Azərbaycan Prezidenti çıxışlarında və ictimaiyyətin nümayəndələri ilə yerlərdə keçirdiyi görüşlərdə vətəndaşlara birbaşa müraciət edərək qarşılaşdıqları bütün problemlər və neqativ hallar barədə aidiyyəti dövlət qurumlarına və Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına məlumat verməyi tövsiyə etmişdir. Həmçinin ölkə başçısı dəfələrlə dövlət orqanlarının rəhbərlərinə müraciət edərək vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi ilə bağlı tələblərini irəli sürmüşdür.
Redaksiyamıza İmişli rayonu, Heydər Əliyev prospekti, ev 102, mənzil 8-də yaşayan II qrup əlil Elçin Xəlilov müraciət etmişdir. O, yazılı müraciətində bildirir ki, 8 noyabr 2021-ci ildə - Qələbə bayramı günü İmişli Rayon Polis İdarəsinin rəis müavini Akif və yanındakı iki polislə bərabər mənə məxsus böyük ölçüdə 7 ədəd Azərbaycan bayrağı və 10 ədəd kiçik ölçüdə Azərbaycan – Türkiyə bayrağını aldılar. Mən polis rəisinin müavini Akifdən çox xahiş etsəm də bayrağları mənə qaytarmadı. O dedi ki, bayraqları verəcəm İmişli bazarının polisi Allahverdi Xəlilova. Ancaq Allahverdidən də xəbər çıxmadı.
Şikayətçi ona məxsus bayraqların geri alınması üçün redaksiyamızdan kömək istəyir. Əlbəttə, vətəndaşın tələbi İmişli Rayon Polis idarəsində ciddi araşdırılmalı və zəruriyyət varsa, ciddi tədbir görülməlidir. Vətəndaşın öz hüquqlarını qorumaq üçün digər təşkilatlara üz tutması görünür məsələyə laqeyd münasibətin nəticəsidir.
Elçin Xəlilova qeyd etdiyimiz kimi II qrup əlildir. O, həm də Dövlət Sosial Müdafiə Fondunun İmişli Rayon Şobəsində ona göstərilən, laqeydlikdən, biganəlikdən şikayətlənir. Onun dediyinə görə 3 dekabr – Beynəlxalq əlillər günündə Dövlət Sosial Müdafiə Fondunun İmişli Rayon Şobəsinin rəhbərliyi əlillərə pul və ərzaq verdiyi halda bilərəkdən onu bu paydan kənarda qoyublar. Elçin Xəlilova ona qarşı edilmiş bu haqsızlıqla əlaqədar İmişli Rayon İcra Hakimiyyətinə şikayət etsə də, şikayətinə baxan olmayıb. Ehtiyacı olanlara ərzaq paylanarkən İmişli Rayon İcra Hakimiyyəti başçısının İmişli şəhəri üzrə nümayəndəsi Elçin Xəlilova hansı səbəbdənsə siyahıya salmır. Halbuki əlil maddi sıxıntılar içində yaşayır. Dərman almağa pulu çatmır, kommunal xərcləri ödəyə bilmir.
İmişli rayonunun əlaqədar təşkilatları əlil Elçin Xəlilova müraciətlərinə baxılması ilə əlaqədar qanunvericiliyin tələblərinə ciddi əməl etməyə borcludurlar. Cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan bu kateqoriyasının üzvünün haqlı tələblərinin yerinə yetirilməsinə diqqət gücləndirilməlidir. Yerli hakimiyyət orqanları əlilin müraciətinə xüsusi həssaslıqla yanaşmalı, müraciətdə qeyd olunan məsələlərin həlli barədə ona lazımi izahat və düzgün istiqamət verilməsinə maksimum səy göstərməlidirlər.