Axtarış...

Nə həkimlər dəyişib, nə xəstəyə münasibət… - Göyçayda RÜŞVƏT QALMAQALI

Nə həkimlər dəyişib, nə xəstəyə münasibət… - Göyçayda RÜŞVƏT QALMAQALI


“İlyarım əvvəl də həyat yoldaşımın hamiləliyi həkimlərin səhlənkarlığı üzündən pozuldu. İndi yenə həyat yoldaşım hamilədir. Hemotoma ilə (qanaxma) xəstəxanaya götürmüşük, nə həkimlər dəyişib, nə xəstəyə münasibət…”

Göyçay rayon sakini Səxavət Qafarov Meydan TV-yə danışır ki, həyat yoldaşı, 29 yaşlı Günel Qafarovanı iyunun 28-də keçirdiyi hamiləlik dövrü qanaxma səbəbilə (hemotoma) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə aparıb.

İlkin qeydiyyatdan sonra Günel Qafarovanı xəstəxananın Ginekologiya Şöbəsinə yerləşdiriblər. Həkim müayinəsindən sonra isə USM müayinəsi məsləhət görülüb və pasiyenti həkimin kabineti ilə yanaşı olan USM müayinə otağına yönləndiriblər.

“50 dəqiqədən çox növbə gözlədi”

Səxavət Qafarovun sözlərinə görə, həyat yoldaşı USM otağının qarşısına gətirilsə və durumu ağır olsa da, 50 dəqiqədən çox növbə gözləməli olub:

“Qanaxmayla gətirilən xəstə yarım saatdan çox həkimin otağında ləngidilib, 1 saata yaxın da USM otağının qarşısında… Bəlkə, elə öləydi… İnsan həyatı həkimlər üçün bu qədərmi ucuzlaşıb?.. Xəstə ağrılardan, qanaxmadan dəhlizdə qıvrıla-qıvrıla qalıb, heç kimin vecinə deyil, növbə gözləməlidir, vəssalam. 50 dəqiqədən çox gözləyəndən sonra, nəhayət, növbəsi çatdı. Xəstəxanada 2 saata yaxın ləngidilən xəstəyə USM müayinəsindən sonra həkim qayıdıb ki, sənin vəziyyətin çox ağırdır, uşaq tələf ola bilər, sən yataq rejimində olmalısan. Bu, xəstəni ələ salmaq deyilmi?..”

“Məndən aldıqları pulu sanki başıma çırpdılar”

Səxavət Qafarovun sözlərinə görə, İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olan USM üçün ondan 6 manat alıblar.

O həm hamilə həyat yoldaşının 1 saata yaxın növbədə gözlədilməsinə, həm də ondan USM-ə pul alınmasına görə baş həkimə və xəstəxananın direktoruna şikayət edib:

“Mənim baş həkimə şikayətimdən sonra pulu geri qaytardılar. Elə şəkildə geri qaytardılar ki, o pulu başıma çırpsaydılar, daha yaxşı idi. Üstəlik, guya araşdırma aparırlarmış kimi, həyat yoldaşımı ağır vəziyyətdə bir həkimə qoşub qonşu korpusdan gətirdilər. Qanaxmadan ayaq üstə dayana bilməyən hamilə qadını sorğu-sual edirdilər ki, görsünlər əri düz deyir, yoxsa yox?”.

“İlyarım əvvəl körpəmizi bu həkimlərin səhvindən itirdik”

“O vaxt da həyat yoldaşımı bu xəstəxanaya gətirdik. Dedilər ki, 3 gün burada yatsın, razılaşdıq. Müalicəni düzgün aparmadılar, gördülər, bətnindəki körpəsi bir tərəfə, həyat yoldaşım özü də həyatını itirmək üzrədir, qorxuya düşdülər. Dedilər, “Bakıya apar”. Mən onu Bakıya çatdırınca körpə tələf oldu”, – deyir Səxavət Qafarov.

Xəstəxana rüşvət alınmasını təkzib edir…

Göyçay Rayon Mərkəzi Xəstəxanasından Meydan TV-yə bildirilib ki, Günel Qafarova iyunun 28-də saat 12:42 radələrində xəstəxananın Təcili Tibbi Yardım bölməsinə daxil olub.

Həkim-mama-ginekoloq tərəfindən müayinə olunduqdan sonra saat 13:00 radələrində “USM” müayinəsinə göndərilib.

Müayinə nahar fasiləsindən sonra baş tutub.

Xəstənin həyat yoldaşı Günel Qafarovadan ödəniş alınmasını və ona laqeyd yanaşılmasını bildirərək şikayətçi olub, xəstəxananın direktorunun qəbulunda olub.

Şikayət dinlənildikdən sonra isə məsələnin araşdırılması üçün xəstəxananın müvafiq şöbəsinin müdiri, ittiham olunan həkimlərin və şikayətçilərin iştirakı ilə tərəflər dinlənilib.

Məlum olub ki, tibb personal pasientə diqqətlə yanaşıb və ona qarşı heç bir pul tələbi irəli sürülməyib.

Meydan TV
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz