Babək rayon Nehrəm qəsəbə sakini Kamran Teymurbəylidən avtomobili öz adına qeydiyyata saldırmaq üçün alınan 510 manat rüşvət geri qaytarılıb. Həmin məbləği ondan BYPİ-nin „Meyvəli terminal ərazisindəki“ qeydiyyat-imtahan şöbəsinin əməkdaşları ötən həftə almışdı. Bu haqda „Gündəlik Naxçıvan“a Kamran Teymurbəylinin özü məlumat verib.
O bildirir ki, „Gündəlik Naxçıvan“ problemi işıqlandırdıqdan dərhal sonra şöbə əməkdaşları ona zəng edərək, anlaşılmazlıq olduğunu bildiriblər:
“Dedilər ki, əməkdaş səhv edib. Məndən üzr istəyib, aldıqları pulu geri qaytardılar. Etibarnamənin vaxtına üç gün qalırdı deyə, məcbur o pulu vermişdim. Yoxsa, aldığım maşın əlimdən çıxacaqdı. Mən halal pul qazanan adamam. Demişdim o pulu sizə yedirtməyəcəm, elə də oldu. Qeydiyyat və nömrə
üçün 100 manata yaxın qanuni dövlət rüsumunu saxlayıb, gerisini özümə qaytardılar”.
İki qazi atası olan Kamran Teymurbəyli problemlə bağlə bir neçə gün öncə „Gündəlik Naxçıvan“a müraciət etmişdi. O öz müsahibəsində prezident İlham Əliyevə müraciət edərək, ondan alınan artıq pulun geri qaytarılmasını xahiş etmişdi. //„Gündəlik Naxçıvan“//