Xərçəng xəstəliyi dünyada ürək-damar xəstəliklərindən sonra ikinci ən çox ölüm səbəbidir. Dünyada hər 6 ölümdən birinin səbəbi xərçəngdir. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin açıqlamalarına görə, hər il dünyada təxminən 19,5 milyon insana xərçəng diaqnozu qoyulur. Hər il təxminən 10 milyon insan bu xəstəlikdən ölür. Ölkəmizdə də bununla bağlı vəziyyət ürəkaçan deyil. Azərbaycanda hazırda 62 min 385 onkoloji xəstə qeydiyyatdadır. Xərçəngə yoluxan insanlar adətən xəstəliyi qorxu və ümidsizliklə qarşılayırlar. Halbuki daha çox ölümə səbəb olan ürək-damar xəstəlikləri xərçəng qədər narahatlıq və təşvişə səbəb olmur. Elə mən də xəstəliyin adını eşıdəndə həmişə vahimələnmişəm. Ağlıma da gəlməyib ki, nə vaxtsa xərçəngə yoluxa bilərəm. Çünki xəstəliyin irsi olduğunu güman edirdim və nəslimizdə də hec vaxt xərçəngə yoluxan olmayıb. Zaman göstərdi ki, mən bu təxminimdə çox yanılmışam.
Uzun və çətin yolÖtən yayın ortalarında boğazımda narahatlıq hiss etməyə başladım. Mənə elə gəlirdi ki, içəridə nə isə yemək qalığı və ya toyuq sümüyü ilişib qalib. Amma ağrı yox idi, sadəcə nə isə asan udqunmağımı əngəlləyirdi. Əvvəllər də belə hallar olmuşdu və cörəyin sərt hissəsini ceynəyib udduqda keçib getmişdi.
Amma bu dəfə keçmədi, əksinə udlaq hissə daralmağa və ağrı verməyə başladı. Yemək boğazımdan güclə keçirdi. Bu dəfə də angina olduğumu düşündüm. Boğazımda tonsilla (artıq ət) vardi və azacıq soyuq dəyən kimi şişirdi. Lakin lor həkimi baxandan sonra məni Milli Onkologiya Mərkəzinə müayinə olunmağa göndərdi. Televiziyada işlədiyim dövrdə özəl və dövlət xəstəxanalarında çox çəkiliş aparmışdım. Təkcə onkoloji tibb müəssisəsinə getməmişdim. Düşünürdüm ki, belə yerlərdə qorxunc sükunət hökm sürür. Xəstələr və həkimlər qaşqabaqlı olur, hər yer toz içindədir və s. Lakin bura gələndə əvvəlki sədəlövh düşüncələrimə gülməyim tutdu. Həyətdən başlayan gül-çiçəkli bağçanın xoş mənzərəsi, içəridə də heyrətamiz bir təmizlik və gözəlliklə davam edirdi.
Geniş vestübüllər, zövqlə təmir olunmuş otaqlar, dəhlizlərdə qoyulmuş təbii otaq bitkiləri insana hara gəldiyini unutdururdu. Otaqlardan şən zarafat və gülüş səsləri gəlir, üzlərində qorxu və ümidsizlik həkk olunan xəstələr müayinə otaqlarından tam başqa ovqatda çıxırdılar. Simalarındakı qorxunu bu dəfə inam əvəz edirdi. Qeyd edim ki, Milli Onkologiya Mərkəzinin Baş direktoru tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Əməkdar Elm xadimi Cəmil Əliyevdir. Onun böyük səy və bacarığı sayəsində qısa bir vaxtda sözügedən mərkəz ölkədə analoqu olmayan, dünyanın tanınmış analoji xəstəxanaları ilə rəqabat aparacaq səviyyədə inkişaf etmiş, ən müasir aparat və cihazlarla təmin olunmuş bir tibb müəssisəsinə çevrilib. Məni burada yaxşı mənada təəccübləndirən 3 məqam oldu. İdeal təmizlik, səliqə və yüksək zövqdən xəbər verən dizayn işləri, əməkdaşların pozitiv davranışları və nəhayət həkimlərin yüksək dərəcədə peşakarlığı. Mənə narkoz verib əkilmək üçün nümunə götürəndə də həkimin zarafatyana rəftarından bu diaqnozun qeyri-ciddi olduğunu düşündüm. Lakin on beş gün sonra vəziyyətimin nə qədər təhlükəli olduğunu anladım. Bu müddətdə udlaq daha da daralmış, ağrılar kəskin şəkil almişdi. Gecələri sübhə qədər ayaq üstə keçirir, dözülməz ağrılardan inildəyib evdəkiləri oyatmamaq üçün ağzımı dəsmalla qapayırdım. Cavabı öyrənməyə gələndə məlum oldu ki, qida borumda 10,5 sm uzunluğunda törəmə formalaşıb. Bu bədxassəli şiş uzun müddətdir ki, gizli şəkildə böyüyərək qida borusunun üstünü təmamilə örtüb.
Başqa sözlə desək, çox gecikmişdim və xəstəliyim aylar ərzində sürətlə inkişaf edərək 3-cü dərəcəyə qalxmışdı. Qeydiyyatçı qız məni onkoloq həkim Sayalı Əliyevanın qəbuluna yönləndirdi. Qeyd edim ki, 1992-1998-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almış Sayalı xanım 1998-1999-cu illərdə Milli Onkologiya Mərkəzində internatura, 2001-2008-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Təkmilləşmə kursu keçib. Sayalı xanımın övladları da xaricdə təcrübə keçmiş peşakar həkimlərdir. Yoldaşı şəhid, övladları ikinci Qarabağ müharibəsinin iştırakçıları olub. Yüzlərlə yaralını döyüş bölgəsindən çıxarıb həyata qaytarıblar. Sayalı həkim 2000-ci ildən bəri Milli Onkologiya Mərkəzində Poliklinika Qəbul şöbəsində həkim-onkoloq vəzifəsində çalışır. Onun sadəliyi, səmimiyyəti ilk qarşılaşmadan çox ürəyimə yatdı. Xəstələrlə hərənin öz dilində danışır, onlara ürək-dirək verir, sağalmaq ümidini təmamilə itirmiş adamlara isə ərkyana acıqlanaraq onları bədbin fikirlərdən uzaqlaşdırmağa çalışırdı. Mənim artıq dayanmaq gücümün qalmadığını görərək müayinələr üçün göndərişlər yazmağa tələsdi və qoluma girib müayınə otaqlarının bir çoxuna özü apardı. Gözləyən xəstələrdən üzr istəyərək vəziyyətim ağır olduğu üçün növbəsiz kecməyimi təmin etdi. Ultrasəs Müayinə Mütəxəssisi olan Gülnar xanım bütün daxili orqanlarımın USM aparılması ilə məşğul olaraq məni elə diqqətlə, ürəklə müayinə edirdi ki, sanki onun doğması, əziz bir yaxını idim. Həmin məqamda xatırladım ki, bəzi dövlət xəstəxanalarında, o cümlədən el arasında “Semaşko” adlanan Musa Nağıyev adına kliniki Tibb Mərkəzində bəzi əməkdaşlar “hörmət” etməyən xəstələrə soyuqqanlı davranır, adamları “yola verərək” tez-tələsik müayinədən keçirdirlər.Bunun həm şahidi olmuş, həm də bu barədə başqalarından eşitmişəm. Burada isə tamam fərqli vəziyyət idi. Təcrübəli olması və peşakarlığı aydın hiss olunan USM mütəxəssizi məni aparatda yoxladıqdan sonra şad xəbəri verdi. Öyrəndim ki, xərçəng hüceyrələri hec bir əzaya sıçramamış və törəmə USM cihazında yalnız qida borusunda görünmüşdü. Gülnar xanımı qızım kimi qucaqlayib bağrıma basdım. Mənim qoluma girib qapıya qədər ötürdü. Günün sonuna yaxın çoxsaylı müayinələrdən kecib otağa qayıdanda məlum oldu ki, qan analizimin cavabı müalicəyə başlamaq üçün qənaətbəxş deyil və mənə təcili qan köçürülməlidir.
Afaq xanımın mələkləri Qan bankında çalışan qızların qağıkeşliyi, mehribanlığı sanki ağrılarıma məlhəm oldu.
