Naxçıvanın yeni hakimiyyətinin yürütdüyü siyasətin bölgə insanında hansı təsəvvürlər yaratdığını hörmətli canişin əfəndinin nəzər-diqqətinə çatdırmaq üçün bir qahablıdan aldığım məlumatı olduğu kimi yayımlamışdım. Ümid edirdim ki, canişin əfəndi bu çılpaq həqiqətlərin ifadəsindən düzgün nəticələr çıxaracaq və öz ətrafına yenidən nəzər salacaq. Amma o mənə “xan”dan qalan trolları ilə cavab verdi. Bununla da öz siyasi “yetkinliyini” bir daha ortaya qoymuş oldu.
Bəri başdan deyim ki, canişin əfəndinin yürütdüyü siyasətin Naxçıvanda çox sayda insanın Vasif Talıbovun atasına rəhmət oxumasına yol açması məni ondan daha çox narahat edir. Ən azı o səbəbdən ki, həmin insanlar sözlərini canişin əfəndiyə çatdıra bilmədiklərindən mənə zəng edib rəhmətlərini də mənim üzümə oxuyurlar. Bununla da sanki Naxçıvanda yaşanan problemlərdən məni sorumlu tuturlar. Halbuki, dəfələrlə təkrar etdiyim kimi, Naxçıvandakı dəyişikliklərdə mənim xidmətim digər jurnalist dostlarımla bərabər bişirilən xörəkdə bir damcı duz qədərdir. Bu dəyişikliklər ilk növbədə regionumuzda gedən geosiyasi proseslərdən irəli gəlirdi və Prezident İlham Əliyev Vasif Talıbovla qarşıda dayanan çağırışlara cavab verməyin mümkünsüzlüyünü anladığından onun daha ağıllı, Qərb və Türkiyə təhsilli adamla əvəz olunmasına qərar verdi. Odur ki, Vasifin atasına rəhmət oxuyanlar buyursun, ya bəyənmədikləri dəyişikliyin əsl sorumlusu kimi Prezident Administrasiyası binasının, ya da Ali Məclisin qarşısına toplansın və hamısı bir ağızdan “Allah Vasif Talıbovun atasına rəhmət eləsin” deyərək etiraz aksiyası keçirsin. Bəlkə bu yolla Naxçıvan əhlinin ahu-naləsi öz ünvanına çatar.
O başqa məsələdir ki, Vasif "xan"ın əzizlərinə rəhmət oxuyanlar da haqlı deyillər. Hər halda Naxçıvandakı mövcud vəziyyət “xan” rejimində olduğundan daha dəhşətli deyil və bunu mən də qəbul edirəm. Bununla belə, etiraf etməliyik ki, sözügedən reallıq heç də bəzilərinin düşündüyü kimi canişin əfəndinin xidməti sayəsində ərsəyə gəlməyib. Onun əlində zərrə qədər imkan olsaydı, bəlkə də Vasif Talıbovdan daha betər rejim yaradardı. Hər halda son 7-8 ayda Naxçıvanda həyata keçirilən siyasətlər bu cür düşünməyə əsas verir.
Amma Azərbaycan hakimiyyəti Naxçıvanda ikinci “xan” təhlükəsinin ortaya çıxmasının qarşısını almaq üçün MR-də fəaliyyət göstərən güc strukturlarını onun tabeçiliyə vermədi və birbaşa paytaxta bağladı. Güc strukturlarının önəmli vəzifələrinə bütün təyinatlar da birbaşa paytaxtdan edildi. Beləcə, canişin əfəndinin Naxçıvanı tamamilə özününküləşdirmək imkanı qalmadı. Və hesab edirəm ki, həmin güc strukturları canişin əfəndiyə öz cızığından çıxmadığı müddətcə tabe olacaqlar. Səlahiyyət cızığına yaxınlaşan kimi, ona aid olduğu yerə göstərəcəklər. Və artıq gözü ayağının altına görməyən bu adam kosmik qara dəliyin cazibəsinə yaxalanmış ulduz kimi böyük sürətlə həmin sərhədə yaxınlaşır (Görünür, “ulduz xəstəliyi” buna deyirlər). Onu yoxoluşa aparan “qara dəlik” isə öz qonşu kəndliləri olan keşmiş “xan” əyanlarıdır.
Odur ki, kimsə “Vasif Talıbovun vaxtında Naxçıvan kölə kimi yaşayırdı, canişin əfəndi gəldi, vəziyyəti düzəltdi” deyib, ağanın uğurunu canişinin ayağına yazmasın. Canişinin gücü “xan”ın tör-töküntülərini başına yığıb, bir gün Qahabda, o biri gün Cəhridə toplantı keçirməyə və sakinlərin şikayətini dinləməyə çatır ki, o da bunu çox səbatsız şəkildə yerinə yetirir və istər-istəməz bölgə insanlarının təsəvvüründə özü barədə yerlibaz imici formalaşdırır. Nə yazıq ki, Naxçıvanın inkişafı üçün ayrılan dövlət vəsaitlərini belə, yalnız öz yaxın bildiyi bölgələrə yönləndirməsi də bu təsəvvürləri möhkəmləndirir. Bununla da əslində özü böyük həvəslə “qara dəliyin” cazibə mərkəzinə can atır.
Səmimi deyim, məni ən çox narahat edən də budur. Qorxuram ki, canişinin özü barədə bilərək, ya bilməyərək yaratdığı təsəvvürün ictimai rəydə formalaşdırdığı qənaət Bakının da səbr kasasını daşırsın və ona məşhur rəvayətdə deyildiyi kimi, “üç məktub” yazmaq tövsiyə olunsun.
P.S. Hörmətli canişin əfəndi, “xan”dan qalma trollarınız ya onlara nəzarət edə bilməməyinizdən, ya da sizin əmrinizə uyğun olaraq, mənim iddialarıma cavab yazırlar. Xətircəm ola bilərsiniz ki, onların “çürük” arqumentlərinin hamısına mənim də cavabım olacaq. Sadəcə, indi beynimin qızğın vaxtı onlara cavab vermək istəmirəm. Niyyətim vəziyyəti daha mürəkkəbləşdirmək deyil və soyuq ağılla polemikaları davam etdirmək istəyirəm. Əgər mürəkkəbləşmə baş verəcəksə, ilk addımı atan siz olun. Ümid edirəm ki, sələfinizin siyasi səhvindən nəticə çıxaracaq və öz trol dəstənizə tərbiyə həddini keçməməyi tapşıracaqsınız.
DİA.AZ