Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Əhəd Mikayıl oğlu Abıyev, 17 iyul 2023-cü il tarixdə daşıdığı həmin vəzifəsindən azad olundu. Qeyd edək ki, bu şəxs şəhər-rayon icra hakimiyyəti başçıları içərisində bəlkə də yeganə icra başçısı idi ki, onun adı daim qalmaqallarda, müxtəlif olaylarda və s. hallanırdı. Əhəd Abıyevi digər icra başçılarından fərqləndirən səbəblərdən biri də, bu şəxsin çox zaman Bakı şəhərində olması və özünəməxsus problemlərinin həlli ilə məşğul olması idi. Belə bir səbəblərdən idi ki, bu şəxsin icra başçısı olduğu Daşkəsəndə problemlərin varlığı, sanki adi həyat tərzinə çevrilmişdi. Bundan əlavə, bir müddət bundan öncə Daşkəsənin sabiq icra başçısı baş verən sel və daşqınlardan əziyyət çəkən sakinlərlə görüşə gedir, amma o, sakinlərlə görüşə at belində gedir. Sabiq icra başçısının belə bir addımı ictimaiyyət tərəfindən maraqla qarşılanır və bu addımı da Əhəd Abıyevi digər icra başçılarından fərqləndirir. Yadda qalan olaylardan biri də, 2017-ci ildə Daşkəsən rayonunda Novruz-Bahar bayramı şənliyi keçirilərkən, Əhəd Abıyevin meydanda qurulmuş boks arenasına çıxması və onun əlcək geyinərək rinqdə öz məharətini göstərməsi olur. Yəni, bu şəxsin keçirilən şənlikdə atdığı addım da yadda qalan məqamlardan olur.
Media üzərindən apardığımız araşdırmalar zamanı o da məlum olur ki, Əhəd Abıyev ötən 12 il ərzində Daşkəsəndəki filiz biznesindən, daş karxanalarının sahiblərindən, Xoşbulaq və Narzanda yerləşən istirahət mərkəzlərindən, ayrı-ayrı idarələrdən, müəssisələrdən və s. kimi gəlir gətirən sahələrdən o həddə aylıq “bac-xərac” toplayır ki, bu gün o, icra başçısı olmasa da, əslində ölkəmizin ən varlı milyonçusu, bəlkə də milyarder sabiq icra başçılarından biri hesab olunur. Məsələn, bir müddət bundan öncə internet televiziyalarından birinin aparıcısı qeyd etdi ki, Əhəd Abıyevin sahib olduğu var-dövlətin, yəni daşınar- daşınmaz əmlaklarını sayıb hesablamaq üçün saatlarla vaxt lazımdır.
Ötən illər ərzində sabiq icra başçısı atdığı addımları ilə yaddaşlarda elə bir formada iz buraxıb ki, bu şəxsin Daşkəsən RİH-nin başçısı postundan çıxarılması əksər sosial şəbəkə istifadəçilərinin əsas müzakirə etdiyi mövzulardan birinə çevrildi. Məsələn, sosial şəbəkə aktivləri yazırlar ki, “Əhəd Abıyev at belində yola salındı”, yaxud da, “o, cəzalandırıldı” deyə müəyyən yozumlar da sosial şəbəkələrdə yer alır. Amma, Əhəd Abıyevin vəzifə sahibi olduğu vaxtlarda, bu şəxsin bir kimsəyə məlum olmayan əməllərindən yazıb-pozan yox idi. Məsələn, bu gün Əhəd Abıyevlə bağlı bir olayı yenidən xatırlatmağa çalışacağıq. Belə ki, bu şəxs RİH-nin başçısı olarkən kimlərsə fərdi qaydada əllərində olan xüsusi cihazlarla daşların, qayaların altından qızıl-gümüş axtarıb tapırlar. Yəqin ki, sabiq icra başçısının tapılan qızıllardan, gümüşlərdən xəbəri olub və o, tapılan qızıllardan, gümüşlərdən istədiyi qədər paya da sahib olub. Daşkəsən sakinlərinə məxsus pay torpaq sahələrinin sabiq icra başçısı tərəfindən ələ keçirilməsi heç də eləbelə olmayıb. Hətta, bu şəxs elə hallar olur ki, özünü «straxovka» etmək üçün Prezidentin mühafizə xidmətinin rəisi cənab Bəylər Əyyubovun adından sui-istifadə etməkdən də çəkinmir. Bir sözlə, Daşkəsəndə hansı daşın altından qızıl-gümüş çıxıbsa, həmin qızıl-gümüşdən “DÖVLƏT BABA”nın xəbəri olmayıbsa, mütləqdir ki, Əhəd Abıyevin xəbəri olub.
Qeyd edək ki, bir-neçə il bundan öncə «Sədərk» Ticarət Mərkəzinin rəhbəri ilə kommersiya işləri quran Əhəd Abıyev özünə yaxın jurnalistlərdən birinə etibar edİir və o, hansısa məhsulların alış-verişini etmək məqsədilə “Sədərək” Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəyliyə bir çamodan yüzlük dollar göndərir. Həmin pulu aparan jurnalist qaqaş çamodanın dolu olduğunu görür və o, heç də tənbəllik etmir. Yəni, çamodandakı yüzlük dolların alt hissəsində olan “paçka” pulları dəyişir və həmin yerə saxta yolla hazırlanmış dollar “paçka”sını qoyur. Az sonra həmin çemodanı «Sədərək Yusif»ə təhvil verir. Çox keçmir ki, çamodandakı saxta pullara görə Yusif Qədimbəyli Əhəd Abıyevə odlu-alovlu telefon zəngi edir və vəziyyəti ona başa salır. Daha sonra, hər iki şəxs arasında böyük «razborka» başlayır. Baş verən belə bir olaylardan sonra həmin jurnalistin hansı səbəbdən həbs olunmasının, yaxud da götürülən yüzlük dollar paçkasının geri qaytarılmasının detalları bizə bəlli olmadı. Bəli, Əhəd Abıyevin icra başçısı olduğu dövrlərdə həyata keçirdiyi idarəçilik haqda, yaxud da qol qoyduğu əməllər barədə lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, bu şəxs geniş imkana sahib olan vəzifə sahibi olub. Media üzərindən əldə etdiyimiz məlumatlar əsasında hazırladığımız bu yazıda, adı keçən Əhəd Abıyevin və digər şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Məqalədə göstərilən faktlara aydınlıq gətirilməsi üçün dəfələrlə hörmətli Əhəd Abıyevə zəng edib mesaj yazsaq da təssüf ki, Əhəd müəllim nə telefonumuza cavab vermədə, nə də mesaja..
Odur ki, qarşı tərəfin də, mövqeyini dərc etməyə hazırıq
Davamı var, biz izləyin.
Deryaz.az