Üzlərindəki təbəssüm sanki təkcə məni deyil, qan köçürülən bütün xəstələri onlara doğmalaşdırmışdı. Təvazökarlıq edərək adlarını söyləmək istəmədilər. Amma əminəm ki, bu xoştəbiətli qızların mehriban surətləri yaddaşımdan heç vaxt silinməyəcək. Artıq səhər saat 9-da növbəti yuxusuz gecədən sonra onkoloqun növbəsində idim. Sayalı xanım məni birbaşa kimyaterapiya şöbəsinin müdiri Anar Məmmədovun qəbuluna göndərdi. Onun bu sahədə əvəzsiz peşakar həkim və çox xeyirxah insan olduğunu diqqətimə çatdırdı. Dözülməz ağrılardan gözlərimdən qeyri-ixtiyarı dayanmadan yaş axırdı və başımı divara cırpmamaq üçün özümü zorla saxlayırdım. Sayalı xanım mənə ağrıkəsici iynə vursa da (artıq dərman boğazımdan keçmirdi) şiddətli ağrı sakitləşməyimə imkan vermirdi. Anar Məmmədov həqiqətən də çox xeyirxah, həssas insan idi. Analizlərin cavabı ilə tanış olandan sonra xeyil ürək-dirək verdi, geciksəm də vəziyyətimin ümisdiz olmadığını bildirdi:”Ana ağlama, səni bu ağrılardan xilas edəcəyik, bir az səbirli ol” dedi. Dərhal göstəriş verdi ki, təcili olaraq lazımı prosedurlar icra edilsin. Mənə stasionar müalicə yazdı.
Bir məsələni unutmadan qeyd edim ki, bu mərkəzdə xoşuma gəlməyən cəhətlərdən biri müayinə otaqlarının qarşısındakı uzun növbələr idi. Hər həftənin üçüncü günü kimyaterapiya müalicəsinə gələrkən də coxsaylı insanın növbədə gözlədiyini müşahidə edirdim. Onlarla söhbət zamanı öyrəndim ki, əksər xəstələr rayonlardan məhz Anar Məmmədovun sorağını eşidib gəlirlər. Onlardan regional mərkəzlərdə niyə müalicə almadıqlarını soruşanda şəkili bir ağsaqqal Milli Onkologiya Mərkəzində müalicənin daha effektli olduğunu, qısa bir zamanda müsbət nəticə gördüklərini, regional mərkəzlərdə müasir tibbi cihazların olmasına rəğmən, Anar Məmmədov kimi peşakar, uzman həkimlərin azlığını səbəb göstərdi:”Anar həkim əsil loğmandır. Soyuqqanlı deyil, hər xəstəyə həssas yanaşır və dəyərli tövsiyələr verir, onun yazdığı müalicə üsulları tez bir zamanda öz müsbət təsirini göstərir.” Müalicə həkimim Dünya Əliyeva şöbə müdirinin tapşırığına əsasən sistem iynələrinin göndərilməsi üçün dərhal hərəkətə keçdi. Onu deyim ki, Dünya həkimi görən hər kəs bu zərif və gözəl qızı orta məktəb şagirdi zənn edər. Amma xarici görünüş ilk baxışdan həqiqətən də aldadıcı olur. Bu gözəl qız xəstələrinə o qədər diqqət və işgüzarlıqla yanaşırdı ki, onun peşəkarlığına şübhə yeri qalmırdı. Gün ərzində neçə dəfə digərlərinə, o cümlədən mənə də baş çəkir, vəziyyətimlə maraqlanırdı. Vəziyyəti ağır olan xəstələrinə dərhal müdaxilə edir, iynə və dərmanlarla bağlı göstərişlər verirdi. Tibb bacısı məni palatalardan birinə apardı. Xadimə yataq ağlarını təmizləri ilə əvəz edib çarpayıya uzanmağıma kömək etdi. Yarıbayğın vəziyyətdə idim və mənə təhkim olunmuş həkimin tez- tez yaxınlaşıb halımla maraqlanmasını,
