Bu səfər BŞBDYPİ Qİİ (“Respublikanski Qai”) baş verən özbaşınalıqdan danışmaq istəyirəm. 2 gün bundan qabaq orda idim. Dostum maşın alıb və satan şəxs tələsdiyi üçün mənim adıma baş etibarnamə verib ki, dostumun adına keçirim.
Boksa daxil olan kimi belə bir sual verildi: “Özünüz keçirsiz yoxsa otaqda həll edəcəksiz?” Təbii ki, bizdə özümüz keçəcəyimizi söylədik. Onsuzda bütün sənədlər bir otağa gedir. Maşını müayinədən keçirtdik, ban, mühərrik nömrəsi yoxlanıldı, rəngi tutuşduruldu, ərizələr yazıldı. Hər zamankı kimi hər otaq 10 manatdan istəyirdi. Rüsumları banka ödədik. Qeyd edim ki, maşın 2014-cü ilin Mercedes E220 CDİ idi: texniki baxışı var idi + nömrədə maşının üstündə qalacaq idi.
Gəldik 9-cu otağa: Binəqədi, Nərimanov, Səbail, Qaradağ rayonlarına baxan. Sənədlərə baxıldı, qol çəkdik. Heçnə demədi. Sadəcə soruşdu ki:
- Nömrə qalır ya dəyişirsiniz?
Bizdə dedik ki, qalır.
- O zaman maşının mülkiyyətçisi gəlsin ərizə yazsın ki, etiraz etmirəm bu nömrələrin qalmasına.
Biz də dedik ki, bu qanunsuz tələbdir. Qeydiyyat zamanı, YHQ 29.3 maddəsinə əsasən nömrə saxlanılır. Qayıt bizə deki, xeyr. Bu maşının üzərində olan nömrə (…009) bahalı nömrədir və dövlətin mülkiyyətidir. Mülkiyyətçi gəlsin ərizə yazsın və icazə alsın ki, bu nömrəni bu maşında saxlamaq olar ya yox? Təbii ki, bu inspektor, Vüqar idi adı səhv etmirəmsə, ya qanunu bilmirdi ya da bilərəkdən süründürməçilik edirdi. Məncə hər ikisini edirdi.
Nə isə… Bir az dirəşəndən sonra dedi ki, bu nömrəni bu maşının üzərində saxlamaq mənim səlahiyyətimdə deyil.
Aha. Burda artıq hər şey aydın oldu. Mənim səlahiyyətimdə deyil nə deməkdir? Yəni mən heç kiməm. Mən sadəcə burda gələn gedənlərin damarına baxıb qan alıram. Və ya bahalı nömrənin hesabatı bir az ağır olduğu üçün bu yükün altına girmirəm. Yazılı imtina istəsəkdə, bizə qayıt deki, siz bizə yazılı müraciət edin, bizdə sizə yazılı cavab verək. Elə bil Dövlət müəssisəsi deyil, bir kukla teatrdı. Yazılı müraciət bunlar nəyə deyirlər görəsən. Gəlmişik də ərizə ilə. 3 dənə ərizə var əlimizdə. Bu nədir bəs? Yazılı müraciətdir də
Nə isə gördük bundan bir səs çıxmır. Qalxdıq rəis müavinini görək və şikayətimizi bildirək. Nədənsə o da yox idi yerində. Yada yerində, idi sadəcə vətəndaş qəbul etmək istəmirdi…
Bizi qəbul edən Aydın adlı orta yaş bir şəxs idi. Görünür onun köməkçisi imiş. Şikayət etdik. Dinlədi. Kiməsə zəng vurdu. Soruşdu. Ərizələri tikdi skrepka ilə və dedi:
- Mülkiyyətçi gəlsin ərizə yazsın… Biz göstərdik ki, bu qanunsuz tələbdir. Hətta öz işimizi sığortalamaq üçün, notariusda razılıq ərizəsidə yazdırmışdıq. Bu da keçmədi. Çünki nömrə (…009) bahalıdır axı…
Bu köməkçidə işimizi həll edə bilmədi. 902 qaynar xəttinə zəng vurduq. Allah bilir ora düşmək üçün nə qədər yığmışıq. Nəhayət ki, onlara da dərdimizi dedik. Təbii ki, onlarda bir işi həll edə bilmədilər. Gah dedilər ki, sizdə ərizə varsa etməlidirlər. Sonra dedilər ki, sizi Qİİ yönləndiririk. Ordan isə cavab çıxmadı…
Uzun sözün qısası… Keçdik yolun digər tərəfinə DİN BDYPİ-nin rəisi Polis General-mayoru cənab Ramiz Zeynalova şikayət yazdıq. DİN-ə, DTX-ə, Prokurorluğa, Baş Polis idarəsinə yazılı, online məktub yazdıq… Dindən mesaj gəldi ki, müraciətiniz qeydə alındı. Görək axırı nə olur.
Ümid edirik ki, bu qədər qanunsuzluğa, qanun pozuntusuna, qanuna zidd hərəkətlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polis İdarəsi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Baş Prokurorluğu göz yummaz və tez bir zamanda bu məsələnin həllində kömək olarlar…
PS. Polis orqanında belə şəxslərin olması həm utancverici bir haldır, həm də Polis adına birbaşa ləkədir… //ulutv.info//