7 iyul 2023-cü ildə Lənkəran Regional Perinatal Mərkəzində daha bir ana ölümü baş verib.
Bu barədə Kərimova Könül Fərhad qızının “AzPolitika.info”-ya ünvanladığı şikayət məktubunda bildirilir.
Şikayətçinin sözlərinə görə, ötən il fəaliyyətə başlayan xəstəxanada artıq 3-cü ölüm faktı qeydə alınıb: “Lənkəran Regional Perinatal Mərkəzi 2022-ci ilin yanvar ayından fəaliyətə başlayıb. Bu qısa müddət ərzində artıq 3-cü ana ölümünün baş verməsi bu müəssisədə işin təşkilində ciddi nöqsanların olmasını göstərir. Belə ki, bundan əvvəl 15 avqust 2022-ci il tarixdə Astara rayon, Rudəkənar kənd sakini Əhədli Elmira Elşən qızı, 8 aprel 2023-cü il tarixdə isə Lənkəran rayonunun Ləj kənd sakini Gülnar Xanhüseyn qızı Fərzəliyeva qeysəriyyə əməliyyatından sonra dünyalarını dəyişiblər”.
“Bütün bu əməliyyatlar xəstəxanın şöbə müdiri cərrah Quliyev Məsləhət tərəfindən aparılıb. Yəqin ki, işlər belə getsə, bu müəssisədə hələ çox ana ölümləri ilə üzləşəcəyik”,-deyə şikayət məktubunda bildirilir.
Qeyd olunanlarla bağlı Lənkəran Regional Perinatal Mərkəzin də mövqeyini işıqlandırmağa hazırıq.
“AzPolitika.info”