Son günlər ölkədə bəzi məhsulların qiymətində kəskin artım olduğuna dair müzakirələr aparılır. Marketlərdə şəkər tozu qıtlığı yaranıb . Həmçinin qiyməti də qalxıb. Şəkər tozunun 1 kiloqramı 1 manat 40 qəpiyə satılır.Bir müddət əvvələ kimi kiloqramı 50-55 qəpik olan soğan hazırda marketlərdə 1 manatdan baha bazarlanır. Həmçinin kartofun qiymətlərində də artım müşahidə edilir."Əl yandıran" ərzaq məhsullarının bahalaşmasının qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
Millitv.az-ın məlumatına görə, iqtisadçı-alim Nazim Bəydəmirli "Sherg.az"a bildirib ki, qiymətləri stabilləşdirmək üçün gərək bazar iqtisadiyyatının dəyərləri öz yerinə otursun:
"Çox ciddi şəkildə bahalaşma davam edir. Müxtəlif bəhanələr mövcuddur. Dünya bazarında qiymətlər 3-5 faiz bahalaşırsa, bizdə 20-30 faiz yüksəlir. Hökumət büdcədən asılı şəxslərin maaşlarına ilin inflyasiya dərəcəsinə uyğun əlavələr etməlidir. Qonşu ölkələrin təcrübəsindən də görürük. Azərbaycan təcrübəsində olsa da, inflyasiyanı, hökumət qiymət artımı statistikasını çox aşağı göstərir. Ötən il 6 faiz idi. İstehsalçıların 30, 50, 100 faiz bahalaşdırdığı məhsullar var. Bitki yağları, meyvələr, tərəvəzlər, ət məhsulları hamısı bahalaşır. Ən az qiymət artımı 15-20 faizdir".
Ekspertin sözlərinə əsasən, qanun tələb etdiyinə görə, hökumət pensiya alanların sığorta hissəsinə əlavələr gerçəkləşdirir:
"Azərbaycanda bütün ailələr dövlət büdcəsindən maaş almırlar. Bir qisim insan özəl sektorda aşağı maaşa çalışır. Məhsulların bahalığını hiss etməmək üçün hökumət insanların daha çox pul qazanmasına şərait yaratmalıdır. Artıq pul qazanmaq monopoliya, inhisarçılıq olmayan, həmçinin iqtisadi cəhətdən azad ölkədə baş verir, bizdə heç biri yoxdur. Digər tərəfdən rüşvət, korrupsiya, əhalinin gəlirlərinin əhəmiyyətli hissəsini “yeyir”. Uşaqlı ailələr repetitorlara pul xərcləyir”.