Axtarış...

Əməliyyatlar bitsə də, Füzulidə internet bərpa olunmur - NARAZILIQ VAR...

Əməliyyatlar bitsə də, Füzulidə internet bərpa olunmur - NARAZILIQ VAR...

Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyata başlayandan dərhal sonra “Aztelekom”, həmçinin “Nar Mobile”, “Bakcell”, “Azercell” Füzulidə internetin verilməsini dayandırıb.

Əməliyyatlar bir gün sonra bitsə də, internet hələ də bərpa edilməyib.

Meydan TV-nin Füzuli rayonundakı əməkdaşı deyir ki, problemlə əlaqədar aidiyyəti qurumlara edilən müraciətlərə əhəmiyyət verilmir.

Onun sözlərinə görə, Füzulinin Arayatılı kənd sakinləri günlərdir ki, bu problemin həlli ilə bağlı müraciətlər edirlər:

“Camaat əsəb, gərginlik içindədir. İnternetin kəsilməsi, informasiya hüquqlarının məhdudlaşdırılması ilə bağlı vətəndaşlara məlumat verilməyib. İnternet üzərindən işlərini quran şəxslər çıxılmaz vəziyyətə düşərək, Bakıya üz tutublar. Onlayn repetitorla məşğul olan şagirdlər də dərslərini dayandırmalı olublar”.

Jurnalist deyir ki, özü də problemlə bağlı aidiyyəti qurumlara müraciət edib:

“Məsələ ilə əlaqədar bütün aidiyyəti qurumlara zəng edirəm, nə səbəb bildirirlər, nə də internetin nə zaman bərpa ediləcəyi haqda məlumat verirlər. Əhali isə hansısa əsassız səbəbdən informasiya blokadasında saxlanıldıqlarını deyir”.

Arayatılı kənd sakini Mehrəliyeva Diləfruzun sözlərinə görə, internet yalnız dövlət müəssisələrinə, məktəblərə, banklara və Füzuli Rayon İcra Hakimiyyətinə verilir:

“Adamlar da məhdudiyyəti aradan qaldırmaq üçün VPN yükləyərək, mobil operatorların internetindən istifadə edirlər. Bu da günün müəyyən saatlarında mümkün olur. İnsanların həm əsəbi gedir, həm də mobil operatorlara xeyli pul xərcləməli olurlar”.

O deyir ki, rayona internet 2013-cü ildə çəkilib. Yeganə provayder olan “Aztelekom”un internetində isə həmişə problemlər yaşanıb:

“On il ərzində bir dəfə də olsun kabellər dəyişdirilməyib, xətlərdə yenilənmə işləri aparılmayıb. İkinci Qarabağ müharibəsi zamanı raket mərmiləri nəticəsində internet kabelləri zədələnmişdi. Qırılan kabelləri bir-birinə calaq ediblər. Güclü külək əsəndə internet qırılır. “Aztelekom”a, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) şifahi və yazılı müraciətlər etsək də, nəticəsiz qalır”.

Provayder və mobil operatorlar susur

Meydan TV məsələ ilə əlaqədar “Aztelekom”a sorğu göndərsə də, cavab almayıb.

Qurumun “170 Çağrı mərkəzi”ndən isə “Məsələni araşdıracağıq”, – deməklə kifayətləniblər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən isə deyiblər ki, məsələ həll olunmaq üzrədir.

“Narahatlığa əsas yoxdur. İnternet bərpa ediləcək. Vətəndaşlara səbrli olmağı tövsiyə edirik”, – nazirlikdən bildirilib.

“Azercell”, “Bakcell” və “Nar Mobile”ın da mətbuat xidmətlərinə yönləndirilmiş sorğular da cavabsız qalıb.

İnternetə hansı hallarda məhdudiyyət qoyula bilər?

Hüquqşünas Ələsgər Məmmədli Meydan TV-yə deyir ki, ölkədə fors-major, fövqəladə və ya hərbi vəziyyət elan edilmədiyi təqdirdə internetin məhdudlaşdırılması qanunsuzdur:

“Bu, mülki hüquq öhdəlikləri baxımından da problem yaradır. Vətəndaşlar internet provayderlərinə, mobil operatorlara müqavilə əsasında ödənişlərini öncədən ediblər. Buna baxmayaraq, onların ödəniş etdiyi internet trafikini ala bilmirlər. Bu qanunsuzluğa görə vətəndaşların kütləvi şəkildə internetlərini dayandıran provayder və mobil operatorlara qarşı məhkəmə iddiası qaldırması daha məntiqli olar. O zaman bu qanunsuz əmri kimin verdiyi, bəlkə, məhkəmədə ortaya çıxar”.

Ekspert deyir ki, internetin kəsilməsi ilə əlaqədar öncədən istehlakçılara məlumat verilməli idi:

“Azərbaycan qanunvericiliyində heç bir halda göstərilməyib ki, hansısa yerdə müvəqqəti və ya günlərlə internet kəsilə bilər. Baş verən hadisə hüquqazidd, özbaşına bir hərəkətdir və vətəndaşları qanunsuz olaraq incitmək, eyni zamanda onların informasiya əldə etmə hüquqlarını məhdudlaşdırmaqdır”.

İKT üzrə ekspert, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz isə Meydan TV-yə deyir ki, lokal hərbi əməliyyatı fövqəladə və ya hərbi vəziyyət hesab etmək olar:

“Dövlət bəlli bir bölgədə antiterror əməliyyatı keçirdiyi vaxtda internetlə bağlı hansısa məhdudiyyətlərin olması anlaşılandır. Antiterror əməliyyatı da hərbi və ya fövqəladə vəziyyət hesab etmək olar. Amma hazırda əməliyyatlar başa çatıbsa, vəziyyət dövlətin nəzarəti altındadırsa, kommunikasiyaların bərpası, internetin açılması, mobil internetin xidmətinin aktivləşdirilməsi doğru olardı”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz