Azərbaycanda pərakəndə və topdan satılan şəkər tozunun qiymətində artım müşahidə edilir. Pərakəndə satılan şəkər tozunun bir kiloqramının qiymətində 10-20 qəpik, topdan satılan şəkər tozunun (50 kiloqramlıq) qiymətində isə 3-4 manat artım olduğu bildirilir. Bundan başqa, marketlərdə şəkər tozunun məhdud sayda satılması barədə xəbərlər dolaşır.
Ümumilikdə, şəkər qıtlığı yalnız Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə edilir. “Reuters” agentliyi “Green Pool” analitik agentliyinə istinadən yazır ki, bu il şəkər istehsalında 1.01 milyon ton həcmində kəsirin qeydə alınacağı gözlənilir.
Məlumat üçün bildirək ki, 2023-cü ilin ilk 6 ayında Azərbaycana 103 milyon dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edilib.
Ölkədə şəkər qıtlığının səbəbi nədir? Gündəlik tələbat malları içərisində önəmli yer tutan şəkərin qiymətində daha çox artım ola bilərmi?
Mövzu ilə bağlı Modern.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli şəkər tozu qıtlığının yaranma səbəblərini belə izah edib:
“Mövsümlə əlaqədar olaraq şəkər tozuna tələbat artıb. Yəni insanlar kompot və ya mürəbbə bişirirlər. Qış üçün şəkərlə tədarük olunan məhsulların artmasına görə tələbat da çoxalır. Bunun nəticəsində əvvəlki qayda ilə tədarük olunan şəkər tozunun qıtlığı yaranır, bu isə öz növbəsində qiymətin artmasına səbəb olur”.