Xatırladaq ki, 2012-ci il iyunın 5-də Suraxanı rayonunda fəaliyyət göstərən “Altun” istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel, həmin rayonun Yeni Günəşli qəsəbəsində yerləşən “Badi-Kübə” Mənzil-tikinti kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəşlər açaraq MTK-nın sədri Məmmədov Samid Abış oğlunu qəsdən öldürüb, sonuncunun xalası oğlu, həmçinin MTK-nın təsisçisi Qəmbərov Ədalət Nəcəf oğlunu isə qəsdən öldürməyə cəhd edərək bədən xəsarəti yetirmişdi. Aparılan istintaqla müəyyən edilmişdi ki, 2003-cü ildən təsis edilən “Badü-Kubə” Mənzil-tikinti kooperativi alqı-satqı müqaviləsi əsasında 2007-ci ildən Ədalət Qəmbərov tərəfindən alınıb. Ə.Qəmbərov kooperativ tərəfindən Yeni Günəşli qəsəbəsində 0.40 ha torpaq sahəsində tikilməkdə olan yaşayış binasının inşaasını davam etdiribdi. Həmin dövrdə qeyd edilən torpaq sahəsinin, eyni zamanda qonşuluqda yerləşən “Altun” istirahət mərkəzinin sahibi A.Əsədullazadə “Badü-Kubə” MTK-nın təsisçisi Ə.Qəmbərova müraciət edərək MTK-nın əvvəlki sahibi ilə aralarında olan şifahi razılaşmanı xatırladaraq bina tikilib istifadəyə verildikdən sonra həmin ərazinin sahibi kimi ona hazır binadan 3500-4000 kvadrat metr yaşayış sahəsi verilməli olduğunu bildiribdi. Ə.Qəmbərov kooperativin yeni sahibi kimi bu şərtlə razılaşaraq binanın tikintisini davam etdiribdi. 2008-ci ilin avqust-sentyabr aylarında binanın tikintisi üçün A.Əsədullazadə tərəfindən əlaqədar təşkilatlardan müvafiq sənədlər alınmadığından Ə.Qəmbərovla aralarında mübahisə yaranıbmış.
Bundan sonra “Badu-Kübə” MTK-nın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsındən daxil olan cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılıbdı. Həmin vaxt istintaqla müəyyən edilib ki, “Badu-Kübə” MTK-nın təsisçilərindən olan Əliyev Nəsib Yusif oğlu və Cabbarov Zaur Zeynal oğlu müxtəlif vaxtlarda rəsmi sənədlərdən istifadə etməklə MTK tərəfindən tikintisi başa çatdırılmamış binada mənzilləri 101 vətəndaşa təkrarən sataraq 3.883.332 manat məbləğındə pulu, o cümlədən “A.R.&Ko” MMC-nin direktoru Əsədullazadə Asif Yusif oğlu “Badu-Kübə” MTK-nın inşa etdiyi yaşayış binasından mənzilləri 21 vətandaşa təkrarən sataraq 632.538 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək külli mıqdarda ziyan vurmaqla dələduzluq ediblər.
Nəsib Əliyevə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri, Zaur Cabbarova isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmiş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 2014-cü il fevral ayının 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əliyev 13 il, Z.Cabbarov 9 il, müddətinə azadlıqdan məhrum edilib, A.Əsədullazadə isə 8 il müddətinə şərti cəza alıbdı.
Bir maraqlı məqamı da qeyd edək ki, bütün bu istintaq və məhkəmə proseslərindən MTK-nın təsisçisi Qəmbərov Ədalət Nəcəf oğlu hansısa havadarının köməkliyi ilə nədənsə kənarda qalıbdı. Bunu yuxarıda adlarını çəkdiyimiz və hazırda azadlığa buraxılmış şəxslər də təsdiq edirlər. Bu yaxınlarda aktualxeber.az-a və hüquq-mühafizə orqanlarına üz tutan bir qrup vətəndaşlar Ə.Qəmbərovdan şikayətçidirlər. Onlar iddia edirlər ki, Ədalət bəy vaxtilə onlardan pullar alıbdı və geri qaytarmır. Bəzi dəqiqləşdirmələr apardıqdan sonra daha geniş məqaləni oxucularımıza təqdim edəcəyik.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //aktualxeber.az//