Axtarış...

Babəkin icra başçısı da narazılıq yaradır - GİLEY



“Babək rayonunun icra başçısı Rasim Hüseynov rayonda idmanın inkişafına ehtiyac görmür”.

Bunu Nehrəm kəndinin sakini İbrahimov Sabir İsmayıl oğlu Ovqat.com-a şikayətində iddia edib.

Təcrübəli güləş müəllimi olan Sabir bəyin dediyinə görə, bu yaxınlarda böyüyüb boya-başa çatdığı Nehrəm kəndində idman klubu açmaq istəyib. Məqsədi heç bir təmənna güdmədən kənd yeniyetmələrinin sağlam böyüməsinə kömək etmək olub. Bu məqsədlə də rayonun idman komitəsinin sədri ilə görüşüb. Onun razılığını alandan sonra böyük ümidlə rayonun icra başçısının yanına gedib. Rasim Hüseynovla qısa söhbəti isə onun bütün ümidlərini puç edib: “İcra başçısı mənə dedi ki, Nehrəmdə və ümumiyyətlə Babək rayonunda idman klubu açmağa ehtiyac yoxdur. Yeniyetmələr və uşaqlar məktəbdə idman dərsi keçirlər. Bu, onların sağlam böyüməsi üçün kifayətdir”.

Məktəbdə idman dərslərinin necə keçirildiyini hər kəsin yaxşı bildiyini deyən həmsöhbətimizin fikrincə, icra başçısının bu hərəkəti heç cür başadüşülən deyil, Nehrəm gəncliyinin fiziki və mənəvi aşınmasına xidmət edir: “Məşhur bir söz var: “Sağlam bədəndə sağlam ruh olar”. Artıq hər kəsə bəllidir ki, idman yeniyetmələri sağlam və güclü saxlamaqla qalmır, həm də onların pis vərdişlərə meyllənməsinin qarşısını alır. Üstəlik, Azərbaycanda idmanın inkişafı ölkə başçımızın prioritetlərindəndir. Ölkədə idmanın, xüsusilə güləş növünün inkişafı üçün dövlətimiz xeyli xərc çəkir. Demək olar ki, hər rayonda Olimpiya kompleksləri tikilir, xaricdən yaxşı idmançılar gətirilib yığma komandalarımıza salınır və onların təcrübəsindən faydalanılır. Əgər yeniyetmə və uşaqların idmanla məşğuliyyəti yalnız məktəblərdə sözdə keçirilən dərslə məhdudlaşsaydı, bu qədər xərcə, əziyyətə nə ehtiyac vardı? Uşaqlarımız dərsdən əlavə idmanla məşğul olmasalar, yarışlarda da heç bir nəticə əldə edə bilməzlər. Çünki idman ciddi məşq tələb edir və idmançılar orta təhsil məktəblərində deyil, klublarda yetişirlər. Belə çıxır ki, Babək rayonunun icra başçısı dövlətin idman siyasətinin qarşısını almaq üçün o posta əyləşib və milli komandalarımızın öz yerli idamnçılarımızdan təşəkkül tapmasını istəmir”.

Qeyd edək ki, Sahib İbrahimov əvvəllər Nehrəmdə güləş məşğələsi aparıb. 1994-cü ildən 2006-cı ilə qədər onun yetişdirdiyi idmançılar istər Muxtar Respublikada, istər ümumrespublikada, istərsə də xarici ölkələrdə keçirilən yarışlarda ciddi nailiyyətlər qazanıblar. Xüsusilə İranın Mazandaran və Türkiyənin müxtəlif şəhərlərindəki yarışlardan Nehrəmə xeyli sayda medallar, mükafatlar gətiriblər.

Daha sonra Sahib İbrahimov siyasi düşüncəsinə görə təqib edilərək Nehrəmdən uzaqlaşdırılıb. 2006-cı ildən Bakıda yaşayan məşqçi son zamanlar siyasi abu-havanın yumşaldığını zənn edərək, doğma kəndinə qayıdıb. Məqsədi əvvəlki işini yenidən qurmaq və gənc nəslin böyüməsinə öz töhfəsini verməkdir.

Görünür, Babək icra başçısı da ona niyyətinə görə yox, köhnə siyasi baxışlarına görə qiymət verərək, idman məşğələsi aparmasını uyğun görməyib.

Ovqat.com
Text-to-Speech

DİNLƏ






Şərh yaz