tibb bacılarının qoluma sistem taxmasını da sanki yuxuda seyr edirdim. Yeri gəlmişkən deyim ki, uşaqlıqdan iynədən çəkinmişəm. Hətta başqasına vurulanda belə baxa bilməmişəm. Lakin beş həftə ərzində Leyla, Günel, Fərqanə, Mehparə, Günay, Gülnar, Röya və Tünzalənin vurduqları iynələrin nəinki ağrısını, heç təsirini belə hiss etmədim. Xəstələrin halının dəyişməsi, lazım olan tibbi yardımın göstərilməsi onların davamlı nəzarətində idi. Tibb bacılarının çox vaxt nəinki çay içməyə, hətta bir dəqiqə oturmağa belə vaxtları olmurdu. Müalicə müxtəlif xəstələrə fərqli şəkildə təsir göstərirdi. Əksəriyyəti zəngi çalıb tibb bacılarını köməyə çağırırdı. Onların qayğıkeşliyi, mehribanlığı xəstələrə dərdlərini unutdururdu. Burada verilən yeməklər də dadı-tamı ilə ev xörəklərindən seçilmirdi. Ofeliya xanımın hər kəsə nəvaziş və şəfqətlə yemək təklif etməsi, ağrılardan əziyyət çəkənlərə yardım göstərməsi, onların ağızlarını belə silməsi, yerlərinə uzatması, üstlərini örtməsi məni istər-istəməz duyğulandırdı. Belə gözəl xüsusiyyətlərə malik möhtəşəm insanları mən heç bir millətin arasında görmədim. Qeyd edim ki, xəstələrə verilən yeməklər həkimlərin tövsiyəsi əsasında hazırlanır. Mənim kimi boğazı “bağlanmış” xəstələr üçün bişirilən şorbalar “blenderden” keçirilərək paylanır. Palataların təmizliyinə isə söz ola bilməz. Divardan asılan televizorun silinib təmizlənməsi, dolabda xəstələr üçün nəzərdə tutulan asılqanlar, hər bir palatanın sanitar qovşağındakı hədsiz təmizlik, yataq ağlarının hər xəstədən sonra gün ərzində bir neçə dəfə dəyişdirilməsi, pəncərə şüşələrinin parlaqlığı, döşəmədə tozdan əsar-əlamər olmaması ideal gigienik durumdan xəbər verirdi. Bu təmizliyi yaradanlar isə Elnarə, İlahə, Aybəniz, Xatirə, Turanə, Tovuz və Mətanət kimi qoçaq, işgüzar xanımlar idi. İlk seansdan sonra Anar həkimin dediyi kimi, dözülməz ağrılar yoxa çıxdı. Hər həftə müalicənin nəticələrini tədqiq edən Anar Məmmədov mənə deyirdi ki, vəziyyətim yaxşılığa doğru dəyişir. Sadəcə müsbət düşünüb bəd fikirlərə qapılmamalıyam:” Bu xəstəlikdən sağalmaq üçün mütləq pozitiv ovqata köklənmək lazımdır. Xəstə ümidsizliyə qapılarsa o zaman həkim xəstəlik qarşısında tək qalır və onun sağaltmaq səyləri çətinliklə üzləşir. Psixoloji olaraq xəstə sağalacağına inanarsa müalicə edən həkimin işi asanlaşır. Ona görə də bizim bütün əməkdaşlar təbəssümü üzlərindən əskik etmirlər. Hətta özləri ağrıyanda və qanları qara olanda belə bunu xəstələrə sezdirmirlər və gülümsəməyə davam edirlər. Biz sizə şüa terapiyası da yazmışıq. Düşünürəm ki, ikitərəfli müalicə öz nəticəsini daha tez göstərəcək.”
Dünyanın ən zəngin insanıBeləliklə yolum həyətdəki digər hündürmərtəbəli binada yerləşən Tibbi Fizıka şöbəsinə düşdü. Şöbənin müdiri Emin Mirzəbəyov məni böyük nəzakət və mehribanlıqla qarşılayaraq səhhətimlə maraqlandı. Xəstəlik tarixçəmi oxuduqdan sonra böyük tibb bacısı Yeganə Nəbiyevaya məni radiasion onkoloq Asif Nəsirlinın yanına aparmağı və xəstəlik tarixçəmi ona verməyini tapşırdı.
