Naxçıvpoçt”un əməkaşları beş aydır ki, maaş almadıqlarını bildirirlər. Buna səbəb kimi isə dövlət büdcəsində maliyyənin olmaması göstərilir.
Millitv.az bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a bir qrup poçt işçisi məlumat verib.
Əvvəllər publik hüquqi şəxs olan „Naxçıvpoçt” avqustun əvvəlindən Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazrliyinin tabeliyinə verilib. Poçt işçilərindən B. Nağıyev deyir ki, əvvəl maaşın verilməməsinə səbəb təhvil-təslim işlərinin başa çatmaması göstərilibmiş:
“Naxçıvanda siyasi dəyişkilikdən sonra bütün idarələr kimi bizim idarədə də maaşlar gecikdirilir. İdarə hüquqi şəxs olanda maaş problemini mətbuatda işıqlandırdıq, 1-2 aylığını verdilər. Sonra yenə dayandırdılar. Avqust ayında dedilər ki, iflas olduğundan nazirliyini tabeliyinə verilir. Sevindik ki, nəhayət maaşlarımızı ala biləcəyik. Öncə dedilər ki, təhvil-təslim bitsin, bütün maaşlar veriləcək. İndi də deyirlər ki, büdcədə pul yoxdur. Bu necə nazirlikdir ki, işçilərinə verməyə pul tapa bilmir?”
Digər şikayətçi A. Qasımov deyir ki, maaş tələb edənləri isə, işdən çıxarmaqla hədələyirlər:
“Fevral ayından maaş almırıq. Başqa gəlir yerimiz də yoxdur. Məktəblər açıldığına görə, xərclərimiz də artıb. Övladlarımızın ehtiyaclarını ödəyə bilmirik. Hamımız borc içindəyik. Bəzilərimiz ehtiyaclarımızı ödəmək üçün banklardan kredit də götürmüşük. Vəziyyətimiz günü-gündən ağırlaşır. Maaşlarımızı isə vermirlər. Deyirlər ki, büdcədə pul yoxdur. Bəs bizim yığıb verdiyimiz pullar hara gedir ki, maaşa pul qalmır? Bizi onsuz da aşağı maaşa işlədirlər. Axşamlar növbətçi də qalırıq. Aldığımız isə minimum əmək haqqı miqdarında - 310 manatdır. Bu gün, sabah edə-edə aylar keçir. Tələb edəndə də deyirlər ki, ərizəni yaz işdən çıx. Mən 15 ildir poçta işləyirəm. Yaşım da keçib. Başqa iş əlimdən gəlmir. İşdən çıxsam belə iş tapa bilməyəcəyəm.”
Naxçıvanda 7 rayon filialı, 175 poçt bölməsi var və burada yüzlərlə işçi çalışır.