"Yadınızdadırsa, bir müddət əvvəl Azərbaycan xalq artisti Həsən Ağasoyun evi ilə Naxçıvan Ali Məclisinin sədr müavini Azər Zeynalovun imarətinin şəkilini paylaşmış və oxucularımı bu qeyri-bərabərliyi müzakirəyə çağırmışdım". Millitv.az bildirir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz açıqlama verib.
H.Oğuz daha sonra bildirir: "Jurnalist dostlarımdan biri isə həmin binanın tələbə yataqxanası olduğunu, hətta binanın 1-ci mərtəbəsində balıq yediyini bildirərək xalq artisini yalanlamışdı. Doğrusu, bu ziddiyyətli məlumatlar mənə müəmmalı gəldiyindən həmin paylaşımı silmişdim.
İndisə "Qara pişik"dən aldığım məlumata görə, həmin bina həqiqətən Naxçıvanda Azər Zeynalovun evi kimi tanınır. Bu cür tanınması da təsadüfi deyil. İddiaya görə, Azər Zeynalov o binanı şəxsi yaşayış yeri kimi tikib. Amma o dövrdə Naxçıvan MR Baş naziri işləyən Əlövsət Baxşıyevin "xan"a şikayəti nəticəsində bu malikanəyə köçə bilməyib.
Məsələ burasındadır ki, Əlovsət Baxşıyevin evi həmin malikanənin qarşısındadır. Malikanə ilə müqayisədə xeyli mütəvazi görünən bu evin hər tərəfi Azər Zeynalovun ovcunun içində olacağından Əlövsət müəllim bununla razılaşmayıb və "xan"a şikayətə gedib. "Xan" da onun iradını haqlı görüb və Azər Zeynalova malikanədən obyekt kimi istifadə etməyi, onun qarşısında isə Əlövsət Baxşıyevin evi ölçüsündə ev tikməyi tapşılır. Beləcə, malikanənin yuxarı mərtəbələri pullu tələbə yataqxanasına, 1-ci mərtəbəsi isə yeməkxana və dəlləkxanaya çevrilir.
Malikanədən tələbə yataqxanasına çevrilən bu obyekt hazırda da Azər Zeynalovun mülküiyyətindədir və Naxçıvanda oranı keçmiş adı ilə - Azər Zeynalovun evi kimi tanıyırlar.
Ayda 2 min manat maaş alan və qanunən bizneslə məşğuliyyəti qadağan olunan Azər Zeynalovun mülkiyyəti bununla da bitmir. Bu malikanə-yataqxana onun ümumi mülkiyyəti içərisində dəvədə qulaqdır. Şənbə günü Kanal 13-də verilişimizin bir qismini Azər Zeynalovun mülkiyyətini qurdalamağa həsr edəcəyik. Azər müəllimə də tövsiyəmiz var: yalandan bizi başqa istiqamətlərə yönləndirməsin. Həqiqətlər ortaya çıxanda onun ağrısı daha betər olar".