Axtarış...

“Manatlıq taksi”lər də cibini düşünüb, qiymətləri qaldırdılar – Çıxış yolu NƏDİR?

“Manatlıq taksi”lər də cibini düşünüb, qiymətləri qaldırdılar – Çıxış yolu NƏDİR?Son dövrlər Bakıda qəsəbələrarası işləyən 1 manatlıq taksilərin qiymətlərinin artdığına şahid oluruq. Əksər taksi sürücüləri 2 manatdan aşağı gediş etməyəcəklərini bildirirlər. 1 manatlıq taksi tapmaq səhrada iynə axtarmağa bənzəyir.

Ümumiyyətlə, niyə “manatlıq taksi”lərə tələbat daha çox, ictimai nəqliyyata isə azdır?

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O qeyd edib ki, “manatlıq taksi”lər qeyri-qanuni sərnişindaşımanın bir növüdür:

“Müəyyən qədər mobilliyi təmin edirlər. Ümumən ölkədə taksi islahatı gedir. Bildiyiniz kimi, Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı ilə bağlı təklifləri 4 ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Bu tapşırığın icrasının yekunlaşmasına 1 ay qalıb. Gələn ilin əvvəlindən bu məsələlər bir az da sərtləşdiriləcək. Sürücülərə təlimlər keçiləndən sonra icazə vərəqələri alınmalıdır. Bu sənədlər 7 il müddətinə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verəcək, vergi və digər məsələlərdə burada öz əksini tapacaq.

Son dönəmlər taksi fəaliyyətində problemlər yaranıb. Keyfiyyət aşağı düşüb, qəzaların isə sayı artıb. Bundan əlavə, sürücülərin əksəriyyəti qeyri-peşəkardır. Həm sürücülər, həm də sərnişinlər arasında ciddi narazılıqlar var. Bu narazılıqları aradan qaldırmaq üçün hökumət kompleks tədbirlər planını həyata keçirir. Taksi fəaliyyəti ilə məşğul olanların keyfiyyətini artırmaq üçün silsilə tədbirlər görülür”.

Ekspert “manatlıq taksi”lərə tələbatın daha çox olmasının səbəblərini belə izah edib:

“Manatlıq taksilərin bu qədər vüsət almasının səbəbləri var. Sözügedən problem ənənəvi ictimai nəqliyyatın lazımi səviyyədə olmaması və üstünlüyünün təmin olunmamasının bir fəsadıdır. İctimai nəqliyyatla bağlı cərimələrə yenidən baxıla bilər. Çünki 8 il qabağın 40 manat cəriməsi indi ilə eyni deyil. Fikrimcə, yolkəsmənin cəzası ağır olmalıdır. Bir vətəndaş taksidə gedərkən avtobusun daha sürətli getdiyini görsə, növbəti səfərini ictimai nəqliyyatla edər”.

O qeyd edib ki, qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan şəxslərə diktə etmək olmaz:

“Çünki sərbəst bazardır. Məncə, diqqəti daha çox ictimai nəqliyyatın üstünlüyünün təmin olunmasına yönəltməliyik. Əlimizdə olanların səmərəli istifadəsi yönündə iş görməliyik. Şəhər özü canlı bir orqanizmdir. Söhbət etdiyimiz məsələnin mərhələlərlə islahatı keçirilməlidir. Qısamüddətli, ortamüddətli və uzunmüddətli həll yolu mövcuddur.

Qısamüddətli həll müəyyən bir zolaq çəkib, kamera qoyub, həmin yolu avtobuslar üçün ayırmaqdır. Bu, daha tez hiss olunan həldir. 2 milyondan çox sakini olan Bakı üçün dediyimiz həll yolunun alternativi olmalıdır.

Şəhərətrafı elektrik qatarlarının sayını və stansiyaları artırmaq olar.

Həmçinin stansiya və avtobusların uzlaşmasını təmin etmək lazımdır. Bundan əlavə, stansiyalara gedən səkilərin vəziyyəti təftiş edilməlidir. Çünki fiziki cəhətdən hər kəs sağlam deyil. Yaşlı, qoca, hamilə, əlil və ya qazilər kifayət qədərdir. Onların hər birinin hərəkəti nəzərə alınmalıdır.

Bir zolaq 3.50, 3.75 metr enindədir. Amma maşının eni 2.50-dir. Bunu minimuma sıxışdırmalı, artıq qalan sahədə isə velosiped zolağı şəbəkəsini yaratmaq olar.

Bunlar ən tez həll olunan alternativdir.

Bu addımlar qısa müddətdə mobilliyi təmin edəcək. Daha geniş həllər isə digər növlərin şəbəkəsini genişləndirilməsindən ibarətdir. Məsələn, metronun tikintisi 1 günə başa gəlmir. Ən az 5 ilə nəticə verər. Yaxud da tramvayın qaytarılması, bu da vaxt alır. Ancaq tramvaylar şəhərin “olmazsa, olmaz”ıdır. Ekoloji cəhətdən belə təmiz növün qaytarılmasına ehtiyac var”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz