyişdi, strukturun adı da...
Və Nağıyev mediada getmiş materiallara bir diqqət yetirsin, görsün ki, nə qədər haqlıdır. Misal üçün saytlarda gedən xəbərlərdə deyilir ki, Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev 2015-ci ildə vəzifəyə təyin olunandan sonra burada uzun illər çalışan peşəkar və savadlı şəxsləri işdən çıxarıb yerinə öz qohumlarını və yaxın ətrafını işə götürdü. O, vəzifəyə gətirdiyi şöbə və bölmə müdirləri ilə birlikdə burada korrupsiya şəbəkəsi quraraq həkim və orta tibb işçilərindən aylıq haqq toplayırdı. Nağıyev islahatlar adı ilə “103”ün bölmələrində dispetçer xidmətini ləğv etdirib “Vahid dispetçer mərkəzi” yaratdı. Lakin bölmələrdə həkimləri dispetçer əvəzi işlədirdi. Nəticədə təcili yardımın operativliyi xeyli aşağı düşdü və təcili yardım avtomobilləri saatlarla gecikirdi.
Bu gün tamamilə yeni, müasir sistem yaradılıb. Təkcə bir fakta nəzər yetirək: Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Təcili tibbi yardım xidmətinə 31.12.2023-06.01.2024-cü il tarixlərində ümumi çağırışların sayı 18 351, hospital olunanların sayı isə 1 840 olub. Yəni bu faktlar, edilən dəyişikliklər, vahid pəncərə sisteminin yaradılması göstərir ki, işdən çıxarılaraq “təcili təxirə salınmış” keçmiş baş həkim Rauf Nağıyev boş-boş, populist, avantürüst fikirlər səsləndirməklə diqqəti özünə cəlb etməyə çalışır, TƏBİB rəhbərliyini isə gözdən salmağa can atır.
Lakin bu adam başa düşmür ki, "XALQIN GÖZÜ TƏRƏZİDİR".
Rubrika.Az