Yeganə xanımla Asif həkimin otağına gəldik. O, mənə şəfa diləyərək otaqdan çıxdı. Məni olduqca mehriban və gülər üzlə qarşılayan Asif həkimlə danışdıqca anladım ki, 60 illik həyat yolumda mən bu həkim qədər insansever, geniş qəlbli, xeyirxahlığı və nəcibliyi simasına yansamış bir adam görməmişəm. Mənə “anacan” deyə səmimi müraciət edərək elə ürək -dirək, təsəlli verdi ki, demək olar ki, xəstəliyimi tamam unutdum. Hər gün süa terapiyası almağa gələrkən növbədə gözləyən xəstələrin onu necə səmimiyyətlə qarşılaması, onun da hər kəslə ayrıca görüşüb salamlaşması, onları səbirlə dinləyib tövsiyələr verməsi nəzərimdən qaçmadı. Növbədəki xəstələrin çoxu ondan heyranlıqla danışır, necə gözəl insan olmasından ağızdolusu söz açırdılar. Ona görə də evə dönəndə Asif həkim haqqında bir balaca araşdırma apardım. Öyrəndim ki, Asif Nəsirli 1982 -ci ildə Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub. 2005-cii ildə ATU-nun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2005-06 illərdə Milli Onkologiya Mərkəzində internatura keçib. 2006-08 illərdə Milli Onkologiya Mərkəzindəki kliniki ordinaturada təhsilini davam etdirib. 2008-12 illərdə Türkiyə və Rusiyada uzunmüddətli ixtisasartırma kursları keçib. 2008-ci ildən Milli Onkologiya Mərkəzinin “Şüa terapiyası” şöbəsində və Uşaq klinikasında radiasion onkoloq vəzifəsində çalışır. 9 elmi nəşri çap olunub. Rus və ingilis dillərini bilir. 2016 -cı ildə onkologiya sahəsinin inkişafında göstərdiyi fəaliyyətlərinə görə “Fəxri fərman”la təltif edilib, həmçinin “İlin həkimi – 2017” ali media mükafatına layiq görülüb. Xəstəliyimin müalicəsi ilə bağlı fk. sosial şəbəkə dostlarıma da məlumat verirdim. Orda Asf həkimdən də bəhs etmişdim. Onu tanıyan bir neçə şəxs haqqında elə isti, xoş sözlər dedilər ki, heyrətlənmədim desəm, yalan olar. Hətta biri onu dünyanın ən zəngin insanı adlandıraraq bildirdi ki, qəlbində insanlara yalnız sevgi və mərhəmət daşıyan şəxs çox varlıdır və Allah belə bir sərvəti hər adama bəxş etməz. Bu sözlər həqiqətən də insanı düşünməyə vadar edir. Asif həkim mənə 3 həftəlik süa terapiyası təyin etdi. Hər gün bu aparat vasitəsilə mənim qida borumdakı törəməni məhv etməyə çalışan tibb bacıları Novruzova Əntiqə və Abiyeva Əfsanənın üzərimdəki əziyyətini də xüsusi qeyd etmək istəyirəm. Üç həftə ərzində mən onların xəstələrə necə qayğı və məsuliyyətlə yanaşdıqlarının şahidi oldum. Qeyd edim ki, şüa almaq üçün növbəyə dayanmış xəstələri mehribanlıqla içəri dəvət edən, hər biri haqqında içəriyə məlumat çatdıran qeydiyyatçı xanım Məlikova Eyzangülün və işinin öhdəsindən məharətlə gələn təsərrüfat başçısı Şərifova Təranənin adlarını da qeyd etmək yerinə düşər. Xərçəng xəstələrinin tez əsəbiləşdiyini, dəymədüşər olduğunu mən öz təcrübəmdən yaxşı bidiyimcün Eyzangül xanımın onlara şəfqətlə, təbəssümlə yaxınlaşması, su təklif etməsi, nəzakətlə içarı dəvət etməsi, aqressiv xəstələrə qarşı səbirli davranması məni çox düyğulandırdı.
Şüa terapiyası müalicəsi bitdikdən sonra ARSN Baş onkolоq, MOM baş həkim,Tibb elmləri üzrə Fəlsəfə doktoru Azad Kərimlinin qəbulunda oldum və qüsursuz müalicə metodları ilə insanları vaxtsız ölümdən xilas edən həkimlərə öz təşəkkürümü bildirdim. Mən baş həkimdən Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyevə də belə gözəl kollektiv formalaşdırdığına görə münnətdarlığımı çatdırmasını xahiş etdim. Bir başqası da xəstəxananı ən müasir cihaz və aparatlarla təmin edə bilərdi. Amma xadimədən şöbə müdirinədək sanki hər bir əməkdaşı insanlıq testindən kecirilərək işə götürüb bu qədər mükəmməl kollektivi öz ətrafına yığmağı hər kəs bacarmazdı. Hər birinizə təşəkkür edir və yeni uğurlar diləyirəm.
Nazilə Nəriman