30 ilə yaxın Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Vasif Talıbov Naxçıvanda analoqu olmayan korrupsiya, mənimsəmə mexanizmi yaradıb, hər il yüz milyonlarla manat dövlət vəsaiti mənimsənilib. Dövlət Təhlükəsizliyi Xidmətinin ötən il Naxçıvanda keçirdiyi əməliyyatlardan sonra ciddi faktlar ortaya çıxarılıb. Bu əməliyyatların nəticəsində Naxçıvanın ləğv edilmiş Dövlət Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərov, muxtar respublikanın maliyyə naziri Rafael Əliyev və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib. Bu şəxslərin 500 milyon manata yaxın vəsaiti mənimsədiyi açıqlanıb. Əlbəttə ki, bu qədər vəsaiti həbs edilən adamların tək mənimsəməsini düşünmək sadəlövhlük olar.
Araşdırmalar dərinləşdirildikcə, daha ciddi faktlar, böyük məbləğlər ortaya çıxır. Reallıq budur ki, uzun illərdir, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yaxın ətrafına məxsus şirkətlər həm vergidən yayınıblar, həm də bu şirkətlərin Naxçıvana idxal etdiyi məhsullardan gömrük rüsumu alınmayıb. Bundan başqa, Naxçıvana ayrılan dotasiyadan tikinti-quruculuq işləri üçün nəzərdə tutulan vəsaitlər də mənimsənilib. Büdcədən oğurlanan, qeyri-leqal yollarla əldə edilən vəsaitlər hesabına Vasif Talıbovun övladları böyük şirkətlər yaradıb, bahalı əmlaklara sahib olublar. Son vaxtlar mediada Vasif Talıbovun ailəsinə məxsus dünyanın müxtəlif ölkələrindəki şirkətlər, əmlaklar, otellər, restoranlar barədə məlumatlar verilir. Demək olar ki, hər gün yeni bir fakt ortaya çıxır.
TNS-ə özəl mənbələrdən daxil olan məlumata görə, Vasif Talıbovun böyük oğlu Rza Talıbovun Bakı şəhərindəki pay sahibi olduğu şirkətlərdən biri də "Cagteks"dir.
Şirkətin rəsmi internet saytında verilən məlumata görə, gəlinlik və ziyafət paltarlarının kirayəsi və satışı ilə məşğul olan "Cagteks" salonu 1997-ci ildə fəaliyyətə başlayıb. "Cagteks" dünya brendlərini bir arada toplayıb respublıkamızda öz sözünü demiş yeganə brenddir. "Cagteks"in mağazalarında ABŞ və Avropa ölkələrindən gətirilən çox bahalı gəlinlik paltarları satılır.
Məlumata görə, Rza Talıbov bu biznes sahəsinə 2007-ci ildən sərmayə qoymağa başlayıb. İddia olunur ki, oğul Talıbov indiyədək "Cagteks"in böyüməsi, brendə çevrilməsi üçün 2 milyon dollardan çox vəsait xərcləyib.
Amia.az