Axtarış...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Şəhid qızının müraciəti

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Şəhid qızının müraciəti

Laçın rayonundan keçmiş məcburi köçkün, Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşayan Abbasova Laləzar Əhliman qızı tərəfindən

XAHİŞNAMƏ

Möhtərəm Prezident!

Bilirik ki, düşmən üzərində Qələbə ilə nəticələnən və torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşan Vətən müharibəsi Azərbaycan igidlərinin daha əvvəl göstərdikləri rəşadəti kölgədə qoymamışdır. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsinin şəhidlərinin ailələrinin, qazilərinin, veteranlarının sosial müdafiəsində ayrı-seçkiliyə yol verilməməsini xüsusi nəzarətə götürmüsünüz. Əgər belə hallar müşahidə olunursa da, bu, artıq dövlətin deyil, ayrı-ayrı məmurların qüsurudur.

Məlum edirəm ki, 1992-ci il mayın 18-də Şuşa ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmənin Laçını işğal etməsindən ciddi zərbə alan ailələrdən biri də mənim mənsub olduğum ailə olmuşdur. 1992-ci ildə düşmənlərimiz bizim rayonu işğala başlayan zaman mənim atam Əsgərov Əhliman Əvəz oğlu iki qızı Həcər və mən (Laləzar), bir də oğlu Vəkil doğma Dambulaq kəndini tərk etməmişdik. Bütün Laçın camaatı rayondan çıxsa da belə, atam kəndi tərk etməməyə qərar vermişdi, demişdi ölsəm də, qalsam da bu kənddən heç hara getməyəcəm. Bir balaca kənddən dağlara, Kəlbəcərə tərəf çəkilmişdi. Sonra bizim Laçının kəndlərinə Kəlbəcər ərazisindən hərbçilərimiz daxil oldu, xeyli kəndlərimizi işğaldan azad elədilər. Atam övladları ilə birgə yenə kənddə yaşayırdı. Əfsus, bu vəziyyət uzun sürmədi. Kəlbəcər tərəfdən blokadaya düşəndən sonra hərbçilərimiz geri çəkilməyə məcbur oldular. Atam Kəlbəcər ərazisinə gələndə hələ bilmirdi ki, orada da erməni yaraqlıları var. Yolda Qalaboyunlu kəndində erməni faşisti ilə qarşılaşdıq. Silahlı düşmən bizi silahsız görüb girov götürdü. Təxminən bir neçə yüz metr yolu qət edəndən sonra atam fürsət tapıb ayağının üstündə fırlandı, erməninin qollarından yapışıb sıxdı, avtomat yerə düşdü. Həmin erməni ilə orda əlbəyaxa döyüşəndən sonra tərksilah etdiyi düşməni elə onun öz avtomatı ilə öldürdü.

Sonra ordan geri – Laçın tərəfə üz tutduq, amma gördük ki, artıq yollar bağlıdı. Orada bizim yeddi nəfər hərbçimizlə rastlaşdıq. Laçın tərəfdən mühasirədən qaçan bu cavan hərbçilər yolu-rizi tanımırdılar. Atam onlara bələdçilik etdi, yoxsa onlar da tuneldə düşmənin mühasirəsinə düşəcəkdilər. Başqa yol seçərək Başlıbel ərazisindəki böyük kahalara doğru getdik. Burda 30-40 nəfər Kəlbəcər sakini daldalanmışdı. Biz də onlara qatıldıq. Bir neçə həftə kahalarda qalandan sonra erməni yaraqlıları bizim yerimizi müəyyənləşdirdilər.

Qeyri-bərabər döyüş oldu. Bizimkilərdən xeyli insan girov düşdü, yaralandı, on iki nəfər öldürüldü. Düşmən də xeyli itki verdi.

Ertəsi gün səhəri atam çıxıb kəşfiyyat aparanda onu da pulemyotla vurdular, şəhid düşdü. Düşmən girovları çıxarıb qayanın başına yığarkən mən özümü qayadan uçuruma atdım, fikirləşdim ki, erməni əlinə keçməkdənsə intihar yaxşıdır. Lakin tale elə gətirdi ki, sağ qaldım. Biz və sağ qalan digərləri daha 4 ay dağlarda keçirməli olduq.

Nəhayət, Daşkəsən yolu ilə gəldik Tərtər rayonuna. Qohum evində bir neçə gün qalandan sonra Ağcabədiyə – əmimgilə gəlib yetişdik.

Keçirdiyimiz dəhşətli sarsıntılar, iztirablar bizim səhhətimizə təsirsiz ötüşməmişdir. Bacım Həcər uzun sürən məşəqqətlərdən, ağrı-acıdan dünyasını erkən dəyişmişdir. Qardaşım Vəkil o vaxt başımıza gələn hadisədən keçirdiyi qorxu hissindən anlaqsız vəziyyətə düşüb, ailə belə qurmaq iqtidarında olmamışdır. Mən də səhhətimdən şikayətliyəm. Əmək qabiliyyətim qismən olsa da, hazırda işsizəm. Təəssüf ki, Dambulaq kəndinin yeganə şəhidi olan rəhmətlik Əhliman Əsgərovun nə ailəsinin, nə də ailə üzvlərinin məşğuliyyətlərini təmin etmək üçün aidiyyəti qurumlara müraciətlərimizə həssas yanaşılmır. Bu laqeyd münasibət bizim hamımızı çox məyus edir.

Bütövlükdə dövlətimizin şəhid ailələrinə, qazilərə qayğılı münasibətinə söz ola bilməz. Xüsusən Vətən müharibəsi şəhidləri, qaziləri diqqət və qayğı ilə əhatələniblər. Lakin şəhidin, qazinin, əlbəttə ki, “köhnəsi-təzəsi” yoxdur.

Xatırladaq ki, atam şəhid Əhliman Əsgərovun cəsurluğu barədə “Başlıbel faciəsi” və “Qanlı kaha” kitablarında ətraflı bəhs olunub, AzTV-də dörd hissədən ibarət sənədli film nümayiş etdirilib. Təbii ki, belə bir şəhidin əzizlərinin diqqət və qayğıdan kənarda qalması ədalətsizlikdir.

Odur ki, şəhid qızı kimi öz adımdan və ailəmizin digər üzvləri adından xahiş edirəm, bu məsələni yüksək nəzarətinizə götürəsiniz və problemimizin müsbət həlli üçün aidiyyəti qurumlara göstəriş verəsiniz.

Qabaqcadan minnətdarlığımızı bildiririk.

İmza: Laləzar Abbasova (Şəhid Əhliman Əsgərovun qızı)

Dogrusoztv.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz