Axtarış...

Bəzi məmurlara toxunmaq mümkün deyil - DEPUTAT

Bəzi məmurlara toxunmaq mümkün deyil - DEPUTAT


Ötən gün Prezident İlham Əliyev dövlət rəsmilərinin iştirakı ilə keçirilən müşavirədə Gədəbəydə baş verən son hadisələrdən danışıb. Dövlət başçısı vətəndaşların etirazına haqq qazandırıb, hadisənin araşdırılması və ictimaiyyətə müfəssəl məlumatın çatdırılması üçün dövlət qurumlarına bir həftə vaxt verib.

"Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil. Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir", - deyə Prezident çıxışında vurğulayıb.

Prezidentin məlum çıxışından sonra səhlənkarlığa yol verən məmurların cəzalandırılması məsələsi müzakirə predmetinə çevrilib.

Mövzu ilə bağlı Modern.az-a danışan deputat Fazil Mustafanın fikrincə, istər xarici, istərsə də yerli şirkətlər olsun, zəhərli maddəni gölə buraxırlarsa və buna görə vətəndaş xəstəlik tapırsa, vətəndaşlar haqlı olaraq etiraz səsini qaldırmalıdır.

“Söyüdlü hadisələri ilə müzakirələr genişləndikcə, digər sahələrə də diqqət ayırmağın zərurəti ortaya çıxır. Prezident dünən çıxışı zamanı narazılığını ifadə etdi. Ölkə başçısının sakinlərin etirazlarının haqlı səbəblərini qeyd etməsi olduqca vacibdir. İstər xarici, istərsə də öz şirkətlərimiz olsun, zəhərli maddəni gölə buraxırsa və bundan da vətəndaş xəstəlik tapırsa, onda təbii ki, vətəndaş etiraz səsini qaldırmalıdır. Prezident İlham Əliyev polisə qarşı edilən hərəkətlərin qanunsuz olduğunu vurğulamaqla göstərir ki, hər şey qanun çərçivəsində olmalıdır. Yəni haqlı olan insanın belə Azərbaycan polisinə daş atmaq hüququ yoxdur. Təbii ki, bir-iki polisin atdığı addımlar araşdırılır, buna da münasibət bildirildi. Vətəndaşa qarşı atılan addımlara münasibətin ortaya qoyulması ədalət prinsipi baxımından zəruri idi”, - deyə parlamentari bildirib.

F.Mustafa vurğulayıb ki, Azərbaycanda bəzi imtiyazlı məmurlara toxunmaq mümkün deyil.

O fikirlərini belə əsaslandırıb: “Bütövlükdə bu prosesi daha çox vətəndaşın sağlamlığı, rifahı nöqteyi-nəzərdən həll etməyə çalışmalıyıq. Prezidentin söylədiyi də budur. Söyüdlü hadisələri həm də məmur biganəliyinin səbəblərindən biridir. Təkcə bu sahədə deyil, ayrı-ayrı sahələrdə də belə hal baş verib. Bəzi imtiyazlı məmurlar var ki, onlara toxunmaq mümkün deyil. Ona görə də bir çox hallarda heç nazirliyin də onlara gücü çatmır. Adi bir ekspert rəyini, sənədi belə ortaya qoymurlar. Xəzər dənizinin çirkləndirilməsi də eyni problemdir, hətta daha ağırdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sənədlərin harada olduğunu açıqlasın. Bütün bu məsələlər ciddi şəkildə müzakirə olunmalıdır. Məhz ölkə başçısı hadisələrin şəxsən onun özünə məruzə edilməsini tələb edir. Hesab edirəm ki, ortada ciddi nöqsanlar var və bunları ortadan qaldırmaq üçün addımların atılması vacibdir”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz