"Hakim Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının indiki və keçmiş sədrinin mərkəzi aparatdan gizli şəkildə pul qazanmaq məqsədilə maraqlı bir alqı-satqı əməliyyatı həyata keçirdiklərinə dair məlumat əldə etmişik. Söhbət YAP Nizami rayon təşkilatına məxsus binanın bir hissəsinin özəlləşdirilərək satllmasından gedir. Təsəvvür edirsiz?" Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Hazırda deputat kimi fəaliyyət göstərən Sədaqət Vəliyeva o zamanlar köməkçisi, sonra isə YAP Nizami RT-nin aparat rəhbəri olmuş hazırkı sədr Ramil Vəlibəyovla əlbir olaraq, Hakim partiyanın əmlakının nəzərəçarpacaq dərəcədə böyük hissəsini baba mirası, ata mülkü kimi satıblar və bu maxinasiya partiyanın mərkəzi aparatından gizlədillib. Soruşacaqsınız ki, necə? Darıxmayın, keçmiş sədrin öz köməkçisi ilə birləşərək, əmlak bazarına girişməsinin detallarını ardıcıllıqla nəzərinizə çatdıracağıq. Onu da deyək ki, bu ekzotik cütlükün əmlak satışından başqa,mərkəzi aparatın xəbəri olmadan digər əməliyyatlar da həyata keçiriblər. Keçmiş sədr öz köməkçisi ilə birgə Yap Nizami rayonu Təşkilatını ticarət, iaşə obyekti kimi idarə edib. Sədr öz köməkçisinin əli ilə rayonun biznes stukturlarını, maşın alverçilərini “ partiya ehtiyaclarının ödənilməsi” adı altında inək kimi sağıblar. Hətta “aylığa” otuzdurduqları şirkət rəhbərləri də var və bu pullardan bir qəpik belə mərkəzi aparata ödənilməyib, Vəliyeva-Vəlibəyov cütlüyü hamısını həzm-rabedən keçiriblər.
Qayıdaq bina məsələsinə, daha doğrusu özü boyda da yerin altında olan Sədaqət Vəliyeva ilə onun pulyığan maşını olan, sonra da özünün yerinə sədr gətirdiyi Vəlibəyovun maklerlik fəaliyyətinə. Yox, onlar partiyanın əmlakını Neftçilərdəki məşhur maklerlər bağında satmayıblar. Əməliyyat unikal şəkildə və “TAM MƏXFİ” qrifi altında həyata keçirilib.Əvvəlcə, sözügedən binanın, yəni Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti 2P ünvanındakı rayon təşkilatının binasının bir hissəsi vətəndaş Əliyev Adəm Bayram oğluna satılıb və onun adına özəlləşdirmə aparılıb. Əliyev Adəm Bayram oğlunun adına olan çıxarışdan da görünür ki,özəlləşdirilmiş hissə 26.06.2013-c ildə rəsmi qeydiyyata alınıb (Çıxarış əlavə olunur - Red).
Beləcə həmin vaxt YAP Nizami rayon təşkilatının sədri olmuş Sədaqət Vəliyeva və onun köməkçisi- aparat rəhbəri, hazırda isə sədr olan Ramil Vəlibəyovla birgə hakim partiyanın əmlakı sırasında olan binanı mərkəzi aparatdan gizli şəkildə parçalayaraq satıb və əldə olunan vəsaitdən şəxsi məqsədlər üçün yararlanıblar. Kənardan əlbəttə ki, bina bütöv görünür və belə təsəvvür yaranır ki, göz oxşayan tikili bütövlüklə YAP Nizami rayon təşkilatına məxsusdur. Lakin sənədlər bunun əksini sübut edir. Yeri gəlmişkən YAP-ın əmlakı üzərində mülkiyyətçi hüququ qazanmış Adəm Əliyevin kimliyi məlum deyil..."
DAVAMI VAR...
İddia olunanlarla bağlı dia.az olaraq büttün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...