Axtarış...

Əlbir olub bələdiyyə icra ilə... - İmişlidə NƏ İŞLƏR ÇEVRİLİR?

Əlbir olub bələdiyyə icra ilə... - İmişlidə NƏ İŞLƏR ÇEVRİLİR?


Bir neçə həftə əvvəl "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda canlı yayımlanan "Kamalın zamanı" proqramında, İmişli rayon bələdiyyəsinin özünün sözlərinə görə rayon İcra Hakimiyyəti ilə əlbir olub qanunsuz işlər gördüyününün - "ölü canlar" saxladığının anonsunu vermişdik.

Təkrar olaraq, xatırladırıq ki, bir müddət əvvəl redaksiyamıza İmişli rayon sakini Əkbərova Əsmər Allahyar qızı tərəfindən müraciət daxil olub.
Xanım müraciətində bildirir ki, "Maddi vəziyyətim çox ağırdır. Ailəmdə kimsə işləmədiyi üçün övladlarımı dolandırmaq üçün əziyyət çəkirdim. Bununla bağlı ünvanlı sosial yardım üçün İmişli rayonunda Dövlət Sosial Müdafiə Fonduna müraciət etdim. Mənə bildirdilər ki, ünvanlı sosial yardım aztəminatlı ailələr üçün nəzərdə tutulub. Yalnız, minimum əmək haqqı ilə işlədiyim halda mən də bu yardımdan yararlana bilərəm.

Hər hansı bir işlə təmin olunmağım üçün İmişli rayon İcra Hakimiyyəti başçısınndan xahiş etdim. Bundan sonra, İmişli rayon Bələdiyyəsinin sədri Mehman İsmayılov məni rəsmi olaraq (yalnız kağız üzərində) işlə təmin etdi və maaş kartını mənə verərkən bildirdi ki, "hər ay bu karta köçən məbləği çəkib mənə gətirəcəksən". Bir neçə ay belə də etdim. Mənə ünvanlı sosial yardım təyin edildi, adım isə kağız üzərində şəhər bələdiyyəsində işçi olaraq gedirdi. Mehman İsmayılovun tapşırdığı kimi hər ay onların verdiyi maaş kartına köçən məbləği aparıb ona verirdim. Sonra ehtiyacım yarandı 2-3 ay karta köçən maaşın üstündən 15-20 manat götürməli oldum.

Belə olan halda Mehman müəllimin mənə acığı tutdu və bu barədə İcra başçısı Elçin Rzayevə məlumat verdi. Elçin Rzayev məni otağına çağırıb, elə Mehman müəllimin yanında danladı ki, "niyə pulun üstündən götürürsən? Axı sən bilirsən o pul sənin deyil". Mən də çox utandım və söz verdim ki, bu hal bir də təkrar olunmayacaq.

Sonrakı aylardan birində elə oldu ki, övladım xəstələndi və onun müalicəsi üçün həqiqətən ehtiyacım yarandı. Məcburiyyət qarşısında qalaraq, karta köçən məbləğin hamısını xərclədim.
Bu səbəbdən də mənim xəbərim olmadan Mehman İsmayılov məni 70-in "Ç" bəndi ilə işdən çıxarıb. 4-5 ay idi ünvanlı sosial yardım alırdım, ordan da yardım dərhal kəsildi. İndi nə o maddə ilə heç yerdə işləyə bilmirəm, nə də ünvanlı sosial yardım almıram, övladlarım evdə acdır".

Xanım hətta telefonla danışarkən bildirdi ki, bu kimi faktlar İcra Hakimiyyəti və şəhər bələdiyyəsində 10-larladır.

Qeyd edək ki, Əsmər Əkbərovanın müraciət ilə bağlı biz bələdiyyə sədri Mehman İsmayılov ilə də telefon əlaqəsi saxladıq.
Mehman İsmayılov məlumatı təsdiq etdi, hətta Elçin Rzayevin də məsələdə qatqısı olduğunu bildirdi və xanımın işə getmədiyi halda hər ay maaş aldığını da vurğuladı.

Qeyd: Mehman İsmayılovla telefon danışığımızın səs yazısı və xanımın iddialarını təsdiq edən dəlillər maddi sübut olaraq redaksiyamızın arxivində saxlanılır.

Biz bütün bunlar barəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və digər aidiyyatı qurumlara rəsmi sorğular göndərmişik və lazım gələrsə, əlimizdəki maddi sübutları da təqdim edəcəyimizi də vurğulamışdıq. Lakin, təəssüflər olsun ki, kifayət qədər zaman keçməsinə baxmayaraq, aidiyyatı qurumlar tərəfindən rəsmi müraciətlərimizə hələ də heç bir cavab göndərilməyib. Məsələ bu cür davam edərsə - aidiyyatı qurumlar məsələylə bağlı hər hansı tədbir görməzsə, biz növbəti günlərdə sözügedən dəlilləri ictimaiyyətə təqdim etmək məcburiyyətində qalacağıq.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz