Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Millitv,az News24-ə istinadla xəbər verir ki, prosesdə Sabunçu qəsəbə icra nümayəndəsi Vüsal Hüseynov şahid kimi dindirilib.
O bildirib ki, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində obyektin tikintisinə şərait yaradıb: "Elşən Mehdiyev küçəsində tikiinti gedirdi. İcra başçısı zəng edib mənə dedi ki, E. Mehdiyev küçəsindəki tikili "Əvəz Zeynallının qohumunundur, onunla işiniz olmasın". Birinci dəfə obyekt tikiləndə qanunsuz tikili olduğundan sökdük. İkinci dəfə yenidən tikilməyə başlandı. İcra başçısı Adil Vəliyev zəng elədi ki, o obyektə dəyməyin. Bir də həmin obyekə yaxın getmədik".
Vəkillərin suallarını cavablandıran Vüsal Hüseynov bildirib ki, o icra başçısının tapşırığını icra edib: "Mən obyektin qanuni və ya qanunsuz tikildiyini bilmirəm. Mənə əsas başçının tapşırığıdır onu yerinə yetirmişəm".
Məhkəmədə məlum olub ki, iş üzrə digər şahidlər- Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və millət vəkili İmamverdi İsmayılov prosesə çağırılsa da, onlar məhkəmə iclasına gəlməyib. Hakim bildirib ki, həmin şəxslər növbəti dəfə prosesə gəlməsə, onların məhkəməyə məcburi gətirilməsi müzakirəyə çıxarılacaq.
Proses sentyabrın 15-də davam etdiriləcək.