Ölkə gündəmini zəbt edən koronavirus xəbərləri sel kimi axdığı bir zamanda Masallı Rayon İcra Hakimiyyətinə(RİH) yeni icra başçısıtəyin olunmuş Şahin Məmmədovun 1-ci müavini Nadir Abıyevi işdən azad etməsi diqqətdən kənarda qaldı.
Bu informasiya adi vaxtda böyük rezonans doğurmalıydı. Lakin koronavirus gündəminə görə hər iki tərəfin bəxti gətirdi ki, mətbuatın diqqət mərkəzinə gəlmədilər.
Reportyor.info-nun xəbərinə görə, söhbət heç də sıradan bir hadisədən getmir. Belə ki, Ağcabədinin uzun müddət icra başçısı olmuş Şahin Məmmədovun Masallıya təyinat alar-almaz rayonun əsas fiqurunu vəzifəsindən azad eləməsi ciddi bir addımdır.
Çünki Nadir Abıyev Daşkəsənin icra başçısı Əhəd Abıyevin qardaşıdır və illərdir ki, rayon onların nəzarəti altındadır. Abıyevlərin hegemonluğuna heç bir icra başçısı bata bilməyib.
Nə Masallının icra hakimi olmuş Qəzənfər Ağayev, nə sonuncu işdən çıxarılan İH rəhbəri, Ağcabədiyə təyinat alan Rafil Hüseynov Abıyevlərlə baca bilmişdi. Hətta demək olar ki, Nadir Abıyev özünü həmişə Masallının ağası, icra başçısı kimi aparırdı.
Hətta Qəzənfər Ağayevin Masallıda İH başçısı olduğu dövrdə Abıyevlərlə yola getmirdi, onun əleyhinə rayonda təşkil edilmiş aksiyada Əhəd Abıyev deputat olarkən çıxış eləmiş, narazı kütləni arxasına almışdı.
Ondan sonra Q.Ağayev Astaraya təyin olundu, onu Masallıdan didərgin saldılar. Yerinə gələn Rafil Hüseynov isə sakit təbiətə malik idi və Abıyevlərlə baş-başa gəlmək gücünə malik deyildi.
Ona görə Nadir Abıyev onun vaxtında da I müavin vəzifəsini daşıyırd. R.Hüseynov Ağcabədiyə təyinat alanda bəlkə də sevinib ki, Abıyevlərdən canını qurtard.
Fəqət belə görünür ki, Şahin Məmmədov başqa bir kadrdr, o, Abıyevlərin Masallıda hökmranlığına, erasına son qoymuş oldu. Sözsüz ki, buna onun tək iradəsi çatmazdı.
Xəbərlər dolaşır ki, Masallının yeni icra başçısı yüksək ranqlı məmurla razılaşdıraraq N.Abıyevi 1-ci müavin postundan kənarlaşdırıb. Əslində, bu, qardaşı Əhəd Abıyevə vurulan zərbə və göstərilən “əzələ nümayişi”dir.
Belə nəticə hasil olur ki, Masallı Abıyevlərin əlindən çıxıb, oradakı biznes obyektlərinə də nə vaxtsa əl qoyulacağı istisna deyil. Bəzi iddialara görə, Şahin Məmmədovun Nadir Abıyevi işindən uzaqlaşdırması Abıyevlərə müharibə elan etməkdir.
Daşkəsənin icra başçısı olan və böyük maliyyə imkanlarına, biznesə, obyektlərə malik Əhəd Abıyevin dünənə qədər arxa-dayağı zəif deyildi, olduqca güclü himayədarları varıydı.
Ona nə Daşkəsəndə, nə Masallıda batan olardı. Hətta Əmlak Komitəsinin sədri olmuş, indi prezidentin köməkçisi Kərəm Həsənovla filiz kombinat uğrunda savaşı gedirdi.
Amma yaxın əlaqələri olan Gəncənin sui-qəsd edilmiş icra başçısı Elmar Vəliyevdən sonra Əhəd Abıyev zəifləməyə başladı.
Ola bilsin ki, mövqeyi tamamilə sarsılan Abıyev indi Masallıya nəzarəti də əldən çıxarıb.
Fevralın 21-də isə Ə.Abıyevin digər qardaşı Zəfər Abıyev DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi vəzifəsindən azad edilmişdi.
Yəni, Abıyevlərin yola salınması başlanıb. Bu gedişlə Daşkəsən icra başçısı vəzifəsinə də yeni təyinat olacağı gözləniləndir. Onsuz da prezident İH-lərdə kadr islahatları aparır və Daşkəsəndən də narazılıqlar az deyil.
Onu da deyək ki, Ə.Abıyev qardaşının Masallı RİH-də I müavin postundan çıxarılmasını ona zəng edən jurnalistlərə şərh etmək istəməyib, lakin qəzəbli olduğu və revanşa hazırlaşdığı, Şahin Məmmədova zərbə vurmaq niyyəti güddüyü iddiaları səslənir.
Bütün bu təhlil, mülahizə və yayılmış faktlar, iddialarla bağlı həm Masallı, həm Daşkəsən İH-lərinin mövqeyini dərc etməyə hazırıq.
REPORTYOR.info