Azərbaycanda mühafizə şirkəti vətəndaşları "işə düzəltmə" adı ilə aldadaraq, onlardan 180 manat pul alır.
Millitv.az xəbər verir ki, bunu Sonxeber.az-a müraciət edən M.İ (ad şərtidir) bildirib.
O, qeyd edib ki, Xırdalanda yerləşən "FİLEUR Global Security Group" MMC ondan "forma pulu" adı ilə 180 manat pul alıb:
"Şirkətə müraciət edən zaman sorğuya 10 manat pul aldılar. Sorğunu götürən xanım söylədi ki, 10 manat ödənişi etməsəm, adımı qeyd eməyəcək. Əslində heç aidiyyəti olmayan bir şeydir. Ondan sonra mənə dedilər ki, formaya 170 manat pul ödəməliyəm. 170 manat pulu ödəyəndən sonra lazım olan sənədləri toplamaq üçün mənə siyahı verdilər. Mən siyahıdakı sənədləri toplayıb təqdim etdikdən sonra uzun müddət keçsə də, onlardan bir xəbər çıxmadı.
Yenidən şirkətlə əlaqə saxladım. Dedilər, guya adımı qeyd ediblər. Lakin hesab edirəm ki, mən ödəniş etsəm də, onlar adımı qeyd etməyiblər. Pulumu geri istəyəndə məndən 40 manat sənədləşməyə çıxdılar, yəni cəmi 140 manat geri qaytardılar. Məni aldatdıqları azmış kimi, 40 manat pulumu da çıxdılar".
Məsələ ilə bağlı Sonxeber.az "FİLEUR Global Security Group" MMC ilə əlaqə saxlayıb.
Şirkətdən verilən məlumata görə, onlar iş üçün müraciət edən vətəndaşlara forma təklif edirlər:
"Əgər vətəndaş imtina edərsə, o zaman ödədiyi pul geri qaytarılır. Sizə müraciət edən vətəndaş yenidən şirkətə yaxınlaşsın. Çalışacağıq ki, problemi araşdırıb həll edək".