Axtarış...

“Uşaq pulu” verilərsə: Nikah və əhali sayı da artar - GƏLİŞMƏ

“Uşaq pulu” verilərsə: Nikah və əhali sayı da artar - GƏLİŞMƏ

Asiya İnkişaf Bankı (AİB) 2050-ci ilə kimi Azərbaycan əhalisinin artım proqnozunu yaxşılaşdırıb.

AİB-in hesablamalarına görə, 2030-cü ildə Azərbaycan əhalisi 10,7 milyon nəfərə yüksələcək. Bu isə ötən ilki proqnozla müqayisədə 3,5% çoxdur. Asiya İnkişaf Bankı 2040-cı ildə Azərbaycan əhalisinin 11 milyon nəfərə kimi artacağını, 2050-ci ildə isə 10,9 milyon nəfərə enəcəyini proqnozlaşdırıb.

Bu isə Bankın ötənilki proqnozu ilə müqayisədə müvafiq olaraq 6,3% və 5,3% çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-fevral ayında əhalinin sayı 8228 nəfər və ya 0,1 faiz artaraq 2023-cü il mart ayının 1-i vəziyyətinə 10 milyon 135 min 373 nəfərə çatıb. Qeyd edək ki, ölkənin iqtisadi vəziyyətinin əhalinin artım tempinə təsirsiz ötüşmədiyi bildirilir. Bu baxımdan son illər Azərbaycanda "uşaqpulu"nun verilməsi ilə bağlı bir çox müzakirələr aparılsa da bu məsələ öz həllini tapmayıb.

Beləliklə, "uşaq pulu" kimi tanınan, uşağa görə sosial müavinətin ödənilməsi mexanizminin tətbiqi ölkədə əhalinin artımı ilə bağlı daha yüksək rəqəmlər proqnozlaşdırmağa imkan verrmi?

İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirdi ki, iqtisadi faktorlar demoqrafik vəziyyətə təsir göstərir və burada məsələyə iki aspektdən yanaşmaq lazımdır:

"Beynəlxalq təcrübəyə görə, rifah daha yüksək olduqca demoqrafik vəziyyət zəifləyir. Yəni təbii artım sürəti aşağı düşür. İnsanlar daha məsuliyyətli davranış nümayiş etdirir. Yaxud da bu müəyyən mənada hansısa faktordan qaynaqlanır. İnsanlar öz həyatına daha çox vaxt ayırmaq istəyir və digər səbəblər var. Rifah yüksəlsə də, inkişaf etmiş ölkələrin təcrübəsinə görə təbii artım sürəti aşağı düşür. Ancaq bizim kimi aşağı gəlirli ölkələrdə "uşaq pulu" da daxil olmaqla sosial siyasətin demoqrafik vəziyyətə təsiri var. Belə ki, əgər bizdə diferensial "uşaq pulu" mexanizmi tətbiq edilərsə, bunun ən azından təbii artım sürətinə müsbət təsir göstərəcəyi aydındır.

Çünki həm sorğular, həm də gəlirlərlə təbii artım sürəti arasındakı təhlillər, ölkə iqtisadiyyatının dinamikası ilə nikahlar arasında paralellik aparanda da görürük ki, burada bir karelyasiya var. Bu, pozitiv korelyasiyadır. Əgər gəlirlər artırsa, hansı mənbədən olmasına baxmayaraq, o zaman nikahların da sayı artır və təbii artım sürətinə də müsbət təsir göstərir. Gəlirlər azaldıqda isə əksinə proses baş verir. Bu baxımdan da Azərbaycanda "uşaq pulu" adı ilə tanınan, uşağa görə sosial müavinətin ödənilməsi mexanizminin yaradılması və rəmzi, mənasız mexanizmlər deyil, normal şəkildə olması ilə bağlı bizim dəfələrlə təkliflərimiz də olub.

Ailə büdcəsinə təsir göstərə biləcək, eyni zamanda növbəti uşağa daha çox "uşaq pulu"nun verilməsini nəzərdə tutan mexanizmlər təşviq edilərsə, bunun təbii artım sürətinə pozitiv təsiri olacağı mütləqdir. Ancaq nə qədər pozitiv təsiri olacağı başqa bir məsələdir”.

O bildirib ki, bununla bağlı böyük bir modelləşmənin aparılmasına ehtiyac var ki, məhz təbii artımda bu kimi sosial müavinətlərin təsiri neçə faiz olur.
Text-to-Speech

DİNLƏ






Şərh yaz