Yeni qanunla fərdi taksiləri nələr gözləyir? - Ekspert danışır...
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
İllərini taksiyə həsr etsələr belə, xüsusi təlimdən keçməyən sürücülər taksi sürə bilməyəcəklər. Oktyabrın 1-dən qüvvəyə minən “Avtomobil nəqliyyatı haqqında” qanun taksi fəaliyyətinə dəyişiklik gətirib. Dəyişikliklərə görə, taksi sürmək üçün xüsusi icazə vərəqəsi alınmalıdır. İcazə vərəqəsi üçün sürücü ödənişi 76 manat olan 5 günlük təlimi uğurla başa vurmalıdır. Həmçinin sürücü taksi ilə sərnişindaşımaları üçün buraxılış vəsiqəsi və buraxılış kartı üçün ümumilikdə 150 AZN ödəməlidir. Taksi fəaliyyətinə icazə 7 il müddətinə verilir.
Heç bir xarici şirkətə bağlı olmayıb, fərdi çalışan sürücülər yeni qanunun tələblərindən narazıdır. Gediş haqqını müəyyən etmək üçün taksilərə rəqəmsal taksoqraf və taksometr cihazları quraşdırılmalıdır. Fərdi işləyən taksilər bu xərcləri özləri qarşılamalıdırlar.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, reys qabağı avtomobil texniki müayinədən, sürücülər isə tibbi müayinədən keçməlidirlər. Məcburi köçkün düşəndən Bakıda ailəsini dolandırmaq üçün məcburiyyətdən taksi sürücüsü işləyən Elbrus Məmmədov yoxlanışların hər gün keçirilməsinin texniki çətinliklərindən danışır. Azərbaycanda fəaliyyət göstərən taksi şirkətləri sürücülərə qanunun qüvvəyə minməsilə bağlı xəbərdarlıq mesajı göndəriblər.
Təlimdən keçməyib, icazə vərəqələri almayanların proqramları bağlanacaq. Yerüstü Nəqliyyat Agentliyi bildirir ki, taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində atılan addımlar vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsinə, qeyri-formal məşğulluğun qarşısının alınmasına hədəflənib. 2024-cü il yanvarın 1-dən taksi fəaliyyətilə bağlı qanuna gətirilən dəyişikliklərə əməl etməyənləri cərimələr gözləyir. //meydanV//