Axtarış...

Şahbuzda 42 ailə ÇƏTİN DURUMDA - GİLEY

Şahbuzda 42 ailə ÇƏTİN DURUMDA - GİLEY

Şahbuz rayon Mahmudoba kəndində 42 ailə bir aydan artıqdır ki, susuz qalıb. Buna səbəb onları həm içməli, həm suvarma, həm də məişətdə işlətdikləri su ilə təmin edən artezian quyusunun işləməməsidir. Həmin 42 ailə içməli suyu bəzən kilometrlərlə yol qət edərək, əllərində daşımalı olur. Kənd sakinlərinin „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, bununla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, nəticəsi olmayıb.

Kənd sakinlərindən Alməmməd Məmmədov deyir ki, üstəlik, işləməyən artezan üçün onlardan aylıq pul da tələb edirlər:

“Yayın istisində insanlara zülm edirlər. Quyunun motoru yanıb, düzəldən yoxdur. Sadə bir məısləyə görə bir aydan çoxdur ki, içməli suyu hər kəs ya vaxtı ilə özü üçün su çəkmiş qonşusundan, ya da müxtəlif çənlərlə uzaq məsafədən daşıyıb gətirməli olur. Dəfələrlə icra hakimiyyətinə müraciət etsək də əhəmiyyət verən olmayıb. Üstəlik, hər ay bizdən işləməyən artezian quyusundan „su işlətdiyimiz“ üçün pul da yığılır. Yerli icra nümayəndəliyi və bələdiyyə də problemə biganə yanaşırlar ”.

Digər kənd sakini Rizvan Talıbov isə bildirir ki, problem tez bir zamanda həll olunmazsa, yaxın vaxtlarda həyətlərdəki meyvə ağaclarının tamamilə qurumaq təhlükəsi var:

“Xoşbəxtlikdən bu il yağıntılı keçdi. Yağışlı hava şəraiti olmasaydı həyətlərdəki bütün meyvə ağacları quruyardı. Əziyyət olsa da içmək, məişətdə istifadə etmək üçün suyu əlimizdə daşıyırıq, lakin ağacları heç cürə suvara bilmirik. Əkinlərimiz də məhv olub gedir. Problemlə kimsə maraqlanmır. Yerli qurumlar isə ancaq pul yığmaqla məşğuldurlar. Bu gün, sabah düzələcək desələr də, bir aydan artıq vaxt keçir. 21-ci əsirdə bu cür sadə problemin aylarla həll olunmaması aidiyyəti qurumların insanların problemlərinə biganə olduğunun göstəricisidir. İstəsələr bir günə həll edə bilərlər. Sanki, insanlara əziyyət verməkdən zövq alırlar. Yaxın vaxtlarda problem həllini tamasa, əhalinin təsərrüfatına da ciddi ziyan dəyəcək. Meyvə ağacları da quruyacaq“.

Şahbuz rayon İcra Hakimiyyətindən kənd sakinlərinin şikayətinə münasibət bildirmək istəmədilər.

„Gündəlik Naxçıvan“
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz