İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsinin şəhidlərinin ailələrinin sosial müdafiəsində ayrı-seçkiliyə yol verilməməlidir
Düşmən üzərində Qələbə ilə nəticələnən və torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşan Vətən müharibəsi Azərbaycan igidlərinin daha əvvəl göstərdikləri rəşadəti kölgədə qoymamalıdır. Nə şəhidin, nə də qazinin “köhnəsi-təzəsi” yoxdur. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsinin şəhidlərinin ailələrinin, qazilərinin, veteranlarının sosial müdafiəsində ayrı-seçkiliyə yol verilməməlidir. Əgər belə hallar müşahidə olunursa, bu, artıq dövlətin deyil, ayrı-ayrı məmurların qüsurudur.
1992-ci il mayın 18-də Şuşa ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmənin Laçını işğal etməsindən ciddi zərbə alan ailələrdən biri də mənim dayımın ailəsi olmuşdur. 1992-ci ildə düşmənlərimiz bizim rayonu işğala başlayan zaman mənim dayım (həm də qaynatam) Əsgərov Əhliman Əvəz oğlu iki qızı Həcər və Laləzar (mənim həyat yoldaşım), bir də oğlu Vəkil doğma Dambulaq kəndini tərk etməmişdilər. Bütün Laçın camaatı rayondan çıxsa da belə, dayım kəndi tərk etməməyə qərar vermişdi, demişdi ölsəm də, qalsam da bu kənddən heç hara getməyəcəm. Bir balaca kənddən dağlara, Kəlbəcərə tərəf çəkilmişdi. Sonra – şəxsən mən özüm də ordaydım, – bizim Laçının kəndlərinə Kəlbəcər ərazisindən hərbçilərimiz daxil oldu, xeyli kəndlərimizi işğaldan azad elədilər. Dayım övladları ilə birgə yenə kənddə yaşaıyrdı. Əfsus, bu vəziyyət uzun sürmədi. Kəlbəcər tərəfdən blokadaya düşəndən sonra hərbçilərimiz geri çəkilməyə məcbur oldular. Dayım Kəlbəcər ərazisinə gələndə hələ bilmirdi ki, orada da erməni yaraqlıları var. Yolda Qalaboyunlu kəndində erməni faşisti ilə qarşılaşırlar. Silahlı düşmən onları silahsız görüb girov götürür. Təxminən bir neçə yüz metr yolu qət edəndən sonra dayım fürsət tapıb ayağının üstündə fırlanır, erməninin qollarından yapışıb sıxır, avtomat yerə düşür. Həmin erməni ilə orda əlbəyaxa döyüşəndən sonra tərksilah etdiyi düşməni elə onun öz avtomatı ilə öldürür.
Sonra ordan geri – Laçın tərəfə üz tuturlar, amma görürlər ki, artıq yollar bağlıdı. Orada bizim yeddi nəfər hərbçimizlə rastlaşırlar. Laçın tərəfdən mühasirədən qaçan bu cavan hərbçilər yolu-rizi tanımırmışlar. Dayım onlara bələdçilik edir, yoxsa onlar da tuneldə düşmənin mühasirəsinə düşəcəkmişlər. Başqa yol seçərək Başlıbel ərazisindəki böyük kahalara doğru gedirlər. Burda 30-40 nəfər Kəlbəcər sakini daldalanıbmış. Dayımgil də onlara qatılırlar. Bir neçə həftə kahalarda qalandan sonra erməni yaraqlıları onların yerini müəyyənləşdirirlər.
Aralarında qeyri-bərabər döyüş olur. Bizimkilərdən xeyli insan girov düşür, yaralanır, on iki nəfər öldürülür. Düşmən də xeyli itki verir.
Ertəsi gün səhəri dayım çıxıb kəşfiyyat aparanda onu da pulemyotla vururlar, şəhid düşür. Dayımın qızı Əsgərova Laləzar (hazırda mənim soyadımı daşıyan həyat yoldaşım Abbasova Laləzar) girovları çıxarıb qayanın başına yığarkən özünü qayadan uçuruma atır, fikirləşir ki, erməni əlinə keçməkdənsə intihar yaxşıdır. Lakin tale elə gətirir ki, sağ qalır. Dayım uşaqları və sağ qalan digərləri daha 4 ay dağlarda keçirməli olurlar.
Nəhayət, Daşkəsən yolu ilə gəlirlər Tərtər rayonuna. Dayım uşaqları qohum evində bir neçə gün qalandan sonra Ağcabədiyə – əmilərigilə gəlib yetişirlər.
Keçirdikləri dəhşətli sarsıntılar, iztirablar dayımın övladlarının səhhətinə təsirsiz ötüşməmişdir. Həcər uzun sürən məşəqqətlərdən, ağrı-acıdan dünyasını erkən dəyişmişdir. Dayım oğlu Vəkil o vaxt başlarına gələn hadisədən keçirdiyi qorxu hissindən anlaqsız vəziyyətə düşüb, ailə belə qurmaq iqtidarında olmamışdır. Abbasova Laləzar xanım da səhhətindən şikayətlidir. Əmək qabiliyyəti qismən olsa da, hazırda işsizdir. Təəssüf ki, Dambulaq kəndinin yeganə şəhidi olan rəhmətlik Əhliman Əsgərovun nə ailəsinin, nə də ailə üzvlərinin məşğuliyyətlərini təmin etmək üçün aidiyyəti qurumlara müraciətlərinə həssas yanaşılmır. Bu laqeyd münasibət bizim hamımızı çox məyus edir.
Bütövlükdə dövlətimizin şəhid ailələrinə, qazilərə qayğılı münasibətinə söz ola bilməz. Xüsusən Vətən müharibəsi şəhidləri, qaziləri diqqət və qayğı ilə əhatələniblər. Lakin şəhidin, qazinin, əlbəttə ki, “köhnəsi-təzəsi” yoxdur.
Xatırladaq ki, şəhid Əhliman Əsgərovun cəsurluğu barədə “Başlıbel faciəsi” və “Qanlı kaha” kitablarında ətraflı bəhs olunub, AzTV-də dörd hissədən ibarət sənədli film nümayiş etdirilib. Deyin, belə bir şəhidin əzizlərinin diqqət və qayğıdan kənarda qalması nə dərəcədə ədalətlidir?