Axtarış...

Məktəbli forması DƏLƏDUZLUĞU - NARAZILIQ VAR...

Məktəbli forması DƏLƏDUZLUĞU - NARAZILIQ VAR...


Milyon qazanıb, amma dövriyyəsini “kartdan-karta at” üsulu ilə gizlədən “Ela” adlı əcnəbi satış şəbəkəsi…

Azərbaycanda Təhsil Nazirliyi ilə əlbir olan bəzi şirkətlər əhalini sözün həqiqi mənasında talamaqla məşuldurlar. Tədris ili boyu valideynlərdən müxtəlif adlar adı altında ödənişlər toplamaqla yanaşı, həm də fərqli konsert proqramları, teatr tamaşaları və başqa adda mədəni tədbirlərdə iştirak məcburi xarakter daşıyır. Xüsusi yerlərə ödənişli ekskursiyaların təşkilini hələ demirəm. Aydındır ki, belə üsullarla valideynlərdən toplanan vəsaitlər Təhsil Nazirliyi ilə həmin təşkilatçılar arasında bölünür.

İndi də belə bir addımı məktəbli formaları ilə bağlı atırlar. Şəhərin mərkəzində olan, daha çox şagirdin təhsil aldığı (yağlı tikə sayılan- M.Q) çox tanınmış məktəb və litseylərin şagirdlərini məcbur edirlər ki, məktəbli formalarını məhz onları dediyi, bəlli yerlərdən alsınlar. Belə yerlərdən biri də Türkiyə vətəndaşlarının işlətdiyi, “Təzə Bazar”a yaxın ərazidə olan “Ela” adlı satış mərkəzidir. Artıq ikinci ildir ki, bizi də məhz oradan forma almağa məcbur edirlər. Keyfiyyət aşağı, qiymətlər çox yuxarı olur.

Mən başa düşə bilmirəm, bəyəm, Azərbaycanda bu işi görə biləcək şirkət və ya iş adamı yoxdur ki, əcnəbi şirkət adı ilə bizə belə bahalı və keyfiyyətsiz mal soxuşdururlar? Dediyim yerdə növbə böyükdür, “iynə atsan yerə düşməz”. Bu o deməkdir ki, pul dövriyyəsi milyonlarla ölçülür. Həmin yerin müdiri türk vətəndaşı olan bığı bir kişidir. Onu keçən il də orada görmüşəm deyə, xarici görkəmini belə dəqiq təsvir etdim. Təsəvvür edin ki, bu qədər böyük maliyyə dövriyyəsi olan bir yer nağdsız ödənişlərdən açıq şəkildə yayınır və sanki bunun belə də olmalı olduğunu yeritmək istəyir.

Deyir ki, ödəniş terminalı işləmir. Bir az dirəşəndə isə bildirir ki, vəsaiti kartdan-karta köçür. Müdir olan bığlı kişi mənə də bunu təklif etdi. Mənim cavabım isə belə oldu:

-Türkiyə bizim qardaş ölkəmizdir, amma bu o demək deyil ki, sən burada həm milyon qazanmalısan, həm də qanunları pozmalısan. Sənin etdiyin bu əməli, hansısa bir azərbaycanlı iş adamı Türkiyədə etsə , doğru olaraq onun “dərisinə saman təpərlər”. Sizin ölkənin hüdudları çərçivəsində fəaliyyət göstərən bir neçə terror təşkilatı var. Məsələn, FETÖ, PKK və s. Türkiyə vətəndaşları sırasında bu təşkilatlara üz olanlar da az deyil. İndi mən nə bilim ki, sənin kartına köçürəcəyim məbləğ həmin təşkilatlardan birinin maliyyələşməsinə getmir? Niyə bu qanunsuzluğu edirsən?.. Təbiidir ki, belə sərt misalı adamı bir az ayıltmaq üçün çəkdim. Onun terrorçuluqla əlaqəli olduğunu iddia da edə bilmərəm.

Göstəriş verdi, dərhal piştaxtanın altından işlək vəziyyətdə olan ödəniş aparatını mənə uzatdılar və mən qanuni ödənişimi etdim.
Son vaxtlar buna bənzər “ödənişi kartdan-karta at” kimi hallara bizim vətəndaşların da sahibi olduğu iri biznes şəbəkələrində rast gəlinir. Tam qanunsuz və qanunvericiliklə böyük cəriməsi olan tələbdir. Ayıq olun…

Məhəmmədəli Qəribli,
AZİNFORUM.AZ